Yuxarı

Yol polisinin ölümə aparan "qaçdı-tutdu” oyunu

Yol polisinin ölümə aparan

Ərşad Hüseynov: "Sürücü dayanma göstərişinə tabe olmursa, onu yalnız iki halda təqib etmək olar”

Bu günlərdə Bakının girəcəyində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şahidlərinin dediyinə görə  Xırdalan-Bakı istiqamətində qeydə alınan qəzaya səbəb yol polisinin "Jiquli” VAZ-2106" markalı maşını qovması olub.  Olay nəticəsində 90-EH-176 dövlət nömrə nişanlı  VAZ-2106 markalı maşın tanınmaz hala düşüb, sürücü isə həlak olub. Həmin maşında bir nəfərin də ağır yaralandığı bildirilir. Bildirilir ki, qəzaya səbəb olan yol polisi "Hyundai Tucson"la sürücünü  təqib edib. Hadisə baş verəndən sonra isə oradan uzaqlaşıb.

Bəs sürücülərin, avtomobilin təqibi necə olmalıdır? Ümumiyyətlə, polis, DYP qayda pozmuş sürücünü, avtomobili təqib edə bilərmi? Bilərsə, hansı hallarda və hansı metodlarla?

Qeyd edək ki, Azərbaycanda polisin avtomobili, sürücünü təqib etməsi halları çox yaşanıb. Bütün bu kimi hallarda isə polis özünü haqlı sayaraq, məsələdən doğru tərəf kimi sıyrılıb. Bu dəfəki olayda da polis "06” markalı avtomobili təqib etmədiyini açıqlayıb. Bildirib ki, qəzanın məhz polisin avtomobili qovması nəticəsində baş verməsi həqiqətəuyğun deyil. Nəzərə almaq lazımdır ki, nəqliyyat vasitəsinin təqib edilməsi kifayət qədər təhlükəli bir hərəkətdir. Çünki həm təqib olunanların və təqib edənlərin, həm də kənar şəxslərin həyat və sağlamlığını, müxtəlif subyektlərə aid maddi dəyərləri risk altına alır. 

Yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov "Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycanda yol hərəkəti iştirakçılarının təhlükəsizliyə cavabdeh olan polis tərəfindən təqib edilməsi məsələsi həm "Yol Hərəkəti Haqqında”, həm də "Polis Haqqında” qanunla tənzimlənir:

"Bu məsələdə yol polisi təkzib etdi ki, onlar avtomobili qovmayıblar. Ümumiyyətlə, avtomobilin təqibi yalnız iki halda baş verə bilər. Əgər avtomobil yol hərəkət qaydasını pozubsa, sürücü sərxoşdursa, qəza şəraiti yaradırsa belə halda sürücüyə "saxla” əmri verilir. 

Əgər sürücü dayanma göstərişinə tabe olmursa, onu yalnız iki halda təqib etmək olar. Bu hallardan biri, sürücünün və avtomobildəki digər şəxs və ya şəxslərin hansısa cinayət törətməsi ilə bağlı məlumatın daxil olmasıdır. İkincisi isə "saxla” əmrinə tabe olmayan sürücünün və ya avtomobildəki digər şəxs və ya şəxslərin cinayət törətməyə hazırlaşması ilə bağlı informasiyanın mövcudluğu ilə bağlı və ya öz hərəkətləri ilə digər şəxslərin həyat və sağlamlığına təhlükə yarada biləcəyi ilə bağlı ola bilər. Yalnız bu iki halda yol polisi tərəfindən avtomobil təqib edilə edilə bilər.

Digər hallarda avtomobilə "saxla”əmrini verən polis əməkdaşı dərhal raport tərtib edir və eyni zamanda həmin istiqamətdə xidmətdə olan polis əməkdaşlarına radiorabitə vasitəsi ilə xəbər verir. Raportda əmri verən polis əməkdaşı avtomobili hansı səbəbdən saxlamasını qeyd edir və dərhal skaynerdən keçirərək sistemə yerləşdirir. Məlumat sistemə daxil olandan sonra istənilən yerdə yol polisi əməkdaşı üçün tabe olmayan avtomobili saxlamaq üçün əsas yaranır.  Saxlanıldıqdan sonra isə həmin avtomobili idarə edən şəxs barəsində müvafiq tədbirlər görülür. Həm yol hərəkəti qaydasının pozulması, həm də yol polisinin qanuni tələbinə tabe olmamaqla bağlı məsuliyyətə cəlb edilir. Hər hansı avtomobilin qırmızı işıqda keçməsi isə artıq cinayətin baş verəcəyinə əsas ola bilməz və buna görə yol polisinin sürücünü təqib etmək əsası yaranmır. Bütün bu fəaliyyətlər Yol Hərəkəti Haqqında Qanunun 85-ci, Polis Haqqında Qanunun 20-ci maddəsi ilə tənzimlənir”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları