Yuxarı

Azərbaycanın ən böyük problemi: Büdcə korrupsiyası

Azərbaycanın ən böyük problemi: Büdcə korrupsiyası

Natiq Cəfərli: "Büdcədən ayrılan vəsaitlər effektiv xərclənmir”

Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə sahəsində ciddi islahatların aparılması bu gün ölkənin böhrandan çıxması üçün əsas şərt hesab olunub.Bu istiqamətdə isə artıq addımlar atılmağa başlanılıb.Belə ki, 2017-ci ildə Azərbaycanda korrupsiya və rüşvətxorluqla mübarizə üzrə yeni Dövlət Proqramı qəbul ediləcək.Bu, Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.Tədbirlər Planına əsasən, 2017-2018-ci illərdə siyasi partiyaların maliyyələşməsində şəffaflığın artırılması, maliyyə hesabatlarında şəffaflığın artırılması üzrə fəaliyyət planının qəbul edilməsi nəzərdə tutulur.

Ehtimal olunur ki, korrupsiya ilə mübarizə effektli olarsa, növbəti mərhələdə hökumət sürətli şəkildə islahatlara gedəcək.İslahatlar isə ilk növbədə bir-birini təkrarlayan qurumları, büdcə təşkilatlarını və bir sıra icra orqanlarını əhatə edəcək.

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, ilk növbədə diqqət büdcə vəsaitlərinin düzgün xərclənməsinə yönləndirilməlidir:

"Əslində Azərbaycanda korrupsiyaya qarşı fəaliyyət göstərən kifayət qədər dövlət qurumları, prokurorluq və hüquq-mühafizə orqanları var. Ancaq mübarizənin effektliyi hələ ki, istənilən səviyyədə deyil. Ölkədə atılan addımlar göstərdi ki, təkcə inzibati qayda da qadağalar tətbiq etməklə, cinayət işi açmaqla bunun öhdəsindən gəlmək çətin olur. "ASAN Xidmət”in açılması sübut etdi ki, təşviq kampaniyaları ilə ən azından məişət korrupsiyasının qarşısını almaq mümkündür. Əhali ilə məmurların təmasını minimuma endirmək mümkündür.

Ona görə də yeni qəbul edilən konsepsiya da əgər məişət üzərində qurulacaqsa, bu ciddi effekt verməyəcək.Çünki Azərbaycanda mövcud problem büdcə korrupsiyasıdır.Büdcədən ayrılan vəsaitlər effektiv xərclənmir.Əgər yeni yaradılacaq qurum bu məsələnin üzərinə gedəcəksə, təbii ki, bu həm iqtisadi islahatlara, həm də ölkədəki ümumi duruma müsbət təsir göstərəcək.

Bu baxımdan əsas diqqət büdcə korrupsiyasına və ayrılan vəsaitlərin düzgün xərclənməsinə yönləndirilməlidir.Çünki əsas problem məhz budur.Elə qurumlar var ki, hüquq-mühafizə, məhkəmə və sairə digər bu kimi qurumların səlahiyyətlərini ASAN xidmətə vermək mümkün deyil.Bu istiqamətdə də ciddi işlərin aparılmasına ehtiyac var. Həm büdcə korrupsiyasında, həm də hüquq-mühafizə qurumları əsas hədəf götürüləcəksə və bununla bağlı konkret işlər görüləcəksə, bizə də yeni yaradılacaq quruma yalnız uğurlar arzulamaq qalır”.

Natiq Cəfərli hesab edir ki, iqtisadiyyatda uğur qazanmaq üçün əsas amil məhz islahatların aparılması və məhkəmələrin müstəqilliyinin təmin olunmasıdır:

"Əslində hansı adla islahatların aparılacağı önəmli deyil. Əsas məsələ islahatların gerçəkdən aparılması, ölkənin kiçik idarəetmə metoduna keçməsidir.Təbii ki, bu gün korrupsiyaya yol açan əsas səbəblərdən biri bir sahəyə bir neçə qurumun nəzarət etməsi və qərar vermək səlahiyyətinə malik olmasıdır.Ona görə də idarəetmənin təmərküzləşdirilməsi və oxşar qurumların birləşdirilməsi vacibdir.Bu mövcud durumda çox önəmli məsələdir.Məsələn, tikinti, ticarət sahələrinə nəzarət edən, qərar verən və effektliyi çox aşağı olan kifayət qədər dövlət qurumları var. Bu da korrupsiyaya yol açan əsas səbəblərdən biridir.

Bu baxımdan yeni yaradılacaq qurumun bir qolu da islahatlarla bağlı olarsa, bu daha çox effekt verəcək.Əgər yenə də idarəetməyə toxunulmadan ancaq iqtisadiyyatda müəyyən addımlar atılacaqsa, bunun heç bir müsbət nəticəsi olmayacaq.Necə ki, bu günə qədər heç bir ciddi effekt verməyib.Bu gün iqtisadiyyatda ciddi addımlar atılmaq istənilib, nəticə verəcək yol xəritələri qəbul olunub, ancaq bu proqramların həyata keçirilməsində ciddi problemlər yaşanır.Problemlərin yaşanmasında səbəb isə islahatların gecikməsi və məhkəmələrin müstəqilliyinin təmin edilməməsidir.Bu iki şərt iqtisadiyyatda irəli getmək üçün əsas amildir”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları