Yuxarı

İslahat dalğasının yeni "qurban”ları

İslahat dalğasının yeni

Prezident Administrasiyasında ciddi kadr dəyişiklikləri struktur islahatlarının davamı kimi qiymətləndirilir. Hesab edilir ki, iqtidarın islahat niyyəti ciddidir və proses davamlı olacaq. Maraqlıdır ki,  uzun zaman Administrasiyada yüksək post tutan bəzi məmurlar belə yeni formalaşan kabinetdən kənarda qaldı. Ekspertlər hesab edir ki, növbəti mərhələdə dəyişikliklərin hədəfi Nazirlər Kabineti, bir sıra nazirliklər və icra hakimiyyətləri olacaq.Referendumdan sonra vitse-prezidentlik institutunun yaradılması əslində növbəti mərhələlərdə ciddi kadr və struktur islahatlarının aparılmasını zəruri edir.Çünki idarəetmə yeni konstitusiyaya uyğunlaşdırılmalıdır. 

Bəs hədəfdə hansı məmurlardır? Əslində bu sualın konkret bir cavabı yoxdur. Çünki məlumdur ki, hər bir məmurun arxasında onu qoruyan bir "əl” dayanır. Lakin bu dəfə heç bir islahat komandasına uyğunlaşa bilməyən, köhnə idarəçilik metodlarından əl çəkə bilməyən güc həmin şəxləri qoruya bilməyəcək. "Vurulacaq” növbəti fiqurların Prezident Administrasiyasının yeni strukturunda yer almayan Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə və sabiq köməkçi  Tariyel Ağayevin kadrları olacağı deyilir.

Qeyd edək ki, hökumət rəsmiləri artıq ilin əvvəlindən ciddi islahatların baş verəcəyi anonsunu verirdilər. Bu müddət ərzində bir sıra iri məmurların vəzifəsini itirməsi, bəzi qurumların birləşdirilməsi ictimaiyyətin diqqətini cəlb edən əsas amillərdən oldu. Buna sübut olaraq Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsini göstərmək olar. Sərəncama qədər heç kim Nəqliyyat Nazirliyinin ləğv olunacağını gözləmirdi. Ancaq reallıq ondan ibarətdir ki, bu baş verdi. Digər tərəfdən idarəetmənin təmərküzləşməsinə ciddi ehtiyac var. Büdcə xərclərinin gəlirləri üstələməsi  bir sıra islahat addımlarının atılmasını və idarəetmənin təkmilləşdirilməsini zəruri edir.

Bu baxımdan büdcə təşkilatlarının da radikal islahatların hədəfinə tuş gələcəyi istisna edilmir. Digər tərəfdən Hesablama Palatasının müəyyən dövrlərdə büdcə vəsaitini mənimsəyən qurumların (oxu:Mədəniyyət və Turizm Nazirliyi, 14 icra hakimiyyəti və bir sıra regional maliyyə qurumları) siyahısını ictimaiyyətə təqdim etdi. Bu siyahı geniş müzakirə predmetinə çevrildi. Bu gün formalaşan yeni komandanın tərkibində yer ala bilməyən yüksək çinli məmurların da məhz bunun qurbanına çevrildiyi iddia olunur. Hər bir halda artıq hökumət prosesə start verib və yaxın gələcəkdə kimlərin öz postunu itirəcəyinin şahidi olacağıq. 

Vilayət





Həftənin ən çox oxunanları