Yuxarı

Cinayətə sürükləyən yoxsulluq

Cinayətə sürükləyən yoxsulluq

Fərqanə Mehmanqızı: "Cinayətkarı tərbiyə etmədən azadlığa buraxmaq cəmiyyət üçün təhlükəlidir”

Mahmud Hacıyev: "Belə insanlar qeydiyyata alınmalı, nəzarətdə saxlanılmalıdır”

Azərbaycanda son günlər baş verən ağır qətllər dünya KİV-lərinin də gündəmini zəbt edib.Törədilən cinayət ağır tərkibinə və eyni səbəblərinə görə fərqlənir.Odlu, soyuq silahların iştirak etdiyi bu cinayətlər artıq Azərbaycanda ailə institunu da dağıtmağa başlayıb.Mütəxəssislər "həyəcan təbili” çalır və belə neqativ halların qarşısını alacaq tədbirlərin görülməsinin vacibliyinə diqqət çəkirlər.

Törədilən son cinayətlərin hamısı demək olar ki, ailə münaqişəsi zəminində baş verib.İlk belə xəbər Mingəçevir şəhərindən gəldi.Şəhər sakini Nazim Hüseynov həyat yoldaşı və iki övladını qətlə yetirdi.Hadisə ailə münaqişəsi zəminində baş verib.Bu cinayətdən bir neçə gün əvvəl həmin şəhərdə Kənan Əzizov adlı şəxs də həyat yoldaşını bıçaqlayaraq öldürmüşdü.Pis xəbərlər təkcə Mingəçevirdən yox, digər bölgələrdən də gəlir.Masallı rayonunda Azər Ağayev və həyat yoldaşı Asudə Ağayevə əlbir olaraq kişinin ata və anasını öldürüblər.Gəncə, Sumqayıt və digər şəhərlərdən gələn xəbərlər də ağırdır.Demək olar ki, hər gün bir cinayət baş verir.

Cinayətə aparan səbəblər

Mütəxəssislər son zamanlarda ailələri cənginə almış qətl hadisələrini bir sıra səbəblərlə izah edirlər.Hesab olunur ki, son illərin cinayət faktları əsasən öz sosial və məişət yükü ilə eynidir.Ölkədə dərinləşən total sosial-iqtisadi böhranın belə cinayət hallarının artmasına səbəb olduğu diqqət çəkir. Araşdırmalara görə, son 3 ildə sosialyönümlü cinayətlər əsasən az inkişaf etmiş, yaxud "üçüncü dünya ölkələri”ndə baş verir. Məsələn, Yamayka, Kolumbiya, Honduras, Venesuela, Beliz, El-Salvadur, Qvatemala, Svaziland və digər ölkələrdə baş verən cinayət hallarının səbəbləri eyni amilə bağlanır: sosial-iqtisadi böhran. Bunlar həmin ölkələrdir ki, artıq insanlar çörək almaq üçün əllərində talon dükanların qarşılarında gözləyirlər.Azərbaycanın iqtisadi vəziyyəti həmin ölkələrdən bir qədər yaxşı olsa da iqtisadçılar vəziyyətin daha da kəsinləşəcəyini bildirirlər.Belə halda da ağırlaşan iqtisadi durum insanların psixologiyalarına mənfi təsir etməklə qalmır, eyni zamanda onları zorakı şəkildə, iradələri xaricində problemlərdən çıxış yolu kimi cinayətlərə əl atmağa sövq edir.

"Cinayətkarlar özlərini sakit aparırlar”

Psixoloq Fərqanə Mehmanqızı "Cümhuriyət” qəzetinə bildirib ki, ailə müstəvisində olan cinayətlər əsasən, orta yaşlı nəslin (30-35 yaş) nümayəndələri arasında baş verir. Psixoloqun sözlərinə görə, belə yaşda olan insanlarda özünə inamsızlıq problemi daha geniş yayılıb: 

"Ümumiyyətlə, cəmiyyət arasında özgüvənsizlik problemi daha çox yayılıb. Belə məsələlər insanların həyatlarına öz mənfi təsirlərini göstərir.Həmin insanlarda digərlərinə özlərini təsdiq edə bilməmək narahatlığı var. Problemlər özünü daha çox 1980-90-cı illərdə doğulmuş uşaqlarda göstərir.Müharibə dövrü olduğu üçün uşaqlar öz valideynlərinin nəzarətindən kənarda qalmışdılar, bu da onlarda travma yaratdı.Bu gün də həmin travmalar öz fəsadlarını ortaya çıxarır.Həmin insanlar indi özgüvənsizlik və sevgisizlik problemi yaşayırlar.Zənn edirlər ki, heç kəs onları sevmir, onlara hörmət etmir.Həmin düşüncələr onları içlərindən məhv edir.

Problemlərin öhdəsindən gəlmək üçün ilk növbədə özgüvəni bərpa etmək lazımdır.Cinayəti törədən şəxslərin psixologiyasına baxsaq, görərik ki, onlar özlərini cəmiyyət arasında sakit aparırlar.Cinayətkarlar ətrafa aqressiya saçmırlar, toplumda özlərini yoxmuş kimi aparırlar və sakit həyat tərzi seçirlər.Özlərini qüsurlu gördükləri üçün başqalarının da onlar haqda belə düşündüklərini zənn edirlər.Nəticədə başqalarına qarşı qısqanclıq başlayır.Qısqanclıq affekt vəziyyətinə saldığı üçün cinayətə əl atırlar.Lakin sonradan peşman olurlar.Bir çox hallarda da qarşı tərəfi günahlandırırlar.Bu da onların özgüvənsizliyidir.Beləliklə, cinayəti törətmiş şəxs həbsxanaya gedir və növbəti travmanı alır.Həmin travmalarla müəyyən cəza müddətindən sonra azadlığa çıxıb özlərini hansı formada aparmaları da maraqlıdır.Travmadan çıxmadıqca, mütəxəssislər onlarla işləmədikcə əmin olmaq olmaz ki, onlar cinayətə əl atmayacaqlar”.

"Həbsxanada müalicə olunmalıdırlar”

Fərqanə Mehmanqızı hesab edir ki, cinayətkarlarla tərbiyə işi həbsxanada aparılmalıdır: 
"Şəxsiyyət üzərində iş getməlidir, müalicə olunmalıdır. Cinayətkarı tərbiyə etmədən öz baxışıyla azadlığa buraxmaq cəmiyyət üçün təhlükəlidir.Buna görə də belə insanlar həbsxanada psixo-terapevtin nəzarəti altında olmalı, onlarla işləməlidirlər.Onların insanlara, öz əməllərinə və cəmiyyətə baxışları dəyişməlidir, özlərini dəyişmələrinə imkan yaradılmalıdır.Cinayətkarda törətdiyi cinayət səbəbinə baxışı dəyişdirilməlidir ki, yenidən belə əmələ əl atmasın.Əvvəlki baxışda qalsa, yenidən cinayət törədəcək.Həmçinin araşdırılmalıdır ki, hansı səbəbə görə bu psixoloji vəziyyətə gəlib çatıb.Səbəblər ortaya çıxdıqdan sonra onları tərbiyə etmək və təhlükəsiz formada cəmiyyət qazandırmaq daha asan olacaq.Bu halda müalicə etmək də rahatdır.Xarakteri dəyişmək 1 ildən 6 ayadək vaxt tələb edir, həbsxana da bu işi həyata keçirmək üçün daha unikal yerdir.Amma bir çox hallarda cinayətkarlar daha təhlükəli və aqressiv formada azadlığa çıxırlar.Nəticədə onların cəmiyyətə olan baxışları dəyişmir”.

"Bir neçə dəfə cinayət törədən şəxs yenidən...”

Kriminalist Mahmud Hacıyev "Cümhuriyət” qəzetinə cinayətlərin törədilməsinə səbəb verən bir sıra amillərin olduğunu deyib. Ekspert qeyd edib ki, ağırlaşdırıcı hallarda cinayətlər baş verəndə (öldürmə halları) istintaq tərəfindən bunun səbəblərini araşdırırlar:

 "İlk növbədə həmin şəxsin psixoloji vəziyyəti üzərində araşdırma aparılır. Əgər məlum olubsa ki, həmin şəxs ruhi xəstə olub və buna görə müalicə almayıb, bu zaman cinayətin törədilmə səbəbi kimi şəxsin ruhi xəstəliyi göstərilir.Əks halda, biz xəcalətçəkici insan xarakteri ilə üzləşirik.Bu zaman da digər səbəblər araşdırılır.Ortaya çıxa bilər ki, həmin şəxs əvvəllər də cinayətə görə məhkumluq həyatı yaşayıb.Son 10-28 illərdə baş verən cinayətləri əsasən keçmişdə bir neçə dəfə cinayət törədən şəxslər edirlər.Belə insanlar qeydiyyata alınmalı, nəzarətdə saxlanılmalıdır.Sovet dönəmində belə bir qayda vardı ki, əgər onlar işsizdirlərsə, həbsdən sonra işlə təmin olunurdular.Yaxud, narkotik maddə ilə tutulubsa, müalicə altına alınırdılar, ruhi xəstəliyə tutulmaq ehtimalı vardısa, dispanserə yerləşdirilirdilər.Bunlar gələcəkdə cinayət hallarının qarşısının alınması üçün görülən profilaktik tədbirlərdir. Cinayətkar 10-25 il həbsxanadan qaldıqdan sonra azadlığa çıxır və işsiz qalır, bu da son halda ailədə münaqişələrə gətirib çıxrır. Cinayəti affekt vəziyyətində törədir, ya da ruhi xəstəlik yeni başlayanda.Nəticədə ortaya ağır qətl hadisəsi çıxır”.

"SSRİ-də barmaqla sayılacaq qədər az idi”

Mahmud Hacıyevin sözlərinə görə, cinayətlərin kökündə əsasən sosial məsələlər dayanır:

"Sosial problemlər, məişət qayğıları insanın ruhi, psixologiyasına təsir edir və bu da cinayətə səbəb ola bilir. SSRİ vaxtında belə hallar barmaqla sayılacaq qədər az idi. Amma son 5-6 ildə Azərbaycanda ağır cinayət hallarının sayı artıb. Hüquqi, demokratik dövlətlərdə krimonoloqlar baş vermiş cinayətlərin araşdırmaları üzərində iş aparırlar, cinayətlərin səbəblərini, bölgələri, insanların psixoloji və digər vəziyyətlərini incələyirlər. Bu təhlillərin nəticələri hökumətə təqdim olunur və buna görə də lazımi tədbirlər görülür.Azərbaycanda da bu təcrübənin həyata keçirilməsi müsbət hal olardı.Bunlar baş verəcək cinayətlərin qarşısının alınması yönündə görülən profilaktik tədbirlərdir”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları