Yuxarı

Boşanma kütləvi hal alıb

Boşanma kütləvi hal alıb

Elnur Rüstəmov: "Ailələrə psixoloji dəstək göstərilməlidir”

Zahid Oruc: "Onlar sosial şəbəkələrin, xarici telekanalların təsirinə məruz qalırlar”

2000-ci ildə 39 min 611 nikaha, 5 min 478 boşanma düşüb. Növbəti illərdə bu rəqəmlər daha da artıb. 2010-cu ildə 79 min 172 nikah bağlanan nikaha 9 min 61 olub. Bu ilin yanvar-aprel aylarında qeydiyyat şöbələri tərəfindən 18 229 nikah və 4896 boşanma halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,5 olub.

Araşdırmalar göstərir ki, Azərbaycanda boşanmaların sayının artması tendensiyası 2004-cü ildən başlayıb. Həmin il cəmi 7 minə yaxın boşanma faktı qeydə alınıb, 2005-ci ildə boşanan ailələrin sayı 9 minə yaxınlaşıb. 2010-cu ildə Azərbaycanda 9061, 2011-ci ildə 10 747, 2012-ci ildə 11087, 2013-cü ildə 11730, 2014-cü ildə 12 088, 2015-ci ildə 12 764, 2016-cı ildə 13 114 boşanma halı baş verib.

Eskpertlərin sözlərinə görə, boşananlar arasında evliliklə bağlı tələsik qərar verənlər üstünlük təşkil edir. Bununla yanaşı bəzi gənclərin öhdəliklərini dərk etmədən ailə qurması, qarşısına çıxan sınaqlara dözümsüzlük nümayiş etdirməsi statistik rəqəmlərin artmasında təsirə malikdir. Eyni zamanda ailədaxili zorakılıq, cütlüklərin uşağının olmaması, narkomaniya, sərxoşluq, xəyanət kimi faktorlar boşanmalarda üstünlük təşkil edən amillərdəndir. Müqayisəli şəkildə statistikaya nəzər yetirsək, görərik ki, boşanmaların sayı nikahlara adekvat deyil. 10-15 il öncə informasiya əsrinə qədəm qoyduqdan sonra ailələrdə psixoloji və bu cür problemlər yaranmağa başladı. Əslində bu sırf Azərbaycanla bağlı problem deyil. Azərbaycanla yanaşı digər ölkələrdə də bu proses gedib. Azərbaycanda araşdırılması vacib olan nüanslardan biri də budur ki, hansı tərəf ilk olaraq boşanma ərizəsi ilə müraciət edir. Bu vacib məqamdır ki, boşanma üçün müraciət edənlər kişilərdir, ya qadınlar. Əslində, Azərbaycanda boşanma üçün müraciət edənlərin böyük qismi qadınlardır. İkinci sual yaranır: Niyə xanımlar daha çox boşanma üçün müraciət edirlər? Burada gender bərabərliyindən söhbət gedir. Bununla yanaşı psixoloji problemlər, zərərli vərdişlərin də boşanmalarda sayı var. Bu gün Azərbaycanda elə ailələr var ki, ailənin yükünü qadın təkcə çəkir. Bununla yanaşı qadın yenə də şiddət görür. Boşanmalara yalnız bir amilin səbəb olduğunu demək düzgün deyil. Səbəblər müxtəlifdir”. 

Psixoloq Elnur Rüstəmov "Cümhuriyət”ə açıqlamasında deyib ki, boşanmaların say artımının qarşısını almaq üçün məhkəmələr tərəfindən də ailələrə psixoloji dəstək göstərilməlidir”.

Ekspert hesab edir ki, boşanmalara səbəb olan amillər- narkomaniya, maddi gərginlik, sosial problemlər, məcburi evlilik, şiddət, övladsızlıq, sırasında ən az çəkiyə malik olan sonuncudur: "Bu gün tibb kifayət qədər inkişaf edib. O qədər övladı olmayan ailə var ki, boşanmır, alternativ yollara müraciət edirlər”.

Millət vəkili Zahid Oruc "Cümhuriyət”ə açıqlamasında bildirib ki, təhsil sistemi, dünyagörüşü, informasiya vasitələrinin də boşanmalara təsiri var. Boşanmaların sayı həddindən artıq çox olduğu üçün rəqəmlər nikahlara adekvat deyil. Millət vəkili olaraq deyə bilərəm ki, boşanmalarda sosial problemlər üstünlük təşkil etmir. Hazırkı dönəmdə həddindən artıq imkanlı ailələrin də dağıldığını müşahidə edə bilərik. Bəlkə də birinci olaraq vurğulamalıyıq ki, gənclərimiz ailə və məktəb tərbiyəsindən daha çox informasiya vasitələrinin təsirinə məruz qalır. Onlar sosial şəbəkələr, yoxlanmamış infformativ mətn, xarici telekanalların təsirinə məruz qalırlar. Düşünürlər ki, 20-25 yaşlarında həyatın bütün naz-nemətlərinə sahib olmalıdırlar. Gənclərimiz epizodik hisslərə bağlandığı üçün adi sınaqlara da tab gətirmirlər. Hər hansı xırda problem yarandıqda bu cür ailələrdə aşınma yaranır ki, nəticədə ailələr dağılır. Sonrakı mərhələdə daha böyük problemlər yaranır, müəyyən komplekslər ortalığa çıxır. Virtual şəbəkələrdən yaranan tanışlıqların davamlılıq müddəti haradəkdir, valideyn övladına ailə modelini necə aşılayır, kənar təsirlərdən necə qoruyur, bunu da düşünmək lazımdır. Xüsusən qız uşaqları valideynlərini özlərinə yaxın hiss etmədikdə daha müstəqil addımlar atır”. 

İki il öncənin statistikasına nəzər yetirərək qeyd edək ki, 2015-ci ildə bağlanan 68 min 773 nikaha 12 min 764 boşanma düşüb. Belə ki, 2015-ci ildə əhalinin hər 1000 nəfərinə nikahların sayı 7.2, boşanmaların sayı isə 1,3 olub. 

Nigar Cahid





Həftənin ən çox oxunanları