Yuxarı

"Çudo peçka”ya "Bravo”...

Dilimizi korlayan əcnəbi sözlər

Möhsün Nağısoylu: "Şəxs bu ölkəni sevirsə,  dili millətin, xalqın varlığı hesab edirsə, ana dilinə sayğı göstərməlidir”

Danışıq və yazı dilimizdə əcnəbi sözlərə getdikcə daha çox yer verilir.Bəzən öz sözlərimizi unudaraq əcnəbi kəlmələri yazı mədəniyyətimizə gətiririk.Bu gün istər gündəlik həyatda, istər mətbuatda, istər təhsil ocaqlarında, istərsə də televiziya və radiolarda əcnəbi sözlərdən gen-bol istifadə edilir.Bu isə dilimizin gözəlliyinə xələl gətirır və nəticədə dil unudulur.Sirr deyil ki, Azərbaycan dilində təmiz danışa bilmirik, dilimizin zənginliyindən, çalarlarından yetərincə istifadə edə bilmirik.Etiraf etməliyik ki, dilimizdə də kasadlıq var. Bu həm də dünya xalqları tərəfindən qəbul edilmiş ümumi terminlərin mövcudluğu ilə bağlıdır.Məlumdur ki, bir xalqın dilindən başqa xalqın dilinə terminlər, ifadələr keçir.

Məsələn, fransız sözləri var ki, ingilis dilində işlədilir.Digər səbəb isə Azərbaycan dilinin özündə müəyyən qüsurların və çatışmazlığın olmasıdır.Bir sıra sözlərin konkret mənası və ifadə forması dilimizdə yoxdur.Ona görə də biz onu rus və ya digər Avropa xalqlarının alınma terminləri ilə ifadə edirik.Elə terminlər var ki, dünyada qəbul edilmiş ifadələrdir ki, onu başqası ilə əvəz etmək mümkün olmur.Məsələn, vergül (işarə), reklam (qışqırıram) -bu sözlərin dilimizdə alternativ ifadələri yoxdur.Elə sözlər də var ki, onun dilimizə uyğun formaları var, amma işlətmirik.Nəticədə dilimiz göz önündə korlanır.Biz "qonaqpərvər” işlədirik, amma "qonaqsevər” deyə bilərik.Fars dilindən alınan "qonaqpərvər” sözünü işlətməklə, öz dilimizdəki sözü itiririk.Beləliklə də zərbə ana dilimizə dəyir.

Dilimizdə yerli-yersiz rus sözlərindən geniş istifadə olunur.Son dövrlərdə isə ingilis sözləri dəbə düşüb. İngilis sözlərinə  reklam afişalarında, telekanal, sayt adlarında, hətta mətbuatdakı yazılarda da rast gəlinir. Məsələn, "Space” telekanalının adı ingilis sözüdür.Kainat, qalaktika, yer mənasındadır."Basta” sözü "kifayət”, "yetər” mənasındadır.Basta adında sayt da var. Buna bənzər başqa adlar da var. Məsələ burasındadır ki, dilimizin zənginliyini inkişaf etdirmək əvəzinə, anamızın dilində olan kəlmələri əcnəbi sözlərlə əvəzləyirik.Maraqlıdır ki, əcnəbi sözlər lüğətlərə də salınır.Bununla da Azərbaycan dilinin milli saflığı, qrammatik qayda-qanunları pozulur və qorunmur.

Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu "Cümhuriyət” qəzetinə bildirib ki, sadalanan qüsurları aradan qaldırmaq üçün ilk növbədə maarifləndirici işlər görülməlidir:

 "Bizdə ayrıca Monitorinq Şöbəsi var. Bu şöbə afişaların, reklamları, dil normalarının pozulması və dil normalarının qorunması ilə məşğul olur. O şöbəyə tapşırılıb ki, inzibati cəza tədbirləri ilə bağlı təklif hazırlasın. Birinci növbədə bu məsələ vətəndaşlıq mövqeyindən, dilə məhəbbətdən, ziyalılıqdan, ana dilinə olan sevgidən asılıdır.Yəni burada amirlik rol oynamır.Şəxs bu ölkəni sevirsə, özünü ölkənin vətəndaşı sayırsa, dili millətin, xalqın varlığı hesab edirsə, deməli, ana dilinə sevgi, sayğı göstərməlidir.İmkan daxilində öz milli sözlərimizdən istifadə etməlidir”.

Parkomat, yoxsa maşın dayanacağı?

Professorun sözlərinə görə, əcnəbi sözlər bütün dünya dillərində var:

 "İndi qloballaşma dövrüdür. Elə sözlər var ki, onlar bütün dünya ölkələrində işlədilir.Amma İranda, Fransada belə təcrübə var ki, onları özününküləşdirirlər.Yəni dilin öz daxili imkanları hesabına onların qarşılıqlarını tapırlar.Biz də o barədə düşünürük və hesab edirəm ki, bu metodlardan da mütləq istifadə etmək lazımdır.Məsələn, bizim dilimizdə "r” hərfi ilə başlayan söz yoxdur.Bundan əlavə "bankomat” sözü ilə yanaşı "parkomat” sözü də işlənir.Maşın dayanacağı anlamını verir də, burda nə var ki?Bunu "maşın dayanacağı”, "maşın duracağı” kimi işlədə bilərik.Sözün milli formada işlədilməsi hamımızdan asılıdır.Hər kəsin borcudur ki, dilini qorusun.Politik sözünün yerinə "siyasətçi” işlətmək olar.Hətta ölkə başçısı da bildirmişdi ki, bizim dilimiz zəngindir, nə üçün əcnəbi ifadələr işlətməliyik.

Bu hər kəsdən asılıdır.Nə üçün "arenda "sözü işlətməliyik?Afişalara baxıram, bir yerdə "icarə” sözü yoxdur.Hamısında "arenda” yazılır.Yaxud mən "Qorodok kafe” ifadəsinə rast gəlmişəm.Niyə "Şəhərcik kafesi” olmur ki?Niyə "Çudo Peçka” olsun.Elə "Möcüzəli soba”qoyula bilər.Məsələn "Bravo” (Əhsən) adı kimi əcnəbi adlar baş alıb gedir.Mən şəxsən əcnəbi ifadələrin əleyhinəyəm.İlk növbədə bunlara qarşı mübarizənin mexanizmini hazırlamaq, daha sonra isə maarifləndirmə işləri aparmaq lazımdır”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları