Yuxarı

Pulsuz təhsil dövrü bitir

Pulsuz təhsil dövrü bitir

Universitetlər də publik şəxsə çevrilir

Əjdər Ağayev: "Layihələrdən gələn qazanclarla özlərinə yataqxana tikə bilər, park və digər işləri yarada bilərlər”

Artıq Azərbaycanda bəzi universitetlər pulsuz təhsil verməyəcək. Bir müddət əvvəl ölkə başçısının sərəncamı ilə publik hüquqi şəxsə çevrilən "Bakı Mühəndislik Universiteti”nin ardınca iki universitetdə də idarəetmə forması dəyişəcək. Belə ki, 2016-cı ilin noyabrında "Bakı Mühəndislər Universiteti”  publik hüquqi şəxsin Nizamnaməsi”nin təsdiq edilməsi və "Bakı Mühəndislik Universitetinin yaradılması haqqında” prezidentin fərmanı oldu. İndi isə ölkə başçısı Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin yenidən təşkili haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakı Dövlət Universiteti  və Dövlət İqtisad Universiteti Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan təhsil müəssisələrinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. Universitetlərin idarəetmə formasındakı dəyişikliklərin aparılması Nazirlər Kabinetinə həvalə olunub və bu barədə təkliflər iki ay müddətində hazırlanıb prezidentə təqdim olunacaq. 

Ekspertlər hesab edir ki, Avropa ölkələrində dövlətə məxsus olan uşaq bağçaları, universitetlər, klinikalar, hətta kooperasiyalar da publik hüquqi şəxsdir. Publik hüquqi şəxs bütün dünyada qəbul edilmiş bir üsul olsa da bu prosesin icra mexanizmi düzgün qurulmalıdır. Publik hüquqi şəxs nə qədər insana xidmət göstərirsə, onun müqabilində xidmət haqqı alacaq və xərclərini də gəlirlərinə görə müəyyən edəcək. Bir sözlə publik hüquqi şəxsə çevrilən universitetlərdə təhsil də ödənişli əsaslarla həyata keçəcək. İstisna deyil ki, tədricən dövlət hesabına fəaliyyət göstərən universitet qalmayacaq, hamısı publik hüquqi şəxsə çevrilərək daxili idarəetmə mexanizmi ilə fəaliyyət göstərəcək. 

Məsələ ilə bağlı Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev "Cümhuriyət” qəzetinə bildirib ki, publik hüquqi şəxs olmaq o demək deyil ki, müəssisə dövlətdən ayrılır: "Müəyyən yollarla dövlət yenə də öz dəstəyini göstərəcək. Amma burada universitetə idarəetməsində müstəqillik verilir. Universitet idarəetməsini müəyyən layihələrlə, təsərrüfat hesabına qazana biləcək. Bu qazancı özü müstəqil xərcləyə bilər. Yəni bir növ universitet idarəetməsi özünü dərk və özünüinam səviyyəsinə  qaldırılır. Dövlətin qanunları, sərəncamları, prioritetləri bunlar üçün əsasdır. Amma burada müstəqil və hüquqi təşəbbüslər irəli sürülə bilməz.

Öz kadrını özü seçə bilməz. Belə xüsusiyyətləri var. Bakı Dövlət Universitetinə vaxtilə muxtariyyət də verilmişdi. Amma o muxtariyyət sadəcə sərbəstlik xarakterindədir. Özəllik meyli muxtariyyatda yoxdur, amma publikdə özəllik meyli var. Bu xüsusiyyətlərdən istənilən qədər istifadə və inkişaf etdirə bilərlər. Məsələn, layihələrdən gələn qazanclarla özlərinə yataqxana tikə bilər, park və digər işləri yarada bilərlər. Bu cür əhəmiyyətli  universitetlər inkişaf eləmiş ölkə həyatında publik şəxs ola bilər. Hətta faydası var. Belə universitetlərə həm xaricdən, həm də daxildən tələbələrin  marağı arta bilər. Bununla da universitetlər öz imkanları ilə çatışmayan qüsurlarını düzəldə bilər”.

Ekspert əlavə edib ki, publik hüquqi şəxsə çevrilən universitetlər öz imkanlarını bərpa etməlidirlər: "Ad verməklə deyil. Papağı başa qoymaqla ”adam dəyişmir ki... Bu universitetlər öz imkanlarına nail olana qədər ödənişli əsaslarla təhsil sistemi qalacaq. Ödənişsiz mümkün deyil”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları