Yuxarı

Vətəndaş nikahına qadağa

Vətəndaş nikahına qadağa

Mehriban Zeynalova: "Ölkədə kifayət qədər məsuliyyətsiz dindarlar var”

Azərbaycanda rəsmi nikah olmadan dini nikahı bağlayan din xadimləri cəzalandırılacaq. Bu açıqlama ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edib. Onun sözlərinə görə, Azərbaycanda rəsmi nikah olmadan dini nikahın bağlanması qanunsuzdur. Komitə sədri bildirib ki, dini nikaha o zaman girmək olar ki, bu nikahı müvafiq dövlət qurumu təsdiqləmiş olsun. 

Bu qurumun təsdiqləmədiyi nikahı bağlayan din xadimi rəsmi təyin olunubsa, cəzalandırılacaq, tutduğu vəzifədən azad olunacaq. Əgər bunu edən din xadimi qeyri-rəsmi fəaliyyətlə məşğuldursa, hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb ediləcək. Maraqlıdır, bəs vətəndaş nikahında yaşamaq istəyənlər nə edəcək?

Məsələ ilə bağlı "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyin rəhbəri Mehriban Zeynalova "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, bu daha çox azyaşlıların nikaha girmələri zamanı şamil olunmalıdır: "Müəyyən yaş dövründən sonra kimlərsə birgə yaşamaq istəyirsə, bunun qarşısını təbii ki, heç kim ala bilməz. Amma bir çox adamlar dini nikah adı altında kimlərinsə həyatından, etibarından sui-istifadə edir. Əsasən də bakirə, ailə qurmaq istəyən qız uşaqları olur. Daha çox bu kateqoriyadan olanlar həmin təklifə şamil olunmalıdır. Təbii ki, biz bütün ölkə vətəndaşlarına deyə bilmərik ki, rəsmi nikaha girin. Ola bilsin ki, orta yaşlı insanlardır və birgə yaşayırlar. Belə insanlar heç rəsmi nikahı qəbul etməyəcəklər və birgə yaşayacaqlar. Kim ki, ailə qurmaq istəyəcək, onlar münasibəti rəsmiləşdirəcək”.

Hüquq müdafiəçisinin sözlərinə görə, azyaşlıların, gənc qadınların rəsmi nikah olmadan dini nikah bağlaması qeyri-rəsmi uşaqların dünyaya gəlməsi və digər  problemlərin yaranmasına gətirib çıxarır: "Hesab edirəm ki, bu məsələdə ilk növbədə ailə qurmaq istəyən şəxslərin də fikirlərini dinləmək lazımdır. Bunu mütləq şəkildə qoymaq olmaz ki, siz vətəndaş nikahı ilə yaşayın. Bu proses onsuz da gedir. Əksəriyyət vətəndaş dini nikahda yaşayır. Amma dünyaya uşaq gətirmək istəyənlər bu məsələdə ciddi düşünməlidir. Bəzi hallarda radikal addımların atılması, qanunvericliyin tələbinin sərtləşməsi ictimai şüuru dəyişə bilir. Qeyd olunan məsələ cinayət məsuliyyəti daşımır. Bu sadəcə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bir tövsiyyəsidir. Amma nə qədər icra olunacağı sual altındadır. Bu gün ölkədə kifayət qədər məsuliyyətsiz dindarlar var”.

Mehriban Zeynalova Mübariz Qurbanlının açıqlaması ilə tam razı olduğunu bildirsə də, məsələnin heç bir ölkədə məcburi qaydada həll edilmədiyini söyləyib: "Düşünmürəm ki, bizdə də bu məsələyə məcburiyyət qoyula bilər. Bu gün dini xadimlər məsuliyyətsiz davranışları ilə çox böyük problemlər ortaya qoyurlar. O baxımdan Mübariz müəllimin qeyri-rəsmi fəaliyyət göstərən din xadimlərinin cinayət məsuliyyətinə cəlb ediləcəyi haqda dediklərini dəstəkləyirəm. Biz çoxdan deyirdik ki, erkən nikahlara rəvac verən din xadimləri cəzalanmalıdır. Məhz bu məsələni qanunvericiliyə salmaq lazımdır. Əksər erkən nikahların günahı təkcə valideyn deyil, din xadimlərinin üzərinə düşür. Təəssüf ki, onlar bu məsələdə cinayət məsuliyyətindən yaxalarını qurtara bilirlər. Fikrimcə, bunun qanuniləşdirilməsi onların bu əməllərinin qarşısını ala biləcək. Bu sadəcə qərardır və icra mexanizmi olmasa elə qərar olaraq da qalacaq. Ona görə də digər qurumlar da bu təklifi dəstəkləməlidir və məsələyə qanunvericilikdə hansısa forma verilməlidir”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları