Yuxarı

İftar verməyə pul tapılmadı

İftar verməyə pul tapılmadı

Bələdiyyə və restoranlar inanclılara süfrə açmadı

Mübarək Ramazan ayı sona çatır. İyunun 26-da səhər saat 08:00-da Əjdərbəy məscidində, 09:00-da isə Təzə Pir məscidində bayram namazı qılınacaq. Ramazan ayında kimi səhhətinə görə oruc tuta bilmədi, kimisə isə vacib əməl saydığı oruc günlərini borc olaraq ödədi. Bu ayın ən gözəl tərəfi isə oruc tutanlara iftar süfrələrinin təşkil olunmasıdır. Hər il Türkiyədə və başqa müsəlman ölkələrində iftar çadırları qurulur, oruc tutan şəsxlərə heç bir ödəniş olmadan yemək paylanılır. İftar süfrələrini isə əsasən rayon bələdiyyələri həyata keçirir. 

Məsələn, hər hansı bir rayonun bələdiyyəsi iftar süfrəsi verməsi üçün xüsusi yer ayırır, sonra isə oruc tutan şəxslərin hər biri həmin mərasimə dəvət edilir. Azərbaycanda isə hər hansı bir rayon bələdiyyəsinin və ya restoran, kafe sahibinin oruc tutan şəxslərə pulsuz iftar süfrəsi açmasının şahidi olmamışıq. Ola bilsin ki, bir çox müsəlman ölkələrində olduğu kimi Azərbaycanda da bəzi imkanlı ailələr tərəfindən iftar süfrələri təşkil olunur. Amma bu hal da kütləvi deyil. Qonşu Türkiyədə isə Ramazan ayında imkansız, kasıb, xəstə, oruc saxlayan ailələrə, şəxslərə xüsusi yardım və dəstək olunur. Maraqlı məqamlardan biri də odur ki, Azərbaycanda bu savabı yalnız Türkiyənin Azərbaycandakı səfirliyi həyata keçirdi. Səfirlik ard-arda oruc tutanlar üçün iftar süfrələri təşkil etdi. 


 
"Cümhuriyət” qəzeti olaraq vəziyyətlə maraqlandıq. Əlaqə saxladığımız bir çox restoran və şadlıq saraylarından eşitdiyimiz cavablar isə qəribə oldu. Bəzi restoran işçiləri qəzetin bu məsələ ilə maraqlandığına təəccübləndi, bəziləri isə sərt təpki nümayiş etdirərək, inandırıcı görünməyən cavablarla sualdan yayındı. 

Əlaqə saxladığımız restoran və kafelərin əvvəlki qaydada işlədiyi məlum oldu. Hətta xüsusi olaraq iftar yeməkləri üçün qiymət də müəyyənləşdirilib. Pulsuz iftar süfrəsi açan restoranların olduğu deyilsə də, paytaxtımızda bununla bağlı yalnız bir məkana rast gəldik. Öyrəndik ki, pulsuz iftar süfrəsi bir həftə əvvəl Xətai rayonunda yerləşən "Movida Plaza” restoranında, o da yalnız bir gün verilib. İftar süfrəsi təklif olunan məkanlarda isə qiymətlər əvvəlkilərdən fərqlənməyib. Əlaqə saxladığımız "Gilavar”, "Oazis”, "Sərin” restoranlarında Ramazan ayında iftar süfrələri təşkil olunmayıb. 

"Venesiya” restoranının rəsmisi eşitdiyi sualı təəccüblə qarşılayaraq, tanımadığı şəxsə nədən cavab verməli olduğunu sual etdi: "Mən sizi tanımıram, sadəcə, səsinizi eşidirəm. Niyə sizə cavab verməliyəm ki? İftar süfrəsi verməmişik, amma başqa şeylər etmişik”. "Məsələn, nə etmisiz” sualına "başa düşmürəm nə üçün soruşursuz axı” deyə söhbətdən yayınan müsahib dilucu "iftar süfrəsi vermişik” dedi. Digər rayon bələdiyyələri ilə də əlaqə saxladıq, məlum oldu ki, oruc tutanlar üçün iftar süfrələri təşkil etməyiblər. Maraqlı burasıdır ki, müxtəlif qiymətlərdə menyular təklif edən kafe və restoran sahiblərinin kifayət qədər nüfuzlu şəxs olduqları hər kəsə bəllidir. Bu halda onların gəlirləri də az olmamalıdı. 20-60 manat arası Ramazan menyusu təklif edən restoran və kafelərin hər halda 10-15 nəfər üçün pulsuz iftar açmağında elə də maliyyə çətinliyi olmamalıdır. Hər halda mərhəmət ayında pulsuz iftar süfrələri verməklə özlərinə savab qazanmış olardılar. Amma araşdırmalardan məlum olub ki, hətta iftarını açmaq üçün kafelərdən birinə yaxınlaşan şəxsə qiymət oxunaraq pul tələb olunub. Bu yerdə isə deməyə söz qalmır. Hər halda on bir ayın sultanı hesab olunan Ramazan ayında günah və savab edənlərin aqibətini Tanrı qarşılayacaq. Ramazan müsəlman təqviminə görə doqquzuncu aydır. İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və ən müqəddəs ay hesab edilir. Onu məcazi mənada "on bir ayın sultanı" da adlandırırlar. Bu ayda müsəlmanların müqəddəs kitabı Quranın əsas ayələrinin Məhəmməd peyğəmbərə Cəbrayıl tərəfindən nəql olunduğu bildirilir. Rəvayətə görə Quran məhz Ramazan ayının axırıncı on gecəsində nazil olub.

Ramazan bayramınız mübarək!

Alçina Amilqızı





Həftənin ən çox oxunanları