Yuxarı

İri şirkətlərdə hamı rus dilində danışır

İri şirkətlərdə hamı rus dilində danışır

Afiq Səfərov: "Qərb texnologiyası o qədər inkişaf edib ki, yenilikləri tətbiq etmək üçün mütləq o  dilləri bilməlisən”

Aqil Camal: "Sovet dövründə bir gün belə yaşamamış gənclər iş ortamından kənarda belə rus dilində danışmağa üstünlük verirlər”

Son günlər Azərbaycan dili ilə bağlı səslənən sərsəm çıxışlar, rus dilinin önəminin vurğulanması diqqəti yenidən dövlət dilinin qorunması məsələsinə yönəldib. Mövzunun gündəmə gəlməsi əslində yaxşı oldu. Çünki kimin Azərbaycan dilinə necə münasibət göstərdiyinin hər kəs şahidi oldu. Məlum məsələdir ki, bu gün nəinki özəl, hətta bir çox dövlət qurumlarında danışıq dili kimi rus dilindən istifadə olunur. Xırda işçilərdən tutmuş, quruma rəhbərlik edən şəxslərə qədər hər kəs rus dilində danışır. 

Digər tərəfdən bu gün bank sektorunda çalışanların əksəriyyəti rus dilində danışır. Əslində xarici dilləri bilmək yaxşı haldır. Ancaq bu məsələnin problemli tərəfi xarici dillərin Azərbaycanda işə qəbul zamanı əsas şərt kimi qəbul olunmasıdır. Məsələn, deyək ki, hansısa şirkətə işə düzəlmək üçün rus, ingilis, ərəb, fars və sair dilləri bilmək niyə bu qədər vacibdir? Şirkət rəhbərləri niyə işə qəbul qaydalarında xarici dilləri tələb kimi irəli sürür?

Bu kimi sualların sayını istənilən qədər artırmaq mümkündür. Ancaq dil bilgisini şərt olaraq qoyan şirkətlər, dövlət müəssisələri, qurumlar bunu xarici dilli müştərilərə keyfiyyətli xidmət göstərməklə əsaslandırırlar. Sırf bu səbəbdən dolayı xarici dil bilməyən mütəxəssislər işsiz qalırlar. Bu məsələni  beynəlxalq təcrübədə istifadə olunan metodlarla həll etmək daha doğru olmazdımı? Məsələn,  hansısa şirkətin rus və ya ingillisdilli kadra ehtiyacı varsa, bunu tərcüməçi yolu ilə həll etsin. 

Azərbaycan Dillər Universiteti hər il kifayət qədər  kadr buraxır. Bu gün o kadrların əksəriyyəti işsizdir. Səbəbi isə əslində sadədir. Çünki bu gün hər kəs işə düzəlmək üçün tələb olunan dilləri öyrənir və məhz buna görə də tərcüməçiyə ehtiyac qalmır.

Digər tərəfdən bu gün adi satıcı, ofisiant, sürücü və digər xırda işlərdə işləmək üçün də xarici dil tələb olunur. Nə qədər absurd görünsə də iş elanlarının demək olar ki, hamısında bu kimi tələblərin şahidi oluruq. Bu gün elə bir mənzərə yaranıb ki, sanki Azərbaycana lazım olmayan yeganə dil elə Azərbaycan dilidir. Biznesmeni, sürücüsü, fəhləsi, məmuru rus dilində danışan ölkəyə çevrilmişik.

Araşdırmalar zamanı məlum olur ki, bir çox inkişaf etmiş ölkələrdə işə qəbul tələbləri yalnız rəsmi dillərdir. Əhalinin böyük əksəriyyəti müxtəlif dilləri bilsə də gündəlik danışıq dilində yalnız öz ölkələrinin rəsmi dilindən istifadə edirlər. Bəs Azərbaycanda niyə azərbaycanca danışmaq, işləmək mümkünsüz olub?

İnternet saytlarında iş elanı verən bir neçə özəl şirkətlə əlaqə saxlamaq istəsək də cəhdlərimiz baş tutmadı. 

"Azersun Holding”in İctimaiyyətlə Əlaqələr və Sosial Xidmətlər şöbəsinin müdiri Afiq Səfərov  "Cümhuriyət” qəzetinə açıqlamasında şirkətin xarici dil tələbinin hansı şərtlərdən irəli gəldiyini deyib. Afiq Səfərovun sözlərinə görə, "Azersun Holding”də  ingilis və rus dili hər vakansiya üzrə tələb olunmur: 

"Ancaq aidiyyatı işlər üzrə bu tələblər irəli sürülür. Məsələn, İT mütəxəssisinin ingilis dilinin bilməməsi normal deyil. Şirkətdə 12 min insan işləyir. Şirkət dünyanın 60-dan çox ölkəsinə məhsul ixrac edir. Şirkətdə ən son texnologiyalar tətbiq olunub. Gətirilən avadanlıqların əksəriyyəti Avropa ölkələrinin və ya digər dünya ölkələrinin aparatlarıdır. Bu aparatlarla işləyən insanlar həmin texnologiyalar haqqında məlumatı öz mənbəyindən oxumalıdırlar.

Ona görə də dil tələbinə məhz bu baxımdan üstünlük verilə bilər. Sırf xidməti ehtiyacı varsa, "Azersun Holding”də dil tələb olunur. Məsələn, eksportda çalışan insanların ingilis, rus və ya üçüncü bir dil bilməsi mütləqdir. Amma yağ fabrikində çalışan insandan dil bilgisi tələb oluna bilməz. Amma hesab edirəm ki, İT mütəxəssisinin dil bilgisi mütləqdir. Qərb texnologiyası o qədər inkişaf edib ki, yenilikləri tətbiq etmək üçün mütləq o dilləri bilməlisən. Ən azından insanın özünü yeniləməsi üçün vacibdir. Yəni, "Azersun Holding”in yanaşması məhz bu baxımdandır. "Azersun Holding” Azərbaycan şirkətidir və çalışanlarının 99 faizi Azərbaycan vətəndaşıdır”.

"Türküstan” qəzetinin baş redaktoru Aqil Camal isə deyib ki, Sovet dönəmini bir gün yaşamayan gənclər də rus dilində danışır: 

"Milli Azadlıq Hərakatı başladığı gündən, müstəqilliyin ilk illərindən toplumda Azərbaycan dilinə qayıdış prosesi başlamışdı. O, dövrdə insanlar ana dilində  danışmağa daha geniş yer verirdilər. Hesab edirdik ki, 200 illik rus istilasından sonra, Azərbaycan müstəqil dövlət kimi yaşayacaq və öz milli dilini ön plana çəkəcək. Amma təəssüf ki, xeyli müddət keçəndən sonra yenidən Azərbaycan cəmiyyətində, xüsusilə də paytaxt həyatında rus dili bir dominantlıq etməyə başladı. Son dövrlər isə bu məsələ daha çox aktuallaşıb. Ən ağrılı məsələ odur ki, Sovet dövründə bir gün belə yaşamamış gənclər iş ortamından kənarda belə rus dilində danışmağa üstünlük verirlər. 

Dövlət dairələrində bu cür halların olduğunu heç kim inkar edə bilməz. Amma bu gün özəl sektorda bu məsələ özünü daha qabarıq şəkildə göstərir. Böyük şirkətlər, banklar, telefonlara cavab verən operatorlar rus dilində ünsiyyət qururlar. Hətta şirkətə gələn müştərilərlə belə rus dilində danışırlar. Elə bir şərait yaranır ki, artıq vətəndaşlar da onlara rus dilində cavab verməyə məcbur olur. İşçilər isə ümumiyyətlə, öz aralarında rus dilində danışırlar. Ötən il tədbirlə bağlı Qusara səfər etmişdik. Orada hətta bəzi dövlət qurumlarının qapılarına yapışdırılan yarlıqlar (oxu: məlumat lövhələri) Azərbaycan dili ilə yanaşı, rus dilində idi. Eyni zamanda işçilər arasında da rus dili ünsiyyət vasitəsi kimi açıq şəkildə istifadə olunur. Azərbaycan prezidenti Nazirlər Kabinetinə, AMEA və digər aidiyyatı qurumlara Azərbaycan dilinin tətbiqinin genişləndirilməsi ilə əlaqədar tapşırıqlar verib. Hesab edirəm ki, aidiyyatı qurumlar bu məsələdə üzərlərinə düşən məsuliyyəti dərk etməli, Azərbaycanın dövlət dilinin təkcə dövlət qurumlarında deyil, ümumi cəmiyyətdə haqq yerini tutması üçün lazımi addımlar atmalıdırlar”. 

Vilayət Muxtar





Həftənin ən çox oxunanları