Yuxarı

"Hacı Cavad” məscidi ətrafında təxribat

Elşad Miri: "O məscidin yerində daha əzəmətli bir məscidin inşasına göstəriş verilib”

Tural İrfan: "Hətta bir neçə dəfə Kəbəni sökərək yenidən bərpa ediblər”

Bakının Yasamal rayonunun "Sovetski” adlanan ərazisində yaşayan bir qrup sakin "Hacı Cavad” məscidinin köçürülməsi ilə bağlı Prezident İlham Əliyevə məktub ünvanlayıb. Məktubda deyilir: "Biz Yasamal rayonu Ç. Mustafayev küçəsi 16 ünvanında yerləşən "Hacı Cavad” məscidinin yeni ünvanda, müasir üslubda tikilməsini alqışlayır və hörmətli cənab Prezidentimizə minnətdarlığımızı bildiririk.

Hörmətli, cənab Prezident!

Hacı Cavab məscidi bizim "Sovetski” sakinləri üçün çox əziz olub və qəlbimizdə xüsusi yer tutan dini ibadət yerlərimizdən biridir.Həmin məscidin yeni ünvanda tikilməsi Sizin "Sovetski”də yaşayan sakinlərə yüksək qayğınızın və hörmətinizin təzahürüdür.

Əlavə olaraq qeyd edirik ki, məscidin sökülməsi zamanı toplaşmağa cəhd göstərənlər bizə məlum olmayan və "Sovetski”də yaşamayan şəxslərdir.Onların hansı məqsədlə toplaşmağa cəhd göstərmələri də bizə məlum deyil.Bir daha bizə göstərdiyiniz xüsusi hörmət və qayğıya görə Sizə öz dərin minnətdarlığımızı bildiririk”.

Qeyd edək ki, Hacı Cavad məscidinin sökülməsini özbaşına həyata keçirdiyinə görə, iyulun 1-də Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Əsgər oğlu Mehdiyevi vəzifəsindən azad edib.Maraqlıdır, "Sovetski”dəki məscidin sökülməsindən sui-istifadə etmək istəyənlər kimlərdir?

İlahiyyatçı Elşad Miri "Cümhuriyət” qəzetinə bildirib ki, "Hacı Cavad” məscidi ətrafında yaranmış vəziyyətlə tanış olmaq üçün həm şəkillərdən, həm də sözügedən məsciddə olduğunu deyib:

"Məscidinin sökülməsinə etiraz edənlər "Sovetski”də yaşayan və həmin məscidə yığışan adamlar deyil. Kənardan müxtəlif insanları bir yerə yığan qrup da ola bilər. Orada İranyönümlü müəyyən yanaşmalar da mövcuddur.Burada tək məsələ dövlət tərəfindən məscidin sökülməsi deyil.Əgər bu gün dövlət məscid söksəydi, uzun müddət qapısı bağlı qalan Nərimanov rayonundakı "Əbu Bəkr” məscidini sökərdi.Amma sökmədi.Bundan əlavə "Şəhidlər” məscidi bağlı idi, əsaslı təmirdən sonra istifadəyə verildi."İlahiyyət” məscidinin bu günə qədər rəsmi qeydiyyatı olmamasına baxmayaraq, hələ də fəaliyyət göstərir. Ümumiyyətlə, ölkədə 2000-dən çox məscid var. Faktiki olaraq bu gün görürük ki, dövlət sökülməsinə qərar verdiyi məscidin yerində daha gözəl, daha əzəmətli bir məscidin inşasına  göstəriş verib. Bu gün ölkədə mövcud dini ab-havanı dağıtmağa çalışan müəyyən qüvvələr ola bilər”.

İlahiyyatçı Tural İrfan "Cümhuriyət” qəzetinə bildirib ki, ölkədə din adı altında öz istəklərini həyata keçirmək istəyən və xarici niyyətlərin buradakı alətləri olan bir çox "ruhani" və "dindar" var: "Əslində "Hacı Cavad” məscidinin yenidən tikilməsi Prezident tərəfindən dindarlara böyük töhfədir. Köhnənin sökülməsi isə adi bir haldır.Dində bunun heç bir günahı və qəbahəti yoxdur.Hətta bir neçə dəfə Kəbəni sökərək yenidən bərpa ediblər.Tarixdə vardır ki, peyğəmbər özü Kəbəni sökdürüb yenidən bərpa etdirib. Hətta təxribat məqsədi ilə münafiqlərin başçısı Abdullah bin Übeyyin tikdirdiyi Mədinədəki Məscidi Zirarı Peyğəmbəri dağıtdırıb yeksan etdirib. Məscidin sökülməsi cürbəcür məqsəd daşıya bilər. O məscid ki, islama hörmətsizlik məqsədi ilə deyil, təmir və bərpa niyyəti ilə sökülür, ona etiraz etmək doğru deyil. Şübhə etmirəm ki, burada etiraz edənlərin məqsədi din təəssübkeşliyi deyil.Siyasi təxribat xarakterlidir”.

İlahiyyatçının sözlərinə görə, Nardaran hadisələri də daxil olmaqla ölkədə bir qrup din pərdəli xarici qüvvələrə bağlı şəxslər var:

"Bu şəxslər istənilən bir bəhanə axtarırlar ki, xalqla dövlət arasında uçurum yaratsınlar. Suyu bulandırsınlar ki, istədikləri balığı tuta bilsinlər. Madam ki, "Hacı Cavad” məscidinin öz real ibadət əhli olan sakinləri də etiraf edirlər ki, bu iğtişaşçılar onların da tanımadığı qüvvələrdir, burada hüquq-mühafizə orqanları öz töhfələrini verməlidir. Araşdırılıb layiqli hüquqi qiymət verilməlidir.Bu gün ondan da yaxşı məscid tikilir, dini icma bundan razıdır, hətta prezidentə təşəkkür də edirlər.Bəs onda başqaları nə istəyir?Bundan da artığını istəyənlər kimlərdir?Buna cavabı hüquq-mühafizə orqanları deməlidir.Çünki artıq bu məsələ dini məsələ yox, siyasi və ya təxribata çəkmə niyyətlərdən xəbər verir.Bəzi xaricdə təhsil almış və oradakı dini şeyxlərinin alt qatdakı siyasi maraqlarına kölə olmuş bəzi din pərdəsi altda gizlənən simalar üzə çıxardılıb ifşa edilməli, onların xidmət etdikləri obyektlər müəyyən edilib cəzaları verilməlidir.Dövlətə və dövlətçiliyə yönələn hər bir niyyət darmadağın edilməlidir.İstər din adı altında olsun, istər başqa adla olsun, fərq etməz.Ölkədə məscid qıtlığı yoxdur.Kifayət qədər ibadət yerləri var. Qıraqdan idarə olunan bu kimi qüvvələr dərhal müəyyən edilməli və lazımi ölçü götürülməlidir”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları