Yuxarı

Yay xəstəlikləri: Ölüm qaşla göz arasında

Yay xəstəlikləri: Ölüm qaşla göz arasında

Baş ağrısından Hepatit A-ya qədər...

Bütün qışı səbirsizliklə gözlədiyimiz yay gəlib. Artıq havaların kəskin istiləşməsi bu istiyə dözümsüzlüklə yanaşı digər problemlər də gətirir. Yay xəstəliklərin özünəməxsusluğu ilə seçildiyi və xüsusu diqqət tələb edən fəsildir. Yay aylarında təkcə uşaqlar yox, böyüklərin də ehtiyatlı olması vacibdir. Çünki həkimlər soyuq havalara nisbətən yay aylarında xəstəliklərin müalicəsinin daha çətin olduğunu bildirir. Yay xəstəliklərinin yayılma üsulları müxtəlifdir.

Hər meyvənin öz zamanı

Bu xəstəliklər əsasən mikroblu qidaların qəbulu nəticəsində ortaya çıxır. İsti hava bağırsaq infeksiyalarının çoxalmasına münbit şərait yaradır. Havanın isti olması mikroorqanizmlərin inkubasiya dövründən çıxıb, fəaliyyətə başlaması üçün çox əlverişlidir. Ən çox da qızmar yay günlərində rütubət artdıqda bağırsaq mikrobları hər yerdə yayılmağa başlayır. İstirahət mərkəzlərində sanitariya qaydalarına riayət edilməməsi, fast-food yeməklər, isti havada açıq satışda olan şirniyyatlar, qazlı su, mənşəyi bəlli olmayan ətlərdən hazırlanmış dönərlər infeksiya yayır. Yuyulmamış meyvələrin qəbulu, vaxtından tez yetişdirilmiş meyvələr də bağırsaq infeksiyalarına səbəb ola bilər. 

Məsələn, qaprızı avqust ayından tez yemək məsləhət görülmür. Bağırsaq infeksiyasına yoluxmuş xəstələrdə qusma, ürəkbulanma, ishal özünü göstərir. Bu əlamətlərin hansısa biri baş verərsə, tez bir zamanda həkimə müraciət etmək lazımdır.

Göyərtidən də zəhərlənə bilərsiz

Eyni zamanda mikroblu sudan istifadə də müxtəlif yoluxucu xəstəliklərin geniş yayıylmasına səbəb olar və sağlamlığınızı təhlükə altına ala bilər. Mikroblu qida və ya su düşdüyü orqanizmdə ümumi zəiflik yaratmaqla ürəkbulanma, qusma, ishal, yüksək hərarət və dehidratasiya (su itkisi) ilə müşahidə olunur. Eyni zamanda isti havada qida zəhərlənmələri daha çox özünü göstərir. Gigiyenik qaydalara əməl edilmədən hazırlanan süd və süd məhsulları (bura dondurma da daxildir), kremli qidalar, yumurtalı qidalar, tərkibində mayonez olan qidalar, sosiska, kolbasa, pendir kimi qidalar və qaydalara uyğun saxlanılmayan ət təhlükə mənbəyidir. Meyvələrdən zəhərlənməyə tez-tez rast gəlinsə də bir çoxları tərəvəzdən belə halların olmadığını düşünür. Halbuki xiyardan və hətta göyərtidən də zəhərlənmə halları ola bilər. Xüsusilə də əgər həmin məhsullar daha çox gübrədən istifadə edilərək hazırlanıbsa və saxlanma şəraiti münasib olmayıbsa, zəhərlənmə mümkündür. 

136 uşağı xəstəxanalıq edən virus

Mütəxəssislər bildirir ki, yayda insan orqanizmi üçün ən təhlükəli bakteriyalar Salmonella və Shigella növündən olan bakteriyalardır. Parazitlər, Hepatit A, Rotavirus da son zamanların təhlükəli virusları kimi tez-tez xatırlanır. Sonuncu ilə təkcə yayda yox, ilin bütün fəsillərində yoluxmaq mümkündür və ötən qış mövsümündə Azərbaycanda rotavirusla yoluxma halları hətta cəmiyyətdə ajiotaj yaradacaq qədər çox olub. Bu yaxınlarda Sumqayıt şəhərində kütləvi zəhərlənən uşaqlarda rotavirus infeksiyası aşkarlanıb. 130-dan artıq uşağın bu virusa yoluxması böyük narahatlığa səbəb olub. Mütəxəssislər bildirir ki, rotavirus böyükləri mədə-bağırsaq sistemini zədələyir, ancaq daha çox uşaqlarda yoluxma hallarına rast gəlinir. Hərarət yüksəlir, mədə-bağırsaq sistemini zədələyir, qusma, ishal halları baş verir. Bəzi hallarda bu xəstəlik hamının tanıdığı qrip kimi başlaya bilər. Buna görə də bəzən rotavirusa bağırsaq qripi də deyirlər. Ağır hallarda uşaq orqanizmində susuzlaşma gedir. Rotavirus ciddi müalicə tələb edir, əks halda nəticə qorxunc olar.

Dəniz xəstəlik yayır 

Əgər yayı Bakıda yaşayırsınızsa və dənizdən faydalanmırsınızsa, o zaman bu istirahət mövsümünü boş keçirmək anlamına gəlir. Ancaq dəniz də hər zaman təhlükəsiz deyil. Xüsusilə də əgər çirklənmə səviyyəsi ilə bağlı aparılan monitorinqin nəticələri qənaətbəxş deyilsə, dəniz ölüm də gətirə bilər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən modul tipli təmizləyici qurğular quraşdırılmış qəsəbələrin sahil zolağında aparılan son tədqiqatların nəticələrinə əsasən,  Abşeron yarımadasında Səbail rayonunun Şıx çimərliyi və Qaradağ rayonunun Sahil çimərliyi çimmək üçün yararsız hesab olunub. Buna görə həmin ərazilərdə vətəndaşların çimməsi məqsədəuyğun sayılmır. Adı qeyd olunan iki çimərliklə əlaqədar olaraq 2010-cu ildə qəbul olunan 83 saylı qərar qüvvədə saxlanılır.

Hovuzda Hepatit A təhlükəsi

Bir çoxları dənzidəki çirklənmədən qorunmaq üçün hovuza üstünlük verir. Ancaq unutmaq olmaz ki, hovuz da düşünüldüyü qədər təhlükəsiz deyil. Xüsuislə də əgər təmizlənməsi ilə bağlı qaydalara birbəbir riayət edilmirsə. Yaxşı dezinfeksiya edilməyən hovuzda göz, qulaq və dəri infeksiyaları ilə yanaşı həzm-tənəffüs sistemi infeksiyaları, sidik kanalı infeksiyaları yayılır. Nəcislə çirklənmiş hovuz isə daha təhlükəlidir. Bu suyun az mqidarda belə daxilə qəbulu ürəkbulanma, qusma və ishal ilə müşahidə edilə bilən qastroenteritə gətirib çıxarar. Qadınlar üçün çirkli hovuz daha təhlükəlidir. Kanalizasiya suları və insan nəcisi ilə çirklənmiş dəniz və hovuzlardan, suyun udulması ilə A tipli sarılığa (Hepatit A) yoluxdura bilər.

Uşaqlar da risk qrupundadır və təhlükədən qorunmaq üçün istirahət üçün getdiyiniz hovuzun necə təmizlənməsinə diqqət yetirin. Hovuzdan çıxdıqdan sonra isti su və sabunla yuyunmaq əsasdır, hovuz paltarının yuyulmadan təkrar istifadəsinə yol vermək olmaz və bu, bütün çimərlik geyimlərinə aiddir. Çirklənmiş hovuz suyunun qulaqla təması nəticəsində xüsusilə, Pseudomonas növündən olan mikrobların səbəb olduğu, əsasən çox ağrılı və qaşınma ilə müşayiət olunan xarici qulaq yolu infeksiyalarına da rast gəlinir. Dəniz və ya hovuz suyuna tez-tez başvurmalar sinüzit riskini artıracağı üçün burun və qulaq tıxaclarından istifadə olunmalıdır.

Eyni zamanda hovuzlarda dezinfeksiya məqsədilə istifadə edilən xlorun kimyəvi konyunktivit deyilən göz xəstəliyinə də səbəb ola bilir. 

Hansı suda çimmək olmaz?

Dəniz həvəskarları üçün hansı suda çimməyin də xüsusi əhəmiyyəti var. Mütəxəssislər səthi köpüklü və yaşıl rəngdə olan suda çimməyi qətiyyətlə tövsiyyə etmir. Bundan başqa suya baş vuran zaman burunun ən azı bir əllə tutulması məsləhət görülür. Dəniz suyunun udulması qarında köpə səbəb ola bilir. Əgər su üstəlik çirklidirsə, xüsusi nəzarət edilməlidir. Dəniz suyu yaralar üçün yaxşı təsir göstərsə də həmin yaraları dənizdən çıxdıqdan sonra isti su və sabunla mütləq yumaq lazımdır. Qulaq infeksiyalarının qarşısını almaq üçün qulaq tıxaclarından istifadə edilməlidir. Göz infeksiyalarının qarşısını almaq üçün sualtı eynəkdən və ya maskalardan istifadə edilə bilər. Kanalizasiya suları qarışan sahələrə yaxın bölgələrdə və şiddətli yağışdan sonra üzmək məsləhət görülmür.

Burundan qan açılarsa...

Yay aylarında qulaq-burun-boğaz bölgəsində görülən xəstəliklər digər aylara görə bir az daha fərqlidir. Bu bölgənin xəstəlikləri vaxtında müalicə edilməzsə, tətildə heç gözlənilməz şəkildə çətinliklərlə qarşılaşıb tətilin problemli keçməsinə səbəb ola bilər. Burun qanaxmaları yayın tez-tez qarşılaşılan problemlərindən biridir. Xüsusilə, quru və isti hava şərtləri və allergik xəstələrin olduğu mühitlər qanaxma riskini artırır. Şiddətli asqırma və burun qurcalanması ilə burun asanca qanaya bilər. Bu səbəblə xüsusilə, burun qanaxmasına meyilli olan balaca uşaqlar, qandurulducu dərmandan istifadə edən ürək və təzyiq xəstələri günün ən isti saatlarında mümkün qədər günəşə çıxmamalıdır. Burun qanaxması olduqda dərhal burunun içərisinə bol soyuq su çəkilərək heç laxta qalmayacaq şəkildə yuyulmalıdır. Bir çoxları elə düşünür ki, burundan qan gəldiyi zaman başı arxaya tutmaq lazımdır, ancaq bu, səhv yanaşmadır. Dik oturub başı yüngül önə əyməklə burun qanadlarına hər iki tərəfdən 5 dəqiqə barmaqlarla təzyiq tətbiq olunmalıdır. Xüsusilə, yetkin xəstələrdə qanaxma səbəbi tez-tez təzyiq yüksəkliyi olduğundan təzyiq ölçülməlidir. 

Yayın ən böyük bəlası: Baş ağrısı 

Yay xəsətliklərindən biri də badamcıq iltihabıdır. Bunun başlıca səbəbi soyuq-buzlu yemək və sərinləşdirici içkilərin istehlakı zamanı istilik dəyişiklikləridir. Məsələn, əgər isit çay içdikdən sonra üstündən buzlu dondurma yeyirsinizsə, badamcıqlarda iltihab başlaya bilər. Bunun qarşısını olduqca sadə üsulla ala bilərsiniz. Buzlu və ya həddən artıq soyuq nəsə yemisinizsə, üstündən çox da soyuq olmayan su için. Qarpız, yemiş kimi giləmeyvələri də yay aylarında soyutmaq üçün soyuducuya qoyuruq. Mütəxəssislər bunun düzgün olmadığını bildirir və daha çox axar su alıtnda soyutmağı məsləhət görür. Nəzərə alın ki, soyuducudan çıxarılan meyvə-tərəvəz mədə-bağırsaq xəstəliklərinə səbəb olar. Onların soyuq-soyuq yeyilməsi mədəaltı vəz, mədə, 12 barmaq bağırsaq, düz bağırsaqda problemlər yaradır. Yay aylarında daha çox təsadüf edilən baş ağrılarının səbəblərindən biri də mədə-bağırsaq xəstəlikləridir. Yəni, ağrıyan başımız yox, əslində mədə-bağırsağımızdır. Buna görə də yayda xəstələnməmək üçün daha çox diqqətli olun!

Sevil Ağazadə





Həftənin ən çox oxunanları