Yuxarı

Hökumət islahatın anonsunu verdi

Hökumət islahatın anonsunu verdi

Akif Nəsirli: "Buna məsuliyyət daşıyıb, bu işə girişmək istəyən insanlar daha çox tərəddüd içərisindədir”

Qalmaqallı Rəqabət Məcəlləsi parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaq. Milli Məclisdən verilən məlumata görə bu, "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” ölkə prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında nəzərdə tutulub. Plana əsasən, 2017-ci ildə aşağıdakı tədbirlərin görülməsi nəzərdə tutulub:

1. Avropa qanunvericiliyinə uyğunlaşdırma ilə əlaqədar müddəaların qanunvericilikdə təsbit olunması;
2. Rəqabət qanunvericiliyinin pozulması haqqında işlərə baxan komissiyanın hüquq və vəzifələrinin artırılması, qərarların müstəqil qəbul edilməsinin təsbit edilməsi;
3. Antiinhisar qanunvericiliyi ilə bağlı yerində yoxlamaların aparılması və sübutların götürülməsi zamanı təsərrüfat subyektinin öncədən məlumatlandırılmasının qarşısının alınması.

Bununla əlaqədar qanun layihəsinin üzərində son tamamlanma işləri görülməkdədir. Rəqabət Məcəlləsi payız sessiyasının gündəliyinə daxil ediləcək. Qeyd edək ki, Rəqabət Məcəlləsi 2006-cı ildə prezident tərəfindən Milli Məclisə təqdim edilib. Bu qanun layihəsi  iki oxunuşdan keçsə də, hələ də 3-cü oxunuşa təqdim edilməyib. Beləliklə, Rəqabət Məcəlləsi 11 ildən sonra müzakirəyə çıxarılır. Maraqlıdır, Milli Məclis bu qalmaqallı qanun layihəsini qəbul edəcəkmi? Rəqabət Məcəlləsinin qəbulu ölkə iqtisadiyyatına nə verəcək?

İqtisadçı-ekspert Akif Nəsirli "Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycan bazar iqtisadiyyatı modelini qəbul edirsə, bu model üzərində öz iqtisadiyyatını qurursa, Rəqabət Məcəlləsi olmalıdır: "Azərbaycan elan etmişdi ki, bazar iqtisadiyyatı modelini özü üçün məqbul sayır və onu qəbul edir. Hesab edirəm ki, bu qanun o vaxt qəbul edilməli idi. Lakin bu Məcəllənin qəbul edilməsi məsələsi gündəmə gələndə həm ictimaiyyət nümayəndələrinin, həm iqtisadçıların, həm də deputatların uzunmüddətli  müzakirələri oldu. Güman edirəm ki, payız sessiyasında Rəqabət Məcəlləsi qəbul ediləcək. Lakin bu məcəllənin qəbul edilməsi o demək deyil ki, dərhal Azərbaycan iqtisadiyyatında rəqabət mühiti formalaşacaq. Bu, yalnız hüquqi bazanın əsasıdır. Azərbaycan hökuməti bunun ardınca müvafiq tədbirlər həyata keçirməlidir. Hökumət ilk növbədə rəqabət mühitinin formalaşması üçün monopoliyanı aradan qaldırmalıdır. Bundan əlavə monopoliya haqqında xüsusi qanun qəbul edilməlidir. Yaxud da monopoliyanın həcmi Rəqabət Məcəlləsində öz əksini tapmalıdır. Ənənəvi olaraq bazar iqtisadiyyatı ölkələrində elan edilir ki, bir sahibkar yalnız filan qədər vəsait qoya bilər. Yəni, vəsaitin həcmi açıqlanır. Göstərilən həcmdən artıq vəsait qoymaq monopoliyaya iddialı olmaq deməkdir. Ölkədə monopoliya varsa, rəqabət yoxdur. Əgər rəqabəti formalaşdırmaq istəyiriksə, mütləq monopoliyanı aradan qaldırmalıyıq”.

İqtisadçının qənaətincə, Rəqabət Məcəlləsinin qəbuluna qədər ciddi şəkildə müzakirələr aparılmalıdır: "Həmin qanun layihəsi bütün incəliklərə qədər detallı şəkildə işlənilməlidir. Rəqabət Məcəlləsi əslində bu sahədə çərçivə qanunu kimi qəbul edilməlidir. Bundan sonra normativ hüquqi aktların qəbulu mümkün olsun. Hesab edirəm ki, Milli Məclisdə dünya iqtisadiyyatından xəbəri olan təcrübəli deputatlarımız var. Həmçinin hökumətin də imkanları var ki, dünya təcrübəsini öyrənsin. Qanunu işlək mexanizmə gətirmək üçün onu qəbul etməklə iş bitmir. Bu qanunun vətəndaş cəmiyyəti tərəfindən vətəndaşlara çatdırılması üçün layihələr həyata keçirilməlidir. İqtisadi sahədə çalışan QHT sektoruna müəyyən layihələr təklif olunmalıdır ki, qanunun işlək mexanizminin yaradılması üçün stimullaşdırıcı tədbirlər həyata keçirsinlər. Bu gün Azərbaycanda monopoliyanın aradan qaldırılması, çox gərgin və çətin bir işdir. Bu prosesin tam axıra qədər çatdırılması şətindir, amma mümkünsüz deyil. Buna məsuliyyət daşıyıb, bu işə girişmək istəyən insanlar daha çox tərəddüd içərisindədir. Doğrudur, rəqabət mühitinin formalaşması üçün hüquqi bazanın yaradılması əsas şərtdir. Amma bunun ardınca monopoliyanın aradan qaldırılması prosesinə başlanılmalıdır”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları