Yuxarı

Tarif Şurasının "tərifli” qiymətləri

Tarif Şurasının

Natiq Cəfərli: "Azərbaycan istəsə belə, elektrik enerjisini xaricə baha sata bilməz”

Bu ilin ilk yarısında xarici ölkələrə 584 milyon 427 min kVt/saat elektrik enerjisi ixrac edilib.Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatlarda bildirilir ki, xaricə satılan elektrik enerjisinin gömrük dəyəri əvvəlki aylarla müqayisədə dəyişməz qalıb. İlk 5 ayda olduğu kimi ilk 6 ayda da xaricə satılan elektrik enerjisinin qiyməti 4 sent və ya 7 qəpik təşkil edib. Bu isə daxili bazarda satılan elektrik enerjisinin qiymətindən ucuzdur.Qeyd edək ki, elektrik enerjisinin daxili bazardakı qiyməti 11 qəpiyə (limitdən - 300 kVt/saat-dan artıq olduqda) bərabərdir.

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə bildirib ki, xarici bazarda elektrik enerjisinin özünün tarifləri var: 

"Biz istəsək belə, elektrik enerjisini baha sata bilməyəcəyik. Ətraf ölkələrdə elektrik enerjisinin tarifləri imkan verir ki, Azərbaycanda da məcburən bu tariflərə üstünlük verilsin.Eyni zamanda bu tariflərlə bazara çıxmağa məcbur edir. Çünki elektrik enerjisini baha satsaq, heç kim almayacaq. Ona görə də xarici bazarda qiymətləri bazar, tələb, təklif və rəqabət qanunları tənzimləyir.Daxili bazarda isə qiymətləri dövlət tərəfindən Tarif Şurası tənzimləyir.Ən bəsit izahı budur.Yəni daxildə rəqabətli mühit yoxdur."Azerenerji” elektrik enerjisini istehsal edən və paylayan digər şirkətlər dövlətə məxsusdur.Dövlətə məxsus olduğu üçün Tarif Şurası tərəfindən qiymət müəyyənləşdirilir.Heç bir rəqib şirkət yoxdur ki, rəqabətli mühit yaransın və vətəndaş üçün seçim imkanları açılsın.Halbuki xarici ölkələrdə biz bunu görürük və geniş yayılmış bir praktikadır”.

Ekspert İngiltərədən misal gətirib: "Londonda 12 şirkətlə müqavilə bağlamaq şansı var. Hansı şirkət London ərazisində daha yaxşı xidmət göstərə bilirsə, onunla əməkdaşlıq edilir”.

Ekspertin sözlərinə görə, Azərbaycanda da bu sistem həyata keçirilməlidir: "Məsələn, ölkədə fəaliyyət göstərən bir neçə internet xidmətlərini seçə bilirik. Bir neçə şirkət fəaliyyət göstərir.Hansı daha keyfiyyətli və daha yaxşıdırsa, onun xidmətindən istifadə edirik.Londonda da əhali elektrik enerjisi şirkətlərini belə seçə bilir.Bizim elə bir şansımız olmadığına görə elektrik enerjisinin qiymətlərini dövlət müəyyənləşdirir.Xaricdə isə rəqabətli mühit olduğu üçün qiyməti bazar müəyyənləşdirir.Ona görə də Azərbaycan istəsə belə, elektrik enerjisini xaricə baha sata bilməz”.

Ekspert əlavə edib ki, dövlət istəsə, daxili bazara elektrik enerjisini ucuz qiymətə sata bilər. Yəni, bu məsələ birbaşa dövlətdən asılıdır: 

"Həm "Azerenerji”, həm də "Azərişıq” həmişə rəsmi rəqəmlərdə ziyanla işlədiklərini bilidirirlər. Bu günə qədər də normal izah verməyiblər ki, nəyə görə inhisarçı olduqları, dövlətdən dəstək aldıqları bir bazarda ziyanla işləyirlər.Qiymət artımının səbəbi kimi məhz ziyanla işlədiklərini və maya dəyərinin yüksək olduğunu əsas gətirirlər.Ona görə də əhaliyə verilən elektrik enerjisinin qiymətinin qaldırıldığını bildirirlər.Bu şirkətlərin idarəetməsində yaranan problemlər Azərbaycan vətəndaşının çiyninə düşür və vətəndaşlar tariflərin artırılması yolu ilə həmin şirkətlərin normal ölçüdə, eləcə də rentabelli işləməməsinin nəticəsi olaraq öz ciblərindən onlara əlavə vəsait ödəməli olurlar.Sonuc etibarilə bu şirkətlərin özlərində və idarəetməsində problemlər mövcuddur.Onların idarəetməsinin effektliyi artsa, təbii ki, Azərbaycanda elektrik enerjisinin qiymətini kifayət qədər aşağı salmaq mümkündür”.

Ümumilikdə isə Azərbaycan kommunal xidmətlərin baha olduğu ölkələrə daxildir.Avropa Statistika İdarəsinin məlumatlarına görə, bu ilin əvvəlindən ötən dövr ərzində 20 Avropa ölkəsində elektrik enerjisinin tarifləri aşağı düşüb.22 ölkədə isə tariflər artırılıb.Elektrik enerjisinin tarifi ən çox Ukraynada artıb.İlin əvvəlindən ötən dövr ərzində Ukraynada elektrik enerjisi tarifləri 60%-ə yaxın artıb. Ukraynadan sonra elektrik enerjisinin tarifləri ən çox İslandiyada (16,8%), Norveçdə (13,7) və Belçikada (16,7%) artıb. Ən az artım isə Belarusda (0,3%), Maltada (0,4%), Çexiyada (0,9%), Finlandiyada (1%) və Almaniyada (1,1%) qeydə alınıb. 

Elektrik enerjisi tariflərində ən yüksək azalma isə Böyük Britaniyada qeydə alınıb. Bu ölkədə elektrik enerjisi tarifləri 16,1% ucuzlaşıb. Bundan başqa elektrik enerjisi tarifləri Hollandiyada 13,8%, Kipirdə isə 11,8% aşağı salınıb. Ən az ucuzlaşma isə Sloveniyada qeydə alınıb - cəmi 0,1%.

Avropada ən ucuz elektrik enerjisi bu il qeydə alınan 60%-lik artıma baxmayaraq Ukraynada satılır. Bu ölkədə elektrik enerjisinin hər kVt/saatı əhaliyə 3,3 sent (5,6 qəpiyə) təqdim olunur. 2,6%-lik bahalanmadan sonra Qazaxıstan ən ucuz elektrik enerjisinin satıldığı 2-ci ölkə olub. Qazaxıstanda da 1 kVt/saat enerjinin dəyəri 3,3 sentə bərabərdir. Ucuz enerji satan ölkələrin sıralanmasında növbəti yerlərdə Gürcüstan, Rusiya, Belarus, Azərbaycan, Serbiya və Ermənistan yer alır. Gürcüstanda elektrik enerjisinin 1 kVt/saatı 4 sent, (6,7 qəpiyə), Rusiyada 5,1 sentə (8,6 qəpiyə), Belarusda 5,6 sent (9,5 qəpiyə), Azərbaycanda 6,5 sent (11 qəpiyə), Serbiyada 7 sent (11,7 qəpiyə), Ermənistanda isə 9,2 sent (15 qəpiyə) sentə bərabərdir. Avropa ölkələri arasında ən bahalı elektrik enerjisi Danimarkada satılır. Bu ölkədə 1 kVt/saat enerjinin dəyəri 33 sentə (55,4 qəpik) bərabərdir. İkinci sırada qərarlaşan Almaniyada 1 kVt/saat elektrik enerjisi 31,8sentə (53,5 qəpik) satılır. Elektrik enerjisinin baha satıldığı ölkələrin ilk beşliyini Belçika, Portuqaliya və İtaliya tamamlayır. Belçikada 1 kVt/saat elektrik enerjisinin dəyəri 29,3 sent (49,3 qəpik), Portuqaliyada 25,3 sent (42,5 qəpik), İtaliyada isə 25 sentə (42 qəpik) bərabərdir. 

Bunlardan başqa İrlandiya, İspaniya, Avstriya, İsveçrə və Böyük Britaniya da elektrik enerjisinin baha satıldığı ölkələr sırasında yer alıblar. Qardaş Türkiyədə elektrik enerjisinin dəyəri Azərbaycanla müqayisədə təxminən 2 dəfə bahadır - 1 kVt/saat 12,8 sentdir (21,5 qəpik).

Alçina Amilqızı





Həftənin ən çox oxunanları