Yuxarı

Büdcəni "yeyən” məmurlara cinayət işi

Büdcəni

Yeyinti faktları olsa da, cəza mexanizmi yoxdur

Natiq Cəfərli: "Başqa yolla büdcə korrupsiyasının qarşısını almaq mümkün olmayacaq”

Ölkənin maliyyə sistemindəki ciddi problemlər büdcə xərcləmələrinin azaldıması ilə nəticələnir. Büdcə vəsaitlərinin azaldığı, xərclərin məhdudlaşdırıldığı bir dövrdə büdcə təşkilatlarının yeyintiyə yol verməsi vəziyyəti daha da kəskinləşdirir. Hesablama Palatasının 2016-cı il büdcə vəsaitlərinin xərclənməsi istiqamətində bir çox dövlət qurumlarında apardığı yoxlamalar zamanı külli miqdarda yeyinti aşkar olunub. Bu barədə Palatanın yaydığı məlumatda bildirilir ki, Mədəniyyət və Turizm Nazirliyi, 14 icra hakimiyyəti və bir sıra regional maliyyə qurumlarının büdcə vəsaitlərinin xərclənməsində yeyintiyə yol verilib.

Hesablama Palatasının açıqladığı son məlumatda isə artıq yeyintiyə gedən 5 milyon manat vəsaitin büdcəyə bərpa edildiyi əksiyi tapıb. Ancaq yoxlamaların nəticəsində aşkarlanan yeyinti faktları ilə bağlı hansısa məmurun cəzalandırılması il bağlı məlumat hələ ki, yoxdur. Qeyd edək ki, Hesablama Palatası yoxlamaların nəticələri ilə hesabatı Milli Məclisə təqdim edir və müzakirəyə çıxarılır. Maraqlı sual ortaya çıxır. Əgər dövlət qurumlarında yeyinti faktları sənədlərlə etiraf edilir və bununla bağlı məlumat qanunverici orqana təqdim edilirsə, Hesabalama Palatasının aşkarladığı nöqsanlarla bağlı hansısa məmur cəza alırmı?

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə açıqlamasında Palatanın rəyi əsasında hələ ki, cəza mexanizminin olmadığını deyib. Onun sözlərinə görə, cəza mexanizmi olmadığı üçün büdcə korrupsiyasının qarşısını almaq mümkünsüz olur: "Təbii ki, indiki şəraitdə, yəni büdcə xərclərinin azaldığı bir zamanda Hesablama Palatsının işi vacib və çox institusional xarakter daşımalıdır. Büdcə gəlirlərinin bol olan vaxtı o qədər də ciddi nəzarət mexanizmləri işlənib hazırlanmamışdı. Çünki neftdən gələn gəlirlər bəzən büdcə gəlirlərindən 2-3 dəfə artıq olurdu. Cəmi 10 il öncə Azərbaycan büdcəsi dollar ekvivalentində 8 milyard dollara yaxın idi. Amma həmin il Azərbaycana neftdən 19 milyard dollar daxil olmuşdu. Yəni, vəsaitin bol olan vaxtında bu tip yoxlamalar ciddi əhəmiyyət daşımırdı.

İndi isə bu yoxlamalar çox əhəmiyyətlidir və Hesablama Palatası ən mühüm qurumlardan biri olmalıdır. Sadəcə olaraq bunun mexanizmləri qanunvericilikdə təsbit olunsa da reallıqda Palatanın apardığı yoxlamalar nəticəsində cinayət işi açılmasının heç şahidi olmamışıq. Əslində isə Hesablama Palatasının apardığı yoxlamalar nəticəsində cinayət işi açılmalıdır və qanunvericilikdə də bu təsbit olunub. Amma Azərbaycanda maksimum hansısa məmurun işdən çıxarıldığını görürük. Təəssüf ki, ciddi yoxlamaların aparıldığını, cinayət işinin açıldığını görmürük. Halbuki Hesablama Palatasının əsas işi məhz bundan ibarət olmalıdır. Cəza mexanizmləri işlənib hazırlanmasa, sərt şəkildə tətbiq olunmasa, təbii ki, büdcə korrupsiyasının qarşısını almaq da mümkün olmayacaq”. 

Natiq Cəfərli hesab edir ki, Hesablama Palatasının demək olar ki, apardığı bütün yoxlamalar cinayət işlərinin açılması üçün əsas verir: "Hüquq-mühafizə orqanları Hesablama Palatası ilə bir yerdə bu yoxlamaların nəticəsində cinayət işi açmalı və sərt cəza mexanizmləri tətbiq olunmalıdır. Başqa yolla büdcə korrupsiyasının qarşısını almaq mümkün olmayacaq. Bir çox ölkələrin keçdiyi yol da bunu sübut edir. Yəni, dünya ölkələrində ən hörmətli, ən çox sözünə qulaq asılan orqanlardan biri Hesablama Palatasının funksiyalarını yerinə yetirən Büdcə Nəzarəti Komissiyalarıdır. Məsələn, Sinqapur islahatlara başlayanda həmin quruma çox böyük səlahiyyətlər verildi. Nəticədə isə büdcə korrupsiyasının qarşısını almaq istiqamətində çox böyük işlər görüldü. Ən yüksək vəzifəli məmurlar belə çox ciddi cəzalara məruz qaldılar. Ona görə də Sinqapur bu gün korrupsiyasız ölkələr siyahısında birinci yerdədir. Bu çox vacib bir institusional orqandır. Amma cəza mexanizmi olmasa, onların gördüyü işin heç bir effekti də olmayacaq”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları