Yuxarı

Turistlərin Bakı macəraları

Turistlərin Bakı macəraları

Paytaxt Bakı və bəzi bölgələrdə əcnəbi turistlərin sayında ciddi artım hiss edilir. Paytaxtın az qala bütün hotelləri, Qəbələ, Qax kimi rayonların isitrahət mərkəzlərində xüsusilə, rus və ərəb tursitlər çoxluq təşkil edir. Obyekt sahibləri razılıq edir, ölkədə devalvasiyanın yaratdığı çətinliklərlə istirahəti daha bir müddət təxirə salan yerli turistlərin boş qalan yerlərini onlardan daha pullu ərəblərin doldurması onları xeyli rahatladıb. 

Pullu turistin nazı

Doğrudur, yerlilərə nisbətən əcnəbilərlə bir az çətinliklər var, əsasən də xidmətin səviyyəsində yerlilərin tələbi məhz elə yerli xüsusiyyətlər nəzərə alınaraq daha az olur. Əcnəbilər isə verdikləri pul müqablində daha yaxşı xidmət istəyir ki, buna heç də bütün məkan sahibləri hazır deyil. Elə həmsöhbətimiz olan, Bakıdakı istirahət mərkəzlərindən birinin administratoru da bundan şikayətçidir. Dediyinə görə, obyektin sahibi ingilis dilini az-çox bilən yeni ofisiant işə götürməli olub. Amma bunu öz cibindən yox, digər ofisiantların maaşından 50 manat kəsməklə edib. Yəni, öz qazancı üçün 6 nəfərin qazancına şərik olub. Çünki həmin ofisiantlaırn heç biri əcnəbilərlə ünsiyyət qurmaq üçün ingilis və rus dilini bilmir, buna görə də obyekt sahibi müştərini qaçırmamaq üçün müvəqqəti də olsa, yeni işçi götürmək tələbi ilə razılaşmalı olub. 

"Çay pulu” da vermirlər

Yeni işçinin işə götürülməsi digər 6 işçinin maaşının 50 manat azalması hesabına başa gəlib. Ofisiantlar narazılıq etməyib, çünki bunun heç bir nəticəsinin olmayacağını bilirlər. Ümidləri ancaq əcnəbi turistlərin verəcəyi "çay pulu”nadır. Amma deyəsən, burda da ümidləri doğrultmayacaq. Bir neçə günlük işdən sonra məlum olub ki, əcnəbi turistlər, xüsusilə də ərəblər "çay pulu” verməkdə o qədər də maraqlı deyillər. MDB ölkələrindən gələnlər və eləcə də yerlilər "çay pulu” verməklə ofisiantları az da olsa sevindirir. 

Yüz minləri gürcülərə "uduzuruq”

Son 2 ildə Azərbaycana gələn turistlərin sayında xeyli artım var. Bu ilin birinci yarısında Azərbaycana səfər edənlərin sayında artım qeydə alınıb. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu ilin birinci yarısında Azərbaycana gələn xarici vətəndaşların ümumi sayında Rusiya 374 min 491 nəfərlə (17% artım) ilk yerdə qərar tutub. Sonrakı yerlərdə Gürcüstan (254 425 nəfər, 4% artım), İran (180 103 nəfər, 89% artım), Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) (44 196 nəfər, 338% artım), Ukrayna (27 342 nəfər, 14% artım) və İraq (19 355 nəfər, 75% artım) vətəndaşlarının xüsusi çəkisi daha çox olub. Bu dövrdə Türkiyədən Azərbaycana 138 min 692 nəfər gəlib ki, bu da ötən illə müqayisədə 7,6% azalma deməkdir. 

Məlumata görə, bu ilin ötən dövründə ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayında böyük artım nəzərə çarpır. 2016-cı ilin ilk altı ayı ilə müqayisədə bu ilin ilk yarısında Omandan 16 dəfə, Küveytdən 8, Səudiyyə Ərəbistanından 6, Qətərdən 5, Mərakeşdən 5, BƏƏ-dən 4,4, Pakistandan 3,5, Əlcəzairdən 3,5, İordaniyadan 2,2, Türkmənistandan 2 və İraqdan təxminən 1,5 dəfə çox turist ölkəmizə gəlib. Bundan başqa, regionlar üzrə isə MDB ölkələri (12 %), Avropa İttifaqı ölkələri (13 %) İran Körfəzi və Yaxın Şərq ölkələri (117%), Asiya ölkələri (64,4%), Afrika ölkələri (72%), Amerika və Avstraliyadan (22,8%) ölkəmizə səfər edən xarici vətəndaşların sayında da artım baş verib. Rəqəmlər göstərir ki, ölkəyə gələnlərin əksəriyyəti ərəb ölkələri və İranın payına düşür. Belə ki, bu ilin ilk 6 ayında İrandan 180 103 nəfər, Birləşmiş Ərəb Əmirliklərindən 44 196 nəfər və İraqdan 19 355 nəfər gəlib. Elə həmin dövrdə İrandan Gürcüstana 400 minə yaxın, ərəb ölkələrindən 240 minə yaxın turist gəlib. 

Deməli, hələ qonşu Gürcüstanla turist yarışmasında yüz minlərlə geriyik. Bəs görəsən, turistlər Azərbaycanda kimə nə qzandırıb? Hansı sahələr bu səfərlərdən qazanc götürüb? 

Ərəblər əyləncəni sevir

Müşahidə və söhbətlər göstərir ki, turist səfərlərinin çoxluğundan ən çox qazancı xidmət və əyləncə sektoru götürür. Xüsusilə, ərəb ölkələrindən gələn turistlər hotellərdə qalmağa üstünlük verir və tarixi, görməli məkanlardan daha çox əyləncə məkanları ilə maraqlanırlar. İrandan gələn turistlərin maraq dairəsində isə həm tarixi məkanlar və gəzməli, görməli yerlər, həm də əyləncə mərkəzləri var. MDB ölkələrindən, xüsusilə də Rusiyadan gələn turistlər üçün tarixi məkanlara getmək daha maraqlıdır. Bakıdakı əyləncə onlar üçün o qədər də maraqlı deyil. Ərəb ölkələrindən gələnlər daha çox hotellərdə qaldıqları halda, İran və MDB məkanından gələnlər nisbətən ucuz qiymətə evlərdə qalmağa üstünlük verirlər. Bu zaman xərcin nisbətən azalması əsas götürülür. 

"10-12 nəfəri yerləşdirəcək ev yoxdur”

Yay aylarında boşalan ev bazarı üçün bu yaxşı fürsətdir. Eyni zamanda ev bazarında vasitəçilikə məşğul olanlar üçün də turist mövsümü qazanclıdır. Artıq ikinci ildir ki, əcnəbi turistləri gətirən tur şirkəti ilə əməkdaşlıq etdiyini deyən Ramiz Seyidov "Cümhuriyət”ə bildirib ki, əsasən mənzil və daşınma problemlərinin həllinə kömək edir: "Ərəblər hotellərdə qaldıqlarına görə onlara ev təklif etmirik. Nadir hallarda evdə qalmaq istəyənlər olur, amma ərəblərə ev vermək bir az çətin məsələdir. Çünki qrupda bəzən 10-12 adam olur, çox sayda uşaqlar və qadınlar var, onların tələbatını ödəyəcək boş ev tapmaq çətindir. Bakının mərkəzində qalmaq istəyirlər, uzaqda qalmaq onlara sərf etmir, çünki demək olar bütün gün ancaq mərkəzdə gəzirlər, isti hava da onlara təsir etmir, yəqin öyrəşdiklərinə görə günün ən qızmar vaxtında da gəzə bilirlər. Şəhərin əsasən mərkəzinə maraq göstərirlər, oradakı məkanlarda günlərini keçirirlər”. 

Muzeyə yox, restorana...

Alış -verişə İrandan gələn turistlər qədər maraqı deyillər. Amma pul xərcləməkdə xəsislik etmirlər. Hoteli əsasən özləri tapır, nəqliyyat xidmətində kömək edirik. Əsasən burda qaldıqları müddətdə bir taksi sürücüsü ilə anlaşırlar. İndiyə qədər hansısa ərəb turistin muzey, yaxud tarixi abidə soruşduğunu görməmişəm. İrandan gələnlər brend malların satıldığı alış-veriş mərkəzlərini dərhal öyrənirlər. Amma restoranlar onlar üçün maraqlı deyil. Gecə əyəncəsinə həm ərəblər, həm də İrandan gələnlər maraq göstərir”. 

Ərəblər kolbasa, İrandan gələnlər kabab yeyir 

Restoranlar da turist bolluğundan razı görünür. Ancaq nədənsə turistlərə xidmətin səviyyəsi barədə danışmağa o qədər də meyilli olmurlar. Müşahidələr göstərir ki, artıq Bakı restoranlarının əksəriyyətində menyu Azərbaycan, rus, ingilis dilləri ilə yanaşı ərəb dilində də yazılır. Yenidən menyu çap etməyi əlavə xərc hesab edənlər də var. Onlar menyunu ərəb dilinə çevirməsələr də qiymətləri dollara çevirərək xüsusi kağızda menyuya yapışdırırlar. Restoran əməkdaşlarının dediyinə görə, ərəblərin damaq dadı o qədər də fərqli deyil. Azərbaycana gəlməzdən əvvəl Türkiyənin turizm bölgələrinə dəfələrlə səyahət edən turistlər üçün mətbəx müəyyən qədər tanışdır. "Azərbaycan mətbəxindən isə əsasən kabab, dolma, dovğanı xoşlayırlar. Kababı daha çox yeyirlər. Ətin halal-haram olması ilə maraqlananlar da var. Əsasən kolbasa gətirəndə halal olub-olmadığını soruşurlar. Biz də halaldır deyirik. Sübut istəmirlər. İndiyə qədər biri də deməyib ki, gətirin üstünə baxaq görək, halal yazılıb? Yəqin inanırlar. Biz də halal kolbasa alırıq. İrandan gələnlər kolbasanı ərəblərdən çox sevir. İrandan gələn qonaqlarda kolbasanın halal olması ilə maraqlanan görməmişəm. Mənim rastıma çıxmayıb, bəlkə başqalarından soruşublar. Ərəblər düyü yeməklərini də çox sifariş edirlər. İrandan gələnlər düyünü ölkələrində çox yediklərini deyib əsasən milli mətbəxdən, ya da Türkiyə mətbəxindən seçim edirlər”,- deyə Bakı restoranlarından birinin ofisiantı olan gənc bildirir. 

Qəpiyə-qəpik hesab

Ödəməyə gəlincə, gənc həmsöhbətimiz deyəsən bir az narazıdır: "Ərəblər də, İrandan gələnlər də, elə ruslar da hesabı qəpiyə-qəpik ödəyir. Bir fərqləri var ki, ərəblər qiymətlə sonunda maraqlanır, İrandan gələnlər əvvəldə...”

Sevil Ağazadə





Həftənin ən çox oxunanları