Yuxarı

İbrahim Mehdiyevlə başlayan siyahı

İbrahim Mehdiyevlə başlayan siyahı

Azərbaycan prezidenti İlham Əliyev Yasamal rayonunda yeni salınan parkla tanış olub.

"Cümhuriyət” qəzeti xəbər verir ki, açılışda çıxış edən dövlət başçısı yaşıllıqların qanunsuz məhv edilməsindən də danışıb. İlham Əliyev bildirib ki, bununla bağlı yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəy verməli və əgər hansısa dövlət əhəmiyyətli bir layihə üçün ağaclar götürülməlidirsə, onların yeri dəyişdirilməli və yeni ağaclar əkilməlidir. 

"Buna görə mən bu məsələdən xəbər tutan kimi dərhal göstəriş verdim, şəhər icra hakimiyyətinin başçısını buraya göndərdim və nəticədə belə gözəl bir ictimai yer yaradılıb. Yeni park bu binalarda yaşayan vətəndaşlar üçün istirahət yeridir. Əlbəttə ki, burada hündürmərtəbəli böyük binalar tikilsəydi, bu, ətrafda yaşayan insanlar üçün də problem yaradardı. Ona görə şəhərimizin bu ərazisində yeni park salınıb və hesab edirəm ki, bu, çox əlamətdar hadisədir. Bir daha demək istəyirəm, bu parkın xüsusi tarixçəsi vardır və bütün qurumlara da, şirkətlərə də, iş adamlarına da dərs olacaq ki, ağacı kəsirsənsə, cəzan cərimə ilə bitməyəcək”, - deyə dövlət başçısı qeyd edib.

İcra başçıları üçün gərgin dönəm

Xatırladaq ki, Yasamal rayonunun "Ovçular” adlanan ərazisində yaşayan sakinlər bir neçə ay əvvəl burada ağacların və yaşıllıqların icra hakimiyyəti tərəfindən qanunsuz şəkildə məhv edildiyini demişdilər. Sakinlərin şikayətlərinə görə, ərazidəki ağaclar və yaşıllıqları məhv edən rayon icra hakimiyyəti buranı özəl şirkətə qanunsuz olaraq satıb. Yalnız prezidentin göstərişindən sonra sakinlərin iddiaları təmin olundu və başlamış inşaat işi dayandırıldı və ərazidə park salındı. Bundan sonra adı "Hacı Cavad” məscidinin də qanunsuz olaraq sökülməsində hallanan Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev prezidentin sərəncamı ilə vəzifəsindən uzaqlaşdırıldı.
Prezident İlham Əliyevin bir neçə gün əvvəl Nazirlər Kabineti ilə keçirdiyi iclasında icra başçılarını səmərəsiz fəaliyyətinə görə sərt formada tənqid etməsi də göstərir ki, qanunsuz və bacarıqsız fəaliyyətinə görə, öz vəzifəsini itirən yeganə icra başçısı İbrahim Mehdiyev olmayacaq. Hesab etmək olar ki, il ərzində icra başçıları ilə bağlı daha sərt tədbirlərin görülməsinin şahidi ola bilərik. İlham Əliyev iclasda da bu məsələnin üzərində dayandı.

Prezidentdən xəbərdarlıq

Prezident çıxışında ölkə iqtisadiyyatına özəl sərmayələrin artırılmasının vacibliyi haqda danışdı, bu məsələdə təkcə mərkəzi icra orqanlarının deyil, yerli icra orqanlarının da üzərinə məsuliyyətin qoyulduğunu xatırlatdı: Bəzi hallarda yerli icra orqanları investorlara kömək etmək əvəzinə problemlər yaradırlar, nəticədə özəl investisiyalar iqtisadiyyatdan yayınır. 

Bunlara son qoyulmalıdır. İlin sonunda - dekabr ayında Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyi mənə məlumat, siyahı verməlidir ki, hansı rayona nə qədər özəl sərmayə cəlb olunub. Hər bir icra başçısının işinə, o cümlədən, bu göstəriciyə görə qiymət veriləcək”.

İri şəhərlər hədəfdə

Prezidentin çıxışından gəlinən ehtimal bu idi ki, fəaliyyətlərində ciddi araşdırmalar aparılacaq bir sıra icra başçısı ilin sonunadək öz postunu itirəcək. Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyinin icra hakimiyyətləri başçılarının fəaliyyətlərinin araşdırılması işinə cəlb edilmələri də bu ehtimalı artırır. Monitorinqlərdən bir sıra icra başçısının öz yerini itirəcəyini indidən demək mümkündür. Hesab olunur ki, "təmizləmə əməliyyatları”nda il ərzində müvafiq qurumlara barələrində ən çox şikayət olunan, qeyri-etik hərəkətləri ilə tez-tez gündəmə gələn icra başçılarına daha çox üstünlük veriləcək. Monitorinqlərin Bakı və paytaxtın bir sıra rayonları ilə yanaşı, digər iri şəhərlərdə - Sumqayıt, Gəncə, Lənkəran, Şirvan, Mingəçevir və başqa bölgələri əhatə edəcəyi gələn məlumatlar arasındadır. Bu da təsadüfi hesab olunmur, qeyd olunur ki, adları çəkilən və digər şəhərlər yaşıllıqlarının qanunsuz yerə məhv edildiyi ərazilərinin ayrı-ayrı iş adamlarına satılması ilə bağlı ən çox adları hallanan bölgələrdir.

Mənsur





Həftənin ən çox oxunanları