Yuxarı

Korrupsiyaya görə cəza alanlar...

Korrupsiyaya görə cəza alanlar...

Taleh Əliyev: "İşdən çıxarılan məmurların fəaliyyətinin araşdırılması xeyli sayda korrupsiya faktlarını ortaya qoyur”

Korrpusiyaya qarşı mübarizə bütün dünya ölkələrində aktualdır. İnkişaf etmiş Avropa və dünya ölkələrində korrupsiyaya görə cəzalar çox ciddi şəkildə tətbiq olunur. Ötən gün Çində 210 min məmur korrupsiyaya görə ciddi cəza ilə üz-üzə qalıb. Azərbaycanda da korrupsiyaya görə müəyyən zamanlarda cəzalandırılan məmurlar olub. 17 iyul tarixində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 2017-ci ilin I yarımili ərzində görülmüş işlərlə bağlı hesabat yayımlayıb və bu hesabatda da müxtəlif faktlar üzrə cəzalandırılan şəxslər haqqında məlumat verilib. 

Qeyd edək ki, hesabat iyulun 17-də Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2017-ci ilin I yarımili ərzində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökümət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransında təqdim edilib. Məlumata görə hesabat dövrü ərzində Baş İdarənin əməliyyat qurumları öz vəzifələrini uğurla icra edərək keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 2, habelə əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 6 olmaqla cəmi 8 cinayət işi başladılıb. 2017-ci ilin I yarımili ərzində Baş İdarədə dövlət və özəl sektorda çalışan 133 vəzifəli şəxs barəsində 103 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Həmin cinayət işləri 54 şəxs barəsində 43 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 34 şəxs barəsində 27 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 19 şəxs barəsində 14 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 3 şəxs barəsində 2 iş rüşvət alma (passiv rüşvətxorluq), 11 şəxs barəsində 5 iş rüşvət vermə (aktiv rüşvətxorluq), 4 şəxs barəsində 4 iş vəzifə saxtakarlığı, 2 şəxs barəsində 2 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, 2 şəxs barəsində 2 iş hüquq verən rəsmi sənədləri istifadə etmə məqsədi ilə  saxtalaşdırma, qanunsuz hazırlama və istifadə etmə, 3 şəxs barəsində 3 iş kompüter sisteminə qanunsuz daxil olma və qalanları digər cinayət faktları ilə əlaqədar olub. Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 12.804.958 manat ziyanın ibtidai araşdırma mərhələsində 3.612.243 manat və ya 28,2 faiz ödənilməsi təmin edilmiş, həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə əmlak üzərinə həbs qoyulması ilə yanaşı, qanunla nəzərdə tutulmuş digər tədbirlər görülüb.

Rəsmi statistik rəqəmlərə nəzər saldıqda görürük ki, korrupsiya faktına hələ də bir çox dövlət orqanlarında rast gəlinir. "Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək” ictimai Birliyinin sədri,

Ümid Partiyasının sədr müavini Taleh Əliyev "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, korrupsiyaya qarşı mübarizənin aparılması belə faktların olduğunun bariz göstəricisidir:

"Azərbaycanda korrupsiyaya qarşı dövlət proqramı və hüquq komissiyası fəaliyyət göstərir. Əslində bu qurumların fəaliyyəti bir növ ölkədə korrupsiya faktının olduğunu göstərən amildir. Bəzi  məmurlar rüşvətə bulaşıb ki, onlarla mübarizə aparmaq üçün bu cür qurumlar yaradılıb. Əslində bu istiqamətdə həm inzibati qurumlar yaradılıb, həm də dövlət proqramı qəbul olunub. Xüsusilə, Azərbaycanda korrupsiyanın səviyyəsinin yüksək olması neft böhranına qədər olan dövrü əhatə edir. Bu dövr ərzində iri layihələr həyata keçirilib və korrupsiya faktlarına yol verilib.

Bunun nəticəsində də külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi halları baş verib. Əvvəldən vəzifədə olub, sonradan işdən çıxarılan məmurların fəaliyyətinin araşdırılması xeyli sayda korrupsiya faktlarını ortaya qoyur. Amma böhran dövründən sonra hökumət yeni siyasi kurs həyata keçirməyə başlayıb. Bu sahəyə nəzarət əvvəlki illərlə nisbətdə xeyli dərəcədə artmış görünür. Hesablama Palatası tərəfindən Mərkəzi İcra Aparatlarında yoxlamaların aparılması və yeyinti faktlarının açıqlanması görülən ciddi tədbirlərin göstəricisidir. Bu  gün korrupsiya faktlarının kütləviliyində azalma müşahidə olunur. Amma əlimizdə dəqiq rəqəmlər olmadığı üçün düzgün müqayisə aparmaq imkanlarımız da məhduddur”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları