Yuxarı

Çağırsa ellər gedərik davaya

Çağırsa ellər gedərik davaya

Akif Aşırlı: "Müharibə olarsa, ilk qatılanlardan da biri mən olacağam”

Rauf Arifoğlu: "Ordumuz güclüdür, ancaq yenə də könüllü kimi döyüşməyə hazırıq”

Elçin Mirzəbəyli: "Yazdığım yazılarla, şeirlərlə, marşlarla vətənimə xidmət edirəm”

Vətən məni yetişdirib, 
Bu ellərə yolladı,
Bu torpağa qurban deyib, 
Allaha ismarladı.
Boş oturma, çalış dedi, 
Xidmət eylə Vətənə,
Südüm sənə halal olmaz, 
Sən baş əysən düşmənə
Marş, irəli ! Marş, irəli!
Azərbaycan əsgəri!
Dönməz geri, dönməz geri,
Azərbaycan əsgəri!
Yastığımız Vətən daşı, 
Yorğanımız qar olsun,
Biz bu yoldan dönər olsaq, 
Namus bizə ar olsun,
Nə gözəldir ölmək bizə 
Sevgili Vətən üçün,
Yanar ürək yurd eşqilə 
Daima için-için.
Marş, irəli! Marş, irəli!
Azərbaycan əsgəri!
Dönməz geri, dönməz geri,
Azərbaycan əsgəri!

Bəstəkar Cavanşir Quliyevin "Əsgər Marşı” yəqin ki, çoxlarının dilinin əzbəridir.Bəli, vətəni sevmək, onun hər qarışını daim qorumaq hər birimizin müqəddəs borcudur.Azərbaycan 20 ildən çoxdur ki, müharibə şəraitində yaşayır. Bu hərbi təcavüz nəticəsində 20 mindən çox insan qətlə yetirilib, 50 mindən artıq adam yaralanıb və şikəst olub. Hələ də bir milyondan artıq insan məcburi köçkün kimi öz ev-eşiyindən didərgin yaşamaqdadır.Müharibə şəraitində olan dövlətin hər şeydən öncə vətəndaşların sədaqətinə, sevgisinə, fədakarlığına ehtiyacı var. Vətən anadır və o, övladlarını seçmir.Nankorluq edən övlad isə Vətən üçün kəsilməyən barmaqdır. İstər qadın olsun, istər kişi - Vətən hamı üçün övladdır. Doğulan hər övlad isə əsgərdir.
Yəni, "Könlüm keçir Qarabağdan...” deməklə, iş bitmir...

Maraqlıdır, bəs görəsən, əgər müharibə başlasa, redaktorlar döyüşə gedəcəklərmi?

"Müharibə olarsa, gedəcəyəm”

"Şərq” qəzetinin təsisçisi və baş redaktoru Akif Aşırlı deyir ki, 90-cı il həqiqi hərbi xidməti başa vurduqdan sonra jurnalist kimi fəaliyyətə başlayıb. Bundan sonra tez-tez cəbhə bölgəsində olurmuş: "1991-ci il sentyabr ayından rəsmi olaraq, jurnalist kimi fəaliyyət göstərmişəm. Ona qədər də müxtəlif qəzetlərdə məqalələrlə, publisistik yazılarla çıxış edirdim.Cəbhə bölgələrində olmuşam, reportajlar hazırlamışam. Yəni, döyüş  əhval-ruhiyyəsini bilirəm. Tərtər, Ağdərə döyüşlərində jurnalist kimi iştirak etmişəm.Həmin dönəmlərdə qəzetlərdə reportajlarım var, yazılarım var. Qazax, Tovuz bölgəsindəki sərhəd kəndlərdəki müharibə dönəmində baş verən qanlı olayların yazı salnaməsini yaradanlardan da biri mənəm. Təbii ki, müharibə olarsa, ilk  qatılanlardan da biri mən olacağam”. 

"Döyüşə getməyə hazırıq!”

"Yeni Müsavat” qəzetinin təsisçisi və baş redaktoru Rauf Arufoğlu da müharibə olarsa, ön sıralarda olacağını deyir: "Müharibə illərində mən cəbhəyə getmişəm də, döyüşmüşəm də. "Yeni Müsavat” Partiyasının ilk könüllülər qrupunu təşkil etmişəm.İndi Azərbaycanın güclü, nizami ordusu var. Regionun ən böyük ordusudur.Ordunun öhdəsindən gələ bilmədiyi bir şey olsa, yenə də könüllü kimi döyüşməyə hazırıq”.

"Ehtiyac olarsa..."

"Xalq cəbhəsi” qəzetinin baş redaktoru, şair Elçin Mirzəbəyli isə fərqli düşünür: "Nəzərinizə çatdırım ki, mən cəbhədə nəsə edə biləcəyimi dərk edə, anlaya bilmirəm. Peşəkar hərbçi deyiləm və artıq 50 yaşım var. Cəbhədə insanlara ancaq maneə yarada bilərəm. Səhhətimlə və digər məsələlərlə bağlı… Bir də ki, Azərbaycan müstəqil dövlətdir. Azərbaycanda ilk dövrlərdə ordu, silahlı qüvvələrimiz formalaşmamışdı.Yəni ordu yox idi, vətəndaşın borcu bu vəzifəni yerinə yetirmək idi.Amma indi Azərbaycanın peşəkar ordusu var. Azərbaycan silahlı qüvvələri silah-sürsat və texnika ilə təchiz olunub. Hərbçilik bir sənətdir, peşədir. Qeyri-peşəkar adam burada ancaq prosesə maneə yarada bilər. Mən orada hansı formada iştirak edəcəyimi bilmirəm. Ehtiyac olarsa, şübhəsiz hər kəs öz evini, ailəsini, vətənini qorumağa hazırdır. Mən inanmıram ki, Azərbaycanda evini, ailəsini, Vətənini qorumaq istəməyən insanların sayı çox olsun. Yalançı vətənpərvərlik də eləmək niyyətində deyiləm. Mən də qələmimlə çalışıram, vuruşuram. Yazdığım yazılarla, şeirlərlə, marşlarla vətənimə xidmət edirəm”.

Aysel





Həftənin ən çox oxunanları