Yuxarı

Cəmiyyət niyə aktiv deyil?

Cəmiyyət niyə aktiv deyil?

Cəmiyyətdə bir süstlük hökm sürür. Cəmiyyətin susmasının və özünəbiganəliyinin bir sıra səbəbləri var. Ənənəvi müxalifətdə inanılan liderin olmaması, müxalifətə və cəmiyyətin özünə olan inamsızlıq da buna təsir edən amillərdir. Bir tərəfdən də telekanallar şou proqramlara üstünlük verdi, siyasi proseslərə informasiya dəstəyi verilmədi. Hazırda da cəmiyyət arasında şou xarakterli məsələlər daha geniş müzakirə mövzusudur. Ənənəvi müxalifət özünün bütün sosial bazasını demək olar ki, itirib. 

Necə deyərlər, 2 cüt bir tək adam qalıb, illərdir cəmiyyət onların sifətindən daha bezib. Ona görə də süstlük hamını bürüyüb. Yeni siyasi qüvvələr isə ənənəvi müxalifətin təzyiqlərinə, böhtan və şantajına məruz qalır, yəni bir sözlə, ənənəvi müxalifət cəmiyyətin dirçəlməsinə, yeni qüvvələrlə əməkdaşlığına da mane olmaq cəhdindədir. Təbii ki, alınmır, amma son çabaları da verməkdədir.  "Cümhuriyət” qəzeti mövzu ətrafında yaranmış suallara ictimai-siyasi, ədəbi sferada tanınan adamlarla cavab axtarmağa çalışdı.

"Proses ölüdür, boy artımı yoxdur”

Yazıçı Rasim Qaraca bildirib ki, əslində ölkə daxilində proses yoxdur, sadəcə dondurulub: "Mən ədəbi proseslərinə nəzərən bu məsələni daha aydın izah edə bilərəm. Ədəbiyyatda da ədəbi prosesləri dondurulub. Burada axtarış, polemika, A-dan Z-yə gedən bir xətt və mübahisə yoxdur. Əsərlər yazılır, kitablar çıxır, jurnallar, saytlar, qəzetlər yayımlanır, amma proses ölüdür, boy artımı yoxdur. Bunun başlıca səbəbi ədəbi tənqidin olmamasındadır, əlbəttə, ədəbiyyat elitasının nəzarətində olan, onlara toxunmayan dişsiz tənqid var, lakin bu tənqid prosesin hərəkətverici qüvvəsi olmaqdan daha çox tormozlayıcı xarakter daşıyır. Eyni fikirlər siyasətlə bağlı olaraq da keçərlidir. Hökumət proseslərin canlı olmasında maraqlı deyil, alternativ fikirlərə özünü qapayıb, mövcud durumun statik olmasını düzgün sayır. Cəmiyyətin passiv münasibəti də bundan qaynaqlanır, proseslərə təsir edə bilməyəcəyini, əksinə, alternativ fikrə görə cəzalanacağını düşündüyünə görə susmağa üstünlük verir”.

"Hökumətlə hökumətlik etmək üçün bizdə təcrübə yoxdur”

Şair Aqşin Yenisey hesab edir ki, biz uzun illər bir mərkəzdən, tək əldən idarə olunan bir toplum olmuşuq, ona görə də sosial təşkilatlanmama, milli məsuliyyəti hökumətlə paylaşma işi bizə yaddır: "Hətta, yaxın illərə qədər ailədəki uşaqların sayı belə hökumətin verdiyi qərarlardan asılı idi. 

Bu asılılıq bizi dövlətin əlinə baxan, istədiyini ala bilməyəndə dövlətdən oğurlayan bir cəmiyyət şəklində tərbiyə edib. Dovlatov yazır ki, SSRİ-də hər kəs oğurlayırdı, bir fəhlə heç nə tapmayıb, bir vedrə sement oğurlamışdı və evə catanacan sement bərkimişdi. Oğurlamaq, satmaq, hökumətlə hökumətlik etməmək - bütün bunlar bizim sovet ailəsində aldığımız tərbiyədir. Cəmiyyət öz-özünü partiyalar, təşkilatlar, dərnəklər vasitəsilə yeniləyir. Bu elə bir şeydir ki, tarixi əsasları olmalıdır və başqa xalqların təcrübəsindən öyrənmək mümkün deyil. Necə ki, le Bonun sözləri ilə desək, heç bir xalq başqa xalqın tarixindən ibrət götürmür. Hər şey gərək bizim öz başımıza gəlsin”.

"Xalq çörək və tamaşa istəyir”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mətbuat katibi Vüsal Qarayev qeyd edib ki, sosial-iqtisadi vəziyyətin ağırlığı insanları siyasətdən uzaqlaşdırıb: "Qədim Romada "çörək və tamaşa” adlı bir deyim vardı. İmperiya xalqı siyasətdən, siyasi proseslərdən uzaq tutmaq üçün qladiator döyüşləri təşkil edirdi və tamaşaçılara da pulsuz çörək paylayırdılar. Bu da sadə xalqın başını qatır, onları ölkədaxili proseslərdən uzaq tuturdu. İndi bizdə də iş o yerə gəlib çatıb ki, xalq hökumətdən yalnız çörək və tamaşa tələb edir. Vətəndaşlar banklara borclanıb, bu gün Azərbaycan vətəndaşı evsizdir, kirayələrdədir. 

Bu gün Azərbaycan vətəndaşının pensiyası heç onun çörək puluna çatmır, nəinki istirahətinə, müalicəsinə. Bu gün Azərbaycan vətəndaşı sutkada 10 saatdan çox işləyir, aldığı maaş isə kommunal xərclərini və çörək pulunu güclə ödəyir, bir çox hallarda isə insanlar növbəti maaşa kimi borc alaraq yaşayırlar. Bu gün bölgələrdə kütəvi işsizlik var, gənclər fəhləlik üçün paytaxta axın edirlər. Hökumət isə bu problemlərin həlli istiqamətində əsaslı, köklü işlər aparmır”. 

Partiya yetkilisi hesab edir ki, telekanalların bütün günü mənasız şou proqramlar yayımlamaları boşuna deyil: "Bir sıra xəbər saytlarının müğənnilərin alt paltarlarından yazması da təsadüfi deyil. Bu, çörək və tamaşa məsələsidir. Müxalifət 1990-cı illərin ortalarından satın alındı, içindən parçalandı. O illərdən bu günə insanların mübarizə ruhu, siyasi aktivliyi getdikcə ölməyə başladı, düşən xətt üzrə bu günkü duruma çatdı. Biz - Azərbaycan Xalq Cəbhəsi Partiyası var - gücümüzlə bu passivliyi, bu ətaləti, bu ruh düşkünlüyünü aradan qaldırmağa, xalqın mübarizə ruhunu yenidən alovlandırmağa çalışırıq. İnanıram ki, buna nail olacağıq”.

"Meydan daralıb”

Jurnalist Kənan Rövşənoğluna görə, siyasi fəaliyyət üçün meydan xeyli daralıb: "Siyasi partiyaların fəaliyyətləri məhdudlaşdırılıb, sərbəst toplaşma azadlığı da məhduddur. Yəni, siyasi fəaliyyət üçün zəmin yoxdur. Digər yandan da insanların siyasi dəyişikliyə, seçkilərə inamları itdiyi üçün siyasətə maraqları azalıb”.

"Müzakirə etmirlər, mübahisə edirlər”

Bloqqer Günel Fərhadqızı hesab edir ki, cəmiyyətin passiv olmasının bir sıra səbəbləri var: "Birinci səbəb ölkədə güclü müxalifət və yeni müxalifət liderlərinin olmamasıdır. İnsanların siyasi bilgilərinin az olması da buna təsir edir, insanlarımızın əksəriyyəti bu gün sosial şəbəkələrdə sürü psixologiyası tərzində yaşayırlar. 

Nəticədə aparılan müzakirələrdə qeyri-dəqiq, sağlam olmayan fikirlər ortaya qoyurlar. Fərdlərin təhsil səviyyəsi və zövq, maraqlarını nəzərə alsaq, siyasət onlar üçün maraqlı deyil. Halbuki siyasətə iqtisadi, sosial, psixoloji idarəetmə mexanizmləri də daxildir. 

Bir də cəmiyyət bilir ki, ənənəvi müxalifət güclü deyil, bir iş görmür, elə iqtidarsayağı davranır, cəmiyyətin işinə yaramır, ona görə də müxalif düşünsələr belə, susurlar. Ən əsası, hər kəsin bir gizli tərəfi, qorxduğu, itirəcəyi nəsə var. Konstitusiyadakı hüquq və azadlıqların olmasına baxmayaraq, insanlar sərbəst fikir bildirməkdən və siyasi müzakirələrə, debatlara çıxmaqdan, tənqid etməkdən ehtiyat edirlər. Siyasi biliyi olan insan sağlam şəkildə öz fikrini bildirir, tənqid edir. Digər yandan əksəriyyətin tənqid etmək və müzakirə etmək mədəniyyəti yoxdur, müzakirə mövzusu haqda geniş məlumata malik olmurlar, amma buna baxmayaraq mübahisə edirlər. Bunu edə biləcək şəxsləri də yaşından asılı olaraq, elə cəmiyyətin özü sıxışdırıb kənara çıxarır, onlar da ölkədən gedir”.

Günel Fərhadqızı qeyd edib ki, siyasi və ya digər dünyagörüşlü insanlar ölkədən çıxdıqdan sonra siyasi baxımdan aktiv olurlar: "Müxalif düşünmək müxalifətdə olmaq deyil. Bizdə isə bəzi məmurların özü sağlam düşüncəyə malik olmadıqlarına görə hər bir siyasi fikri, tənqid və təhlilin hakimiyyət əleyhinə yönləndirildiyini düşünürlər. Cəmiyyətin aktiv olması üçün siyasi maarifləndirilmə işi aparılmalı və sağlam düşünə biləcək alternativ siyasi xadimlərin, diplomatların olması lazımdır”.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları