Yuxarı

Sahibkarların həbsindəki qaranlıq məqamlar

Sahibkarların həbsindəki qaranlıq məqamlar

Əkrəm Həsənov: "Onlar istəməsə, heç bir sahibkar bankda bu oyunlardan çıxa bilməz”

Problemli kreditlərin ümumi kredit portfelinin 25 faizini təşkil etməsi ilə bağlı qaranlıq məqamlara aydınlıq gəlir. Belə ki, bankların rəhbərliyində təmsil olunan şəxslərlə iş adamlarının razılığa gələrək milyonlarla dəyərində kredit götürməsi və şəxsi ehtiyaclara sərf olunması bu məsələnin kökündə duran əsas məsələdir. Ötən gün "Bank Standart”dan biznesini inkişaf etdirmək adı altında kredit götürən iş adamı Çingiz Cəlilov götürdüyü kreditləri geri qaytarmadığı və öz şəxsi ehtiyaclarına xərclədiyi üçün məhkəmə qərarı ilə həbs olunub. Bununla da Çingiz Cəlilovun sahibi olduğu "Çudo Peçka" mağazalar şəbəkəsinə daxil olan bütün iaşə obyektləri vergi borclarına görə möhürlənərək bağlanıb. Bundan sonra Cəlilovun adına olan milyonluq bağ evləri və Bakıda yerləşən yaşayış evləri müsadirə olaraq əlindən alınıb.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, "Çudo Peçka” və "ÇP Aqro” MMC-nin təsisçisi Cəlilov Çingiz Asim oğlu Bank Standart QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq, həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən, xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş külli miqdarda pul vəsaitləri hesabına 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoymaqla özünün, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına keçirərək, guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olmuş, daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla özü arasında bölüb.

Qeyd edək ki, Beynəlxalq Bank ətrafında yaranan problemlər zamanı, bank rəhbəri Cahangir Hacıyevlə əlbir olaraq dövlət vəsaitini mənimsəyən bir çox iş adamları, məmurlar haqqında cinayət işi açıldı. Proses bu gün də davam etdiyi üçün yenə də kimlərinsə məsuliyyətə cəlb olunacağı istisna olunmur. Bank Standart məsələsində də eyni halın müşahidə olunduğunu nəzərə alsaq, bu həbs dalğasının da davamlı olacağı ehtimalı yüksəkdir. İş adamlarının, iri biznes sahiblərinin qanunsuz əməlləri isə ölkə iqtisadiyyatına vurduğu zərəri milyonlarla dəyərləndirmək əslində az olardı. Bu məsələdə diqqət çəkən əsas məsələlərdən biri isə iş adamlarının niyə bu cür qanunsuz əməllərə ehtiyac duymasıdır.

Bankların fəaliyyətində şəffaflığın olması, ölkəyə investisiya cəlb etmək üçün əsas faktorlardan biridir. Beynəlxalq investisiya şirkətləri ölkəyə sərmayə yatırmaq üçün ilk olaraq məhz bank sektorundakı vəziyyəti araşdırır. Bu gün Azərbaycan bank sektorunda yaşananlar isə birbaşa olaraq ölkənin imicinə zərər gətirir. Əgər bir bankın rəhbərliyində təmsil olunan şəxs iş adamı ilə əlbir olub ölkəyə milyonlar dəyərində ziyan vurursa, heç bir iqtisadi inkişafdan danışmaq mümkün deyil. Əslində iş adamı biznesin inkişafı üçün çalışmalıdır və əldə etdiyi qazancdan dövlətin vergisini ödəməlidir. Nəticədə həm özü, həm də ölkə inkişaf etməlidir. Ancaq son yayılan məlumatlar onu göstərir ki, sadalanan bu kriteriyalar Azərbaycan sistemində fərqli istiqamətlərə yönəlib. İş adamları banklardan oğurladıqları milyonları öz şəxsi ehtiyaclarına sərf edir, həm vergidən yayınır, həm də ölkə iqtisadiyyatına zərbə vurur. Təbii ki, bu məsələdə bank rəhbərlərinin də böyük ölçüdə payı var. 
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov "Cümhuriyət” qəzetinə açıqlamasında isə banklarda baş verən bu cür hadisələrdə əsas günahın Azərbaycan Mərkəzi Bankında olduğunu vurğuladı:

"İlk növbədə onu vurğulamaq istəyirəm ki, iş adamlarının hamısı bu cür deyil, aralarında fərq qoymaq vacibdir. Bu işlərin əsas günahkarları bank sahibləri, rəhbərləri və bu banklara illər boyu nəzarət etmiş Azərbaycan Mərkəzi Bankının vəzifəli şəxsləridir. Yəni, onlar bunu istəməsə, heç bir sahibkar bankda bu oyunlardan çıxa bilməz. Burada müəyyən mexanizmlər var. Yəni, sahibkara məhz bank rəhbəri təklif edir ki, gəl, sənin adına 10 milyona kredit verim. Bu 10 milyonun müqabilində banka 2 milyonluq girov qoy. Bank rəhbəri isə həmin 2 milyonluq girovu 10 milyon dəyərində qiymətləndirir. 10 milyonun 4 milyonunu sahibkar götürür. Yəni, sahibkar bu prosesdə 2 milyon qazanc əldə etdi. 

Amma qalan 6 milyon isə bölüşdürülür. Bu məsələdə əsas günahkarlardan biri Mərkəzi Bankdır. Bunu hər kəs bilməlidir. Çünki Mərkəzi Bank gündəlik olaraq bankların maliyyə əməliyyatlarını yoxlayır. 

Ən azı ildə bir dəfə isə Mərkəzi Bank banklara gedərək sənədləri yoxlayır. Kimə kredit verilib, hansı girovlar götürülüb və sair bütün əməliyyatlar yoxlanılır. Mərkəzi Bank ya bunları görməyib, ya da görmək istəməyib. Hər bir halda proses davam etdirilir və bu cür əməllərə rəvac verən bank rəhbərləri, onlarla əlbir olan iş adamları və Mərkəzi Bankda bu əməllərə göz yuman şəxslər məsuliyyətə cəlb olunacaq”.

Vilayət Muxtar






Həftənin ən çox oxunanları