Yuxarı

Bakıda ucuz ət dükanları bağlandı

Bakıda ucuz ət dükanları bağlandı

Gündə 50 qram ət...

Yay aylarında ölkədə ərzağa, xüsusilə, ət və ət məhsullarına olan tələbat azalır. İstehlakçı sayının azalması tələb-təklif balansı üzərində qurulmalı olan bazara təsir göstərir və qiymətlərdə müvvəqqəti də olsa azalma müşahidə olunur. Daha doğrusu, əvvəllər belə idi. Bu yay isə bazarda azalan təkcə tələb yox, həm də deyəsən, təklifdir. Məhz bu səbəbdən də ət bazarında qiymətlərdə ucuzlaşma yox, əksinə, bahalaşma qeydə alınır. Əgər ötən ayın sonlarında Bakıda mal ətini 10 manata almaq mümkün idisə, iyul ayında bu qiymət azı 11,5 manata yüksəlib. Halbuki, əvvəlki illərin təcrübəsinə əsasən ət istehlakının azalması ilə əlaqədar qiymətlərin hətta 9 manata düşməsi gözlənilirdi. Ancaq gözlənti özünü doğrultmadı. Tərəvəz mövsümünün başlaması və bu məhsulların qiymətindəki qalxıb-enmələr ət bazarında qiymətlərə təsir göstərdi. "Cümhuriyət” əməkdaşı Bakıda bir neçə qəssab mağazası və marketlərdə ətin qiyməti, satışın həcmi ilə maraqlanıb.

5,5 manatlıq ət dükanları bağlandı

Məlum olub ki, Bakıətrafı kəndlərdə ucuz ət satışı məntəqələri artıq fəaliyyət göstərmir. Bunu "Cümhuriyət”ə belə ət satışı məntəqələrinin daha çox olduğu  Əmircan qəsəbəsinin sakinləri deyib. Onların sözlərinə görə, bu ilin Novruz bayramına qədər qəsəbədə kompakt halda bir neçə brlə ət dükanı olub. Həmin dükanlarda əsasən dişi mal əti satılıb və bu barədə alıcılara xəbərdarlıq edilib. Qiymət isə kifayət qədər ucuz olub: 5 manat 50 qəpik. "Kim istəyirdisə, gedib ordan alırdı, istəməyən gedib 8-9 manata erkək mal əti alırdı. Amma həmin 5,5 manata ət satan dükanlarda ət tapmaq bəzən problem olurdu. Şəhərdən nə qədər adam gəlirdi. Şənbə-bazar şəhərdən gələnlər lap çox olurdu. Az qala 2 dəfə ucuz qiymətə almağa gəlirdilər. Gələnlərin də hamsına deyilirdi ki, ət dişi heyvan ətidir, mağazaya da yazıb vurmuşdular, çünki hamı ucuzluğun səbəbilə maraqlanırdı. Heç kəs də naraılıq etmirdi. Restoranlar, kafelər daimi müştərilər idi. Amma ötən il dekabrdan yavaş-yavaş mağazalar bağlanmağa başladı. Qalan 2 mağaza da bu yaxında bağlandı.  Dedilər ki, həm rayonda heyvan azalıb, həm də daşınma xərci artıb. Buna görə də artıq sərf eləmir. İndi bizim də qəsəbədə ət elə şəhər qiymətinədir. Çox fərqli olsa 50 qəpik fərqli olar”- deyə qəsəbə sakini bildirib. 

İstirahətə gedənlər əti bahalaşdırıb

Eyni vəziyyət Bakıətrafı digər kəndlərdə də müşahidə olunur. Xüsusilə, bağ və çimərlik mövsümünün açılması ilə dəniz sahilindəki kənd və qəsəbələrdə ətin qiyməti bahalaşıb. Qoyun ətində artıq son günlərdə 1,5 manata yaxın bahalaşma var. Novxanı, Fatmayi, Mərdəkan qəsəbələrinin sakinləri vəziyyətdən narazıdır. Dediklərinə görə,  istirahətə gələnlər hesabına əti daha baha almaq məcburiyyətində qalırlar.

Çəkilmiş ət də "qiymətə mindi”

Bakının ayrı-ayrı marketlərində də ətin qiymətində ciddi fərq yoxdur. Supermarketlərdə sümüklü  mal ətinin hər kilqoramı azı 12 manata satılır. Sümüksüz mal ətində qiymət 13-14 manatdır. Bəzi yerlərdə isə hətta 15 manata təklif edilir. Çəkilmiş mal ətinin qiyməti əvəlki kimi artıq 8 manat yox, 2 manat bahadır- düz 10 manat. "Ətçi" mağazasındaki qiymətlərlə maraqlandıq. Dediklərinə görə, əti Zaqatala-Balakən bölgəsindən gətirirlər. Ekoloji təmiz məhsul təklif etdiklərini vurğulayırlar. Qiymətlər isə belə dəyişir: 

Sümünksüz dana əti- 14, 5 manat.
Sümüklü dana əti- 11,5 manat
Quzu əti: bel-qabırğa 13 manat
Quzu boynu- 7 manat
Quzu budu -12,6 qəpik
Quzu qol əti-13 manat
Quzu içalatı- 6 manat
Qara ciyər- 8 manat

Mağaza dolub-daşmır

Alıcılıq qabiliyyətinə gəlincə, mağaza heç də dolub-daşmır. Sifarişlə ünvana çatdırılmanın olması alıcıların işini bir qədər yüngülləşdirib. Həmçinin alıcı cəlbinə müəyyən qədər təkan verib. Bununla belə mağazada da bildirirlər ki, ət satışında azalma var. Səbəb kimi isə burada bahalıqla yox, isti hava şəraiti ilə əlaqədar ətə olan tələbatın azalmasını göstərirlər.

"Ətdən imtina etmişik”

Alıcılar isə başqa cür düşünür. Azərbaycanlıların ətsevən olduğunu, hətta yayda da qırmizi ətdən vaz keçə bilməyənlərin say çoxluğunu söyləmək olar. Ancaq getdikcə artan qiymətlər bəzi alışqanlıqlardan və damaq zövqündən özümüzü məhrum etməmizə aparır. Müşahidələr göstərir ki, ət alıcılarının sayında kəskin azalma var. Bunun bir səbəbi isti hallardırsa, basqa bir səbəbi qiymətlərdir. Kilosu 13-14 manata ət almaq hər adamın cibinə görə deyil. "Ətdən demək olar ki, imtina etmişik. Özümüzü də inandırırq ki, ət sağlamlığa ziyandır, insanı tez qocaldır. Amma keçmişlərdə hamı ət yeyirdi, bizdən daha sağlam olurdular, həm də uzun ömür yaşayırdılar. Ət ala bilmirik. Nə qədər özümüzü başqa şeyə inandırsaq da, əsl səbəb budur. Mən 167, həyat yoldaşım 190 manat pensiya alır. 30 ildən çox da işləmişik. Sovet vaxtında zavodda fəhləlikdən başlamışıq, o, sex müdirliyinə qədər yüksəlib. Amma indi 190 manat pensiya alır. Bütün kommunal xidmətlər, nəqliyyat, dərmanlaırmız, yeməyimiz bu pula baxır. Nəvələrimizə istədiyimiz kimi hədiyyə də ala bilmirik. Uşaqlarımız kömək eləməsə, qışda kombinin pulunu ödəyə bilmirdik. Yaşlı adamıq, özümüzə baxmalıyıq. Təkcə ətdən yox, çox şeydən özümüzü məhrum edirik”, - deyə həmsöhbətim Gülnaz xanım bildirir. 

Gündə 50 qram ət...

Dediyinə görə, əti özləri yox, əsasən övladları alır və onlar da bununla kifayətlənirlər: "Ayda oğlum 2-3 kilo ət alır. Qızım da gələndə ətə gücü çatmasa da başqa ərzaqlar alır. Ayda 3 kilo ətlə yaşamaq olmaz axı. İki nəfərik, adama 50 qram ət düşür. Buna görə də əsasən toyuq yeyirik. Toyuqlar da broylerdə elə yetişdirilir ki, az qalır isti su ilə yuyanda bişsin. Hər gün də bir şey görürük, elə sözlər danışırlar ki, adam toyuq almağa da qorxur. Guya ət təmizdir ki? Nə qədər at-eşşək əti gətirirlər. Birini tutanda, beşini də tuta bilmirlər, çıxır bazara”.

Ət ala bilməyənlərin toyuq çarəsi

Həmsöhbətimizin sözlərindən yola çıxaraq bu dəfə toyuq əti satılan mağazlara baş çəkirik. Alıcılaırn artıdığını burda da təsdiqlədilər. "Əcəmi” metrostansiyası yaxınlığında toyuq əti və toyuq məhsullarının satışı ilə məşğul olan mağazanın sahibi Hicran Qasımov bildirdi ki, yayda toyuq ətinə olan tələbat artır. Bu isə qırmızı ətə olan tələbatın azalması ilə əlaqədardır: "Yayda insanlar ət yeməkdənsə, daha çox toyuq yeməyə üstünlük verir. Daha tez bişir, həzmi daha asandır, ən əsası da qiyməti daha ucuzdur. Toyuq ətinin hər kilosunun qiyməti 4 manat- 4 manat 30 qəpikdən başlayır. İstehsal olunduğu broylerdən asılı olaraq qiymət dəyişir. Ət ala bilməyənlər üçün çarə toyuqdur. Kənd toyuğu bahadır- bizdə çolpa 7 manata satılır. Çəkisi 500-600 qramdır. Əsl kənd çoplasıdır, İsmayıllıdan gətirilir. Ancaq broyler sortu olan "kənd toyuğu”nın ədədini 5 manata satırıq. Bunlar broylerdə yumurtadan çıxır, tez müddətdə də kəsmək olur. Dadı kənd toyuğu kimidir”.

Bilməyib yemək təsəllisi

Mağazadakı müşahidələrdən görünür ki, ən çox satılan toyuq məhsullarından biri də çəkilmiş ətdir. Yarım kiloqramlıq paketlər 1,5 manata satılır. Əslində alıcılar da, satıcılar da toyuq farşı adı altında satılan bu məhsulun nə olduğunu bilmirlər. Toyuğun döş ətinin 6 manata satıldığını nəzərə alsaq, çəkilmiş toyuq ətinin kilosunun 3 manata olması təəccüb doğurmaya bilməz. Ancaq indiki vəziyyət alıcıları həqiqəti öyrənmək üçün suallardan çəkindirir. Bir var bilib yeyəsən, bir də var bilmədən… İkinci birincidən daha yaxşıdır…

Sevil Ağazadə






Həftənin ən çox oxunanları