Yuxarı

"Hüzur evi”nə rüşvətlə

Ağamirzə Bağırov:  "Azərbaycanda "qocalar evləri” o qədər geniş deyil ki, hamını ora yerləşdirmək mümkün olsun”

Şəraitsizlik, kimsəsizlik, ailəyə yeni qatılan üzvlərin gəlin, yeznə minnəti, dözümsüzlük, yola verməmək, övlad nankorluğu kimi hallar yaşlı insanları "Qocalar evi”nə salır. Təbii ki, heç kəs, hətta ahıl insan belə öz isti yuvasından, ocağından ayrı düşmək, doğmalarından ayrı yaşamaq istəməz. Bəzən buna məcburiyyətdən dolayı razılaşanlar da var. Dövlət tərəfindən ölkədə sağlamlıq imkanları məhdud, eləcə də kimsəsiz ahıl şəxslərə xüsusi diqqət və qayğı göstərilməlidir. Bu tələb mövcud qanunvericilikdə də öz əksini tapıb. Amma buna nə əməl edən var, nə də ümumiyyətlə, Azərbaycanda kimsəsiz ahılların aqibəti ilə bağlı maraqlanan…

Qeyd edək ki, hazırda ölkədə ahıllar və sağlamlıq imkanları məhdud olan vətəndaşlar üçün 9 sayda internat evləri və digər müəssisələr  var. Bu müəssisələrdə minlərlə qoca və əlil yaşayır. Qeyd edək ki, dövlət tərəfindən atılmış şəxslərin sosial müdafiəsi məqsədilə bir sıra tədbirlər həyata keçirilir, qocalar evlərinə daim ərzaq və digər yardımlar göndərilir.

Məlum olduğu kimi ahıllarla bağlı Azərbaycanda 2006-2008-ci illəri əhatə edən bir dövlət proqramı qəbul olunub. Bu dövlət proqramında ahıllarla bağlı müxtəlif normalar, qaydalar və tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdu. İkinci dövlət proqramı isə 2016-2020-ci illəri əhatə edəcək ki, bu hələ ki qəbul olunmayıb, müzakirədədir. Bundan əlavə 2001-ci il iyunun 22-də "Ahıllara sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Amma 2001-ci ildə qəbul olunan "Ahıllara sosial xidmət haqqında” Qanun qüvvədən düşdüyü üçün 2011-ci ildə bu yeni qanunla əvəzlənib.

Konkret olaraq ahılların xüsusi xidmət müəssisələrinə yerləşdirilməsi, onlara göstərilən sosial xidmətlərin növləri, formaları, hamısı orada təsbit olunub. Qanunvericilikdə qeyd olunur ki, yetkinlik yaşına çatan şəxslər əmək qabiliyyəti olmayan öz valideynlərini saxlamalıdır. Belə şəxslər və ya onların nümayəndələri olmadıqda həmin ahıl şəxsləri dövlət himayə edir. Əsasən burada 70 yaşından yuxarı olan şəxslər nəzərdə tutulur. Özünəqulluq qabiliyyətinin olmaması, başqa şəxslərə ehtiyacının olmaması ilə bağlı və yaxud ona kömək edə biləcək əmək qabiliyyəti olan yaxın qohumları barədə rəy lazımdır.  Bu rəyi isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi verir. Müvafiq şəxs sənədləri həmin quruma təqdim edir və orada təsdiqlənir ki, həqiqətən də qohumu, yaxını yoxdur. Nazirlik isə belə bir rəy verir ki, bu şəxsin özünəqulluq qabiliyyəti yoxdur, onun kənar şəxslərin köməyinə, qulluğuna ehtiyacı var və başqa əmək qabiliyyətli qohumları yoxdur.  Həmin rəylə şəxs sosial xidmət müəssisələrinə müraciət edir və orada müxtəlif xidmətləri əldə edir. Həmçinin dövlət orqanı özü belə şəxsi müəyyən etdikdə özü göndərişlə sosial xidmət mərkəzinə göndərə bilər. Amma qanunvericilikdə şəxsin özünün hüququ var ki, hansı müəssisədə o, sosial xidmət növlərini əldə edəcək. 

Qocalığın gətirdiyi problemlərlə üzləşənlərin sayı günbəgün artır. Atılmış qocalara dünyamızın hər yerində rast gəlmək mümkündü. Təsadüfi deyil ki, BMT Baş Məclisi 1992-ci ildə qocaların (ahılların) müdafiəsi ilə bağlı Qətnamə qəbul edib. Həmin Qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-i Beynəlxalq Ahıllar Günü kimi qəbul edilir, bundan əlavə, 1999-cu il Beynəlxalq Ahıllar ili elan olunub. 2002-ci ilin aprelində isə İspaniyanın paytaxtı Madrid şəhərində BMT-nin ahıllar üzrə II Ümumdünya Məclisi keçirilib.  

Bu məsələyə respublikamızda da ciddi diqqət yetirilir. 1993-cü ildən başlayaraq, hər il oktyabr ayının 1-i Respublikamızda "Beynəlxalq Ahıllar Günü" kimi qeyd olunur. Həmin günün keçirilməsində məqsəd ahıl vətəndaşların sosial problemləri ilə tanış olmaq, ehtiyaclarını müəyyənləşdirərək, imkanlı müəssisələr, təşkilatlar və qeyri-hökumət təşkilatları ilə birlikdə əməli tədbirlər görməkdən ibarətdir. Müqəddəs ailə ocağında ana və ataya hörmət edilməli, əziz peyğəmbərimiz Həzrət Məhəmməd (s) buyurduğu kimi: "Ata-anaya qarşı ən xırda hörmətsizlik - "uf" deməkdir. Allah ondan daha xırdası olsaydı, şübhəsiz ki, qadağan etmiş olardı".

Müqəddəs kitabımız "Qurani-Kərim"də Allah-təala buyurur: "Ya rəsulum! Səndən nə verəcəklərini soruşurlar. De: Verəcəyiniz hər bir xeyir valideynə, qohum-əqrəbaya, yetimlərə, kasıblara və müsafirlərə aiddir. Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir" ("Bəqərə" surəsi 215-ci ayə). Uca Rəbbimiz bəşər övladına nazil etdiyi kitabda valideynlərə hörmət tələb edir, insan övladına Allah yanında bunun əvəzini görəcəyini xəbər verir. Əziz Peyğəmbərimiz Həzrət Məhəmmədin "Cənnət anaların ayağı altındadır" hədisi hər kəsə məlumdur. Başqa bir hədisdə isə sevgili peyğəmbərimiz "Valideynə itaətsizlik - böyük günahlardandır. Çünki Allah-təala itaət etməyən övladı üsyankar və bədbəxt etmişdir" söyləyib. Uca Yaradan yaratdığı hər bir şeyi nizam-intizamla yaratmışdır. İnsan da yarandığı gündən, əbədi həyata qovuşacağı günə kimi mərhələlərdən keçir. Uşaqlıq illəri, orta yaş, yetkinlik və qocalıq. Və hər kəs bunu görür və bilir, inkar edilməsi ağlasığmazdır.

Özlərini həmişə cavan sayan övladlar, bir ömür sonsuz məşəqqətlərinə, çətinliklərinə sinə gərib bütün varlıqları ilə onların xoşbəxt olub kamala çatmaları üçün çalışan valideynlərini tapdalayaraq, nəinki hörmətsizlik edirlər, hətta qapıdan belə qovurlar. Qocalar evində atılmış kimsəsiz qocaları gördükdə Allahı unudan övladların da az olmadığının şahidi oluruq. Lakin övladlarının onlara qarşı etdikləri pisliklərə baxmayaraq, qocalar danışarkən övlad həsrəti ilə alışıb-yandıqları axıdılan göz yaşlarından bəlli olur. Görəsən, bu qocalar niyə isti yuvadan, qulluqdan uzaq düşüblər? Körpə uşaqlar kimi qocaların da nəvazişə, sığala, mülayim, mehriban davranışa ehtiyacı var. Təəssüf ki, mövcud vəziyyətdən əksəriyət övlad üçün valideynləri artıq yer edir. Anlamırlar ki, özləri də bir zaman qocalacaq və öz övladlarına möhtac qalacaqlar. 

Nəzərə alsaq ki, yaşlı insanlar da körpə uşaqlar kimi həssas və diqqət tələb edirlər, bu mənada onların geniş sferadan qapalı məkanlara həbs edilmələri ciddi problemlərdən sayılır. Maraqlısı budur ki, Türkiyədə yaşlı insanların özləri "Hüzur evi” deyilən məkanlara şəxsi istəkləri ilə üz tuturlar və qalan ömürlərini hüzur içində, yəni sakit, rahat və xoşbəxt yaşamalarına həsr edirlər. Çünki, qonşu ölkənin "Qocalar evi”ndə ahıl insanlar üçün lazımi diqqət, qayğı, sağlamlıq mərkəzləri, yemək və rahatlıq xüsusilə təmin edilib. Məsələn, İsveçrənin "Qocalar "evi”ndə ahıllar kral kimi yaşayır. Azərbaycanda isə bu mənzərə heç də ürəkaçan deyil. Çünki bizdəki analoji mərkəzlərlə müqayisədə çox ciddi fərqlər aydın görünür. "Qocalar evi” bir qayda olaraq onilliklər ərzində təmir olunmur. Sınıq-salxaq mebellər güclə ayaqda qalır. Mitili və cındırı çıxmış yataq dəstləri, yuyulmaqdan süzülüb əldən getmiş döşək üzləri və. s. göz deşir. Belə yerlərdə verilən yeməklərin çeşidi və keyfiyyəti barədə də nəsə xoş söz demək çətindir. Hətta belə bərbad vəziyyətdə olan "Qocalar evinə” düşmək üçün də hələ bir ətək pul vermək lazımdır.

"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin hüquqşünası Ağamirzə Bağırov "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, əslində praktika göstərir ki, "Qocalar evi”nə qəbulu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir: "Bizdə "Qocalar evi”ndə qoruma qaydasının prinsipləri var. Ailə Məcəlləsində tələb var ki, valideynin 18 yaşına çatmış övladından aliment tələb etmək hüququ var.Yəni valideynin saxlanmasında iştirak edirlər. Valideynin əgər özünün yetkinlik yaşına çatmış övladı yoxdursa və bundan məhrumdursa, yaşama yeri yoxdursa, bu zaman onun "Qocalar evi”nə yerləşdirilməsi mümkündür. Amma valideynin yetkinlik yaşına çatmış övladı varsa, valideyn övladının onu saxlaması üçün məhkəməyə müraciət edərək, aliment tələb etmək haqqı varsa, o halda dövlət istiqamət göstərir.

Azərbaycanda "Qocalar evləri” o qədər geniş deyil ki, hamını ora yerləşdirmək mümkün olsun. Tam olaraq yaxınlarını itirmiş, sosial bazası sıradan çıxmış şəxslər dövlət himayəsinə götürülür. Təcrübəmdə bir kimsəsiz ahıl var idi. Heç kimi yox idi və Nərimanov parkında skamyada yatıb-dururdu. Ona məxsus evini də aldadıb satmışdılar. Həmin yaşlının "Qocalar evi”nə yerləşdirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi böyük iş gördü. Onu çox böyük məmuniyətlə kimsəsizlər evinə yerləşdirdik”.

Hüquqşünasın sözlərinə görə, ahıl şəxsin Qocalar evinə yerləşdirilməsi yaxınlarının razılığından sonra əldə olunur: "Müəssisəyə yerləşdirmədə əgər onun yaxını yoxdursa, onu dövlət himayə edir. Yəni qocanın qəyyumu kimi çıxış edir. Bu qanunvericilikdə də əks olunub. Sadəcə olaraq yetkinlik yaşına çatmış ailə üzvü varsa, onun razılığı alınmalıdır. Çünki həmin qocanın qəyyumu sabah gəlib tələb edə bilər ki, valideynimi mənim icazəm olmadan ora niyə yerləşdirmisən?”  

"Qocalar evi”nə yerləşmə məsələsində yaş məhdudiyyətinə gəlincə, Ağamirzə Bağırov əlavə edib ki, ahıl yaşda əsasən, yəni 70 yaşdan sonra Qocalar evinə yerləşmək lazımdır: "Əslində Qocalar evinə ondan da cavan düşmək olar. Çünki bu kimsəsizlik işarəsidir. Kimsəsizlik heç kimsənin olmamasıdır”.

Alçina Amilqızı






Həftənin ən çox oxunanları