Yuxarı

Məmurlar niyə gəlir deklorasiyası vermir?

Məmurlar niyə gəlir deklorasiyası vermir?

Əliməmməd Nuriyev: "Gəlir deklorasiyasının tətbiq olunmasıməmurların fəaliyyətini izləmək imkanı verəcək”

Əsabəli Mustafayev: "Ancaq seçkidə iştirak edən şəxslər gəlir deklorasiyası verir”

Oliqarxa çevrilmiş bir sıra məmurların necə varlanmaları haqlı suallar doğurur.Çox təəssüf ki, məmurlar gəlir qaynaqları barədə cəmiyyətə açıq məlumat vermirlər."Məmurların gəlir deklorasiyası haqqında” Qanunun 2005-ci ildə qəbul olunmasına baxmayaraq, bu sahədə hələ də ciddi boşluqların olması məmurların gəlirləri haqqında məlumatlarını gizlətməsinə şərait yaradır.

Vəkil Əsabəli Mustafayev "Cümhuriyət” qəzetinə açıqlamasında Azərbaycanda gəlir deklorasiyasının tətbiqinin hökumət tərəfindən təxirə salındığını deyib: "Ancaq seçkidə iştirak edən şəxslər gəlir deklorasiyası verir. Digər məmurlara isə bu qanun tətbiq olunmur”.

"Konistitusiya Araşdırmaları” Fondunun sədri Əliməmməd Nuriyev isə deyib ki, gəlir deklorasiyası haqqında qanunun tətbiq oluna bilməməsinin səbəbkarı Nazirlər Kabinetidir. Onun sözlərinə görə, 12 il keçməsinə baxmayaraq Nazirlər Kabineti hələ də gəlir deklorasiyasının forma-məzmununu hazırlamayıb:

"2005-ci ildə Azərbaycanda vəzifəli şəxslərin maliyyə xarakterli məlumatları təqdim etməsi qaydası qəbul edildi. Həmin qanunun qəbul edilməsindən sonra, icrası ilə bağlı prezident tərəfindən fərman verildi.Nazirlər Kabinetinə tapşırıldı ki, bu qanundan irəli gələn vəzifələri yerinə yetirsin.Yəni, gəlir deklorasiyasının forma-məzmununu hazırlayıb təqdim etsin. 12 il keçməsinə baxmayaraq bu günə qədər gəlir deklorasiyasının forması hazırlanıb təqdim edilməyib. Bunun təqdim olunmaması, bu qanunun icra olunmasına maneə yaradır.Sənəddə göstərilir ki, məmurların və vəzifəli şəxslərin gəlir deklorasiyası verməsi prosesi yalnız qərar qüvvəyə mindikdən sonra başlanılacaq.Eyni zamanda sənəddə çox aydın şəkildə göstərilir ki, hər bir məmur ilin əvvəlindən yanvar ayının 30-na qədər gəlir deklorasiyasını təqdim etməlidir.Artıq səlahiyyətlərdən asılı olaraq gəlir deklorasiyasının hansı qurumlara təqdim olunması məsələsi var idi.Digər tərəfdən hər hansı şəxs yeni işə qəbul olunurdusa, özünün və himayəsində olan ailə üzvlərinin gəlir deklorasiyasını 1 ay müddətində təqdim etməli idi.Sadəcə olaraq Nazirlər Kabineti tərəfindən gəlir deklorasiyasının forma-məzmunu hazırlanmadığı üçün bu günə qədər həmin qanun işləmir”.

Əliməmməd Nuriyev hesab edir ki, korrupsiyaya qarşı mübarizənin effektliliyini artırmaq üçün məmurların gəlir deklorasiyasının təqdim olunması çox vacibdir:

"2016-2018-ci il Açıq Hökumətin Təşviqinə dair Milli Fəaliyyət Planında da gəlir deklorasiyası ilə bağlı tədbirlərin görülməsi qeyd olunur. Güman edirəm ki, Milli Fəaliyyət Planında bu məsələ öz həllini tapacaq.Şübhəsiz ki, gəlir deklorasiyasının tətbiq olunması məmurların fəaliyyətini izləmək imkanı verəcək.Amma bu hələ bütün problemlərin həll olunacağı anlamına gəlmir.Bu korrupsiyaya qarşı mübarizədə instrumentlərdən biridir”.

Əliməmməd Nuriyevin sözlərinə görə, Azərbaycanda gəlir deklorasiyasının qəbul edilməsindən öncə, maliyyə amnistiyası haqqında qərar qəbul olunmalıdır:

"Bu haqda 2014-cü ildə, Parlamentdə olduğum zamanda fikrimi bildirmişdim. Çünki Azərbaycanda ilk öncə gəlirlərin leqallaşdırılmasına ehtiyac var. Bundan sonra artıq gəlir deklorasiyasının təqdim olunmasında heç bir problem qalmayacaq. O, zaman görəcəyik ki, Azərbaycanın real milyonerləri kimlərdir. Eyni zamanda yüksək vəzifəli məmurların gəlirlərini izləmək imkanımız olacaq.Bu baxımdan hesab edirəm ki, maliyyə amnistiyası haqqında qanuna da aydınlıq gətirilməlidir.Bu məmurların hər hansı bir formada əldə etdikləri gəlirləri ölkəyə gətirməyə imkan verəcək.Bu da ölkəyə yeni sərmayələrin gəlməsi deməkdir.Eyni zamanda vəsaitlərin ölkədən çıxarılması üçün müxtəlif yolların axtarılmasına da ehtiyac olmayacaq. Azərbaycanlı məmurların xarici ölkələrə yatırdıqları investisiyaların azalmasına səbəb ola bilər”.

Sonda Əliməmməd Nuriyev yeni təkliflə çıxış edib. Ə.Nuriyev təklif edir ki, Azərbaycan prezidenti yanında etika komissiyası yaradılsın: "Hesab edirəm ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə yeni bir forma almaqdadır. Daha da inkişaf edir, müəyyən struktur, institusional dəyişikliklər baş verir. ASAN Xidmətin, Dövlət İmtahan Mərkəzinin yaradılması, dövlət qulluğuna qəbulla bağlı tam şəffaflığın olması bunun bariz nümunəsidir. Digər tərəfdən prezidentin məmurların davranışları ilə bağlı tövsiyyələri onların fəaliyyətinə yeni ahəng verir.Məmurların və ailə üzvlərinin qeyri-etik davranışlarına nəzarət olunur və ağır cəzalar verilir.

Bu gün də biz o, cəzaların şahidi oluruq.Hesab edirəm ki, məmurların davranışı ilə bağlı prezident yanında etika komitəsinin yaradılmasına ehtiyac var. Bu çox vacib olan məsələdir.Bu gün məmurların qeyri-etik davranış qaydalarının, vəzifə etikalarının pozulmalarının şahidi oluruq.Şübhəsiz ki, bu dövlət orqanlarına etimadın azalmasına gətirib çıxara bilər.Yüksək vəzifəli məmurların davranışına nəzarət yalnız prezident yanında belə bir komissiyanın yaradılması ilə mümkün olar.Etik qaydaları pozan məmurlar isə yerindəcə məsuliyyətə cəlb oluna, vəzifədən kənarlaşdırıla bilər.Təbii ki, etik qaydaların pozulma dərəcəsindən asılı olacaq.Bu həm də korrupsiyaya qarşı mübarizədə əhəmiyyətli instrumentə çevrilə bilər.Ancaq bu qurum tam olaraq müstəqil fəaliyyət göstərməlidir.

Dünya ölkələrinin təcrübəsinə nəzər salsaq, daha çox bu üsuldan istifadə edilir.Etika komissiyalarının böyük səlahiyyətli məmurların davranışına nəzarət etmək, onları haqqında müəyyən qərarların qəbul etmək imkanı var. Etika komissiyası yalnız parlament və prezident qarşısında hesabatlı olur.Bu da onun statusunu əhəmiyyətli dərəcədə artırır.Bu baxımdan da hesab edirəm ki, bu gün Azərbaycanda bir sıra məmurların, onların övladlarının qeyri-etik davranışlarının səbəbi məhz bu cür qurumun olmamasından irəli gəlir”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları