Yuxarı

Çovdarov milyonlarından imtina edir

Çovdarov milyonlarından imtina edir

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. "Cümhuriyət” qəzeti xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi başa çatıb. İclasda çıxış edən A. Çovdarov əmlakı barəsində geniş izahat verib. O bildirib ki, üzərinə həbs qoyulan əmlakın 99 faizi ona məxsus deyil. A. Çovdarov bir bağı və bir evinin olduğunu deyib, qohumların əmlakı üzərinə həbs qoyulduğunu bildirib.

Xatırladaq ki, təqsirləndirilən şəxslər - Akif Çovdarova Cinayət Məcəlləsinin mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə, quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə, hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə və vəzifə saxtakarlığı kimi ittihamlar irəli sürülüb. 

Çovdarovun əmlakı

İttihamları nəzərə alsaq, Akif Çovdarovun əmlakı iddia etdiyindən də nəhəng olmalıdır. Üzərinə həbs qoyulmuş əmlakın dəyəri də bundan xəbər verir. Məlumdur ki, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub. Cinayət işində 60-dan çox zərərçəkənin olduğunu da nəzərə alsaq, Çovdarovun əmlakının bir hissəsini müxtəlif yollar, məsələn, qohumlarının adlarına yazmaqla gizlətdiyini ehtimal etmək o qədər də çətin deyil.

32 milyonluq əmlakı

A.Çovdarovun özü də məhkəmə proseslərindən birində üzərinə həbs qoyulmuş əmlaklarla bağlı ifadə verib. O, qeyd etmişdi ki, ittihamda göstərilən əmlakların əksəriyyəti ona məxsusdur: "Əmlaklarımın hamısının sənədi var. Həmin əmlakların bəzisi övladlarım və kürəkənlərimə məxsusdur. Yaşadığım evin torpağını 2000-ci ildə almışam. Həmin vaxt MTN-də işləmirdim. Novxanıda yerləşən bağımın torpağını da 2000-ci ildə almışam. Çünkü o dövrdə Mərdəkanda olan torpağımı satıb onu almışam. Nazirlikdə işləyən dövdə xidmətimlə əlaqədar dövlət tərəfindən bir ev verilib. O da icra hakimiyyətin sərəncamına əsasən verilib. Kürəkənlərim isə əmlakları özləri alıb”. İttiham aktına əsasən, A.Çovdarovun üzərinə həbs qoyulmuş əmlaklarının ümumi dəyəri 32 milyon 256 min 900 manat təşkil edir.

Siyahı: Əmlakı ilə bağlı açıqlanan siyahı da Akif Çovdarovun iddiasını təkzib edir. Çünki siyahıda onun iddia etdiyindən də çox və dəyəri milyonlarla manat edən mülk var. 

Siyahı belədir 
• Bakı şəhəri, Nizami rayonu Naxçıvanski küçəsi 50 ünvanında ("Vosmoy bazarı”) yerləşən 8,1 milyon manat dəyərində meyvə-tərəvəz bazarı.
• 4 milyon 310 min manat dəyərində Abşeron rayonunun Masazır kəndində 9,3 ha torpaq sahəsinin üzərində yerləşən tikililər.
• 4 milyon 500 min manat dəyərində Nəsimi rayonunda zirzəmili, mansardlı 7 mərtəbəli qeyri-yaşayış binası.
• 3 milyon 178 min manat dəyərində Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayonda 4941 kvadratmetr sahəyə malik 6 mərtəbəli, zirzəmili və mansardlı bina.
• 2 milyon 470 min manat dəyərində həmin ünvanda yerləşən 0,2 hektar torpaq sahəsinin üzərində olan tikili.
• 1 milyon 655 min manat dəyərində Səbail rayonu Badamdar qəsəbəsində 0,0996 ha torpaq sahəsi və onun üzərindəki 531,60 kvadratmetr fərdi yaşayış evi,
• 1 milyon 109 min manat dəyərində Badamdar qəsəbəsində 0,07 ha torpaq sahəsi və onun üzərindəki 275,6 kvadratmetr fərdi yaşayış evi.
• 1milyon 145 min manat dəyərində Badamdar 0,0665 hektar torpaq sahəsi və 275,6 kvadratmetr fərdi yaşayış evi.
• 808.000 manat dəyərində Novxanı bağlar massivində yerləşən 0,18 ha torpaq sahəsi və 222,31 kvadratmetr fərdi yaşayış evi.
• 700.000 manat dəyərində Novxanı kəndindəki 0,11 ha torpaq sahəsi və onun üzərindəki 241,9 kvadratmetr bağ evi.
• 646.000 manat dəyərində Kürdəmir rayonunun Mollakənd kəndində yerləşən 69 ha torpaq sahəsində olan göllər, tikililər, tikintialtı sahəli talvar və tikintialtı sahəli hovuz.
• 483.000 manat dəyərində Bülbül prospektində mənzil.
• 400.000 manat dəyərində Xızı rayonunun Qızılqazma kəndində yerləşən 2 hektar torpaq sahəsi.
• 300.000 manat dəyərində Biləcəri qəsəbəsində 0,06 hektar torpaq sahəsi.
• 115.500 manat dəyərində "Babək-94" müstəqil kiçik müəssisəsinin Xudu Məmmədov küçəsində yerləşən binasında 89,8 kvadratmetr ölçüdə mənzil.
• 95.000 manat dəyərində Biləcəri qəsəbəsində yerləşən 560 kvadratmetr torpaq sahəsi.
• 231.500 manat dəyərində "Yeni Yasamal” mənzil-tikinti kooperativinin inşa etdiyi binada 250 kvadrat metr qeyri-yaşayış sahəsi.
• 208.600 manat dəyərində Kürdəmir şəhəri "Ərşəli yeri" adlanan ərazidə yerləşən 24.000 nar kolu ağacının olduğu 100 hektar torpaq sahəsinin üzərindəki 93,1 kv.metr tiikli.
• 125.000 manat dəyərində Xətai rayonunda "Yüksəliş-C” MTK tərəfindən inşa edilmiş binanda 147,4 kvadratmetr sahəyə malik mənzil.
• 86.000 manat dəyərində Novxanı kəndində yerləşən 0,1073 ha torpaq sahəsi.
• 71.000 manat dəyərində Novxanı kəndində yerləşən 0,0886 ha torpaq sahəsi.
• 60.000 manat dəyərində Saray kəndində yerləşən 0,15 ha torpaq sahəsi.
• 203.000 manat dəyərində Saray kəndində yerləşən 0,6754 ha torpaq sahəsi.
• 59.500 manat dəyərində Abşeron rayonu Saray kəndində yerləşən 0,17 ha torpaq sahəsi.
• hər birinin dəyəri 15.000 manat olan Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 2 ədəd 0,075 hektar torpaq sahələri.
• 50.000 manat dəyərində Şamaxı rayonunun Nağaraxana kəndində yerləşən 0,13739 hektar torpaq sahəsi və onun üzərində yerləşən 3 ədəd əsas tikili, 2 ədəd köməkçi tikili.
• 1.800 manat dəyərində Kürdəmir rayonunun Yeni Şıxımlı kəndində yerləşən 2,5 hektar torpaq sahəsi.
• 60.000 manat dəyərində Kürdəmir rayonunun Qurdbayram kəndində yerləşən 100 hektar torpaq sahəsi.
• 96.000 manat dəyərində Nəsimi rayonunda qarajlar.
• 145.000 manat dəyərində Adil Məmmədov küçəsində mənzil.
• 115.000 manat dəyərində Mir Cəlal küçəsində mənzil.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları