Yuxarı

Çayxanalar kişilərdə sonsuzluq yaradır

Çayxanalar kişilərdə sonsuzluq yaradır

Qətibə Abdullayeva: "İstər soyuq aylarda, istərsə də yay aylarında çox oturanda, prostat vəzidə problemlər yaranır”

Hazırda sonsuzluq bütün dünyada ən böyük problemlərdən biri sayılır.Azərbaycanda isə insanların əksəriyyəti sonsuzluqdan söhbət düşdükdə bunu ilk növbədə qadının sağlamlığında olan hər hansı problemlə əlaqələndirirlər.Lakin bu səhv fikirdir. Müasir dövrdə kişi sonsuzluğu da qadın sonsuzluğu kimi çox yayılmış problemdir. Ali dərəcəli akuşer-ginekoloq, "Yeni Nəsil” tibb mərkəzinin baş həkimi Qətibə Abdullayeva "Cümhuriyət” qəzetinə müsahibəsində kişi sonsuzluğu ilə bağlı bizi maraqlandıran sualları cavablandırıb:

-Doğrudan da, indi kişi sonsuzluğu artıb. Bunun da səbəbi ekoloji, hormonal, infeksion və bir çox müxtəlif faktorlardan asılıdır. Yəni müxtəlif  faktorlardan asılı olaraq, spermada faiz aşağı düşür, sonsuzluq baş verir. Kişi sonsuzluğunu yaradan amillərdən biri də stressdir.Hər hansı bir pis vəziyyətin, maddi problemlər fonunda baş verən amillərin ailəyə, işə təsiri kişilərdə stress yaradır və sperma faizinin aşağı düşməsinə gətirib çıxarır.

Onu da deyim ki, kişilərdə sonsuzluq yaradan xəstəliklər arasında ən çox rast gəlinən varikosele xəstəliyidir. Varikosele - toxum ciyəsi venalarının genişlənməsi olub, kişi cinsiyyət sistemi üzvlərinin ən çox yayılmış xəstəliklərindən biridir. Kişi orqanizminin anatomik xüsusiyyətlərinə görə varikosele xəstəliyi 90 fazi hallarda sol tərəfdə inkişaf edir.Varikosele əsasən ona görə təhlükəli hesab edilir ki, bu patoloji hal zamanı xayalarda (yumurtalar) qan dövranı pozğunluğu baş verdiyi üçün, xayalıqda temperaturun bir qədər yüksəlməsi və qan durğunluğu olur.Bu isə son nəticədə spermatoğenezin (spermatozoidlərin yetişməsi prosesi) pozulmasına və sonsuzluğun (dölyaratma qabiliyyətinin olmaması) inkişaf etməsinə səbəb olur. Varikosele - kişi sonsuzluğunun ən çox yayılmış səbəblərindən biridir.

-Son illər sizə müraciət edən xəstələrdə qadın, yoxsa kişi sonsuzluğundan əziyyət çəkənlər çoxluq təşkil edir?

-Son vaxtlar demək olar ki, kişi sonsuzluğu üstünlük təşkil edir. Bu da stresslə, sinir sistemi ilə əlaqədardır.Həmçinin ekoloji faktorların da təsiri rol oynayır.Bir də daha çox infeksiyalarla əlaqədar olur.

-Zöhrəvi xəstəliklər sonsuzluq yaradır?

-Zöhrəvi xəstəliklər kateqoriyasından asılı olaraq sonsuzluq yarada bilir. Kişilərdə cinsi yolla keçən infeksiyalar var ki, spermanın faizinin aşağı düşməsinə səbəb olur.Cinsi yolla keçən infeksiyaların əksəriyyətinə düzgün diaqnoz qoyulduqda, müalicə vaxtında başlandıqda və sona qədər aparıldıqda sağalan xəstəliklərdir.Cinsi yolla keçən infeksiyaların qəddarlığı ondadır ki, onlar çox vaxt heç bir əlamətlə özlərini büruzə vermir və ya bu simptomlar çox zəif dərəcədə ifadə oluna bilirlər.Cinsi yolla keçən infeksiyalar müalicə olunmazsa, ya da müalicəsi düzgün aparılmazsa, gizli-xroniki formaya keçərək bir sıra fəsadlar törədə, sonsuzluq və sair xəstəliklərin yaranmasına səbəb olar.Buna görə də, sonsuzluğun müalicəsi zamanı, cinsi yolla keçən infeksiyalara görə də müayinələrin aparılması vacib hesab edilir.

-Bizdə yanlış fikir formalaşıb ki, ailədə övlad yoxdursa, mütləq qadın həkimə getməlidir. Kişi sonsuz ola bilməz. Sizcə, bu nə dərəcədə doğrudur?

-Mən ümumiyyətlə, hər kəsə, xalqımıza məsləhət görürəm ki, ailə qurduqdan sonra 6 ay ərzində uşaqları olmayanlar tək müayinəyə getməsinlər. Cütlüklər birgə müayinəyə getsinlər.Sonsuzluğun səbəbi kimdədir, nəyə görədir, hansı səbəbdəndir, tam aydınlaşdırdıqdan sonra müalicə alsınlar. Həm qadın, həm də kişi eyni zamanda müayinədən keçməli və müalicə olunmalıdır. Bu halda nəticə daha uğurlu olacaq.

-Son zamanlar plastik materialdan olan stulların da kişilərdə sonsuzluq yaratdığını iddia edirlər. Siz bu fikirlə razısınızmı?

-Boş sözdür. Plastik oturacaqlar heç bir sonsuzluq yarada bilməz.Sadəcə olaraq, bunu ona görə deyirlər ki, kişilər plastik oturacaqlarda, çayxanalarda, saatlarla otururlar.İstər soyuq aylarda, istərsə də yay aylarında, çox oturanda, prostat vəzidə problemlər yaranır.Bu daha çox oturaq həyat tərzi ilə əlaqədardır.Belə ki, insan uzun müddət ərzində oturanda onun bədəninin aşağı hissəsində əzələlər və damarlar sıxılır, nəticədə qan dövranı kəskin pozulur.Qanın orqanizmdə normal dövr etməsi sağlamlıq üçün çox vacibdir.Qan orqan və sistemlərə qidalı maddələri və oksigeni daşıyır. Qan dövranı pozulduqda orqanlar daha az oksigen və qida alır ki, bu onlarda pozulmaların inkişafına yol açır. Bundan əlavə, orqanlarda durğunluq yaranır.Durğunluq isə iltihabların əsas səbəbidir.Oturaq həyat tərzi kişilərdə prostatit və cinsi zəfliyi, qadınlarda cinsiyyət sistemi pozulmaları və iltihablar, mədə-bağırsaq sistemi pozulmaları və xəstəlikləri (həzm problemləri, qəbizlik, hətta yoğun bağırsağı xərçəngi), babasil, varikoz və sair kimi xəstəliklər yaradır.

Aytən Həsənova





Həftənin ən çox oxunanları