Yuxarı

Uşaqbazlığı sükutla izləyən uşaq komitəsi

Uşaqbazlığı sükutla izləyən uşaq komitəsi

Mehriban Zeynalova: "Gözləyirik ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi liderliyi ələ götürsün və ciddi mesajlarla ortaya çıxsın”

Uşaqlara qarşı cinsi zorakılıq ölkədə ciddi bir problemə çevrilib. Mətbuatda verilən xəbərlərdən, məhkəmələrdə bir-birini üstələyən proseslərdən görmək olar ki, təcavüz hallarının sayı artıb və artmaqdadır. Avqust ayı başlayandan az qala hər gün azyaşlıların təcavüzə məruz qalması ilə bağlı xəbərlər alırıq. Dəhşətlisi isə odur ki, çox zaman yetkinlik yaşına çatmayan, hətta kiçik yaşlı uşaqlara belə təcavüz edilir. Təcavüz olaylarında dünyasını dəyişənlər də az deyil. Uşaqların hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatlar bu məsələdə həyəcan təbili çalsalar da, təcavüzə son qoyulması ilə bağlı çağırışlar etsələr də, ölkənin aparıcı dövlət qurumu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hələ ki səssizlik nümayiş etdirir. 

Həmişə olduğu kimi bu dəfə də komitə öz ampluasında qalır, qınına çəkilmiş tısbağa rolunu oynayır. Sanki bu ölkəni bürüyən "seksual manyak”ların əsirinə çevrilərək, onların ifşa olunmasına qarşı çıxmaqdan çəkinirlər. Yaxud da sadəcə ad xatirinə yaradılmış qurumun yalnız varlığını təcəssüm etdirirlər. Azyaşlıların iyrənc məxluqlar tərəfindən bədbəxt edilməsinə göz yuman qurum heç olmasa varlıqlarını sübut etmək üçün adi bəyanatla da çıxışdan qaçırlar. O zaman ailələrin, qadınların və uşaqların problemlərinin həlli üçün yaradılmış komitəyə nə gərək var? Müşahidələr və araşdırmalar onu göstərir ki, bu komitə indiyədək heç bir ailənin, qadının və ya uşağın problemi ilə doğru-düzgün nə maraqlanıb, nə də həllinə çalışıb. Sadəcə, məqsəd dövlət büdcəsindən fürsət uzandıqca yararlanmaq və faydalanmaqdır. 

"Seksual manyak”ların qurbanları...

Son günlər təcavüzlə bağlı baş verən hadisələrə nəzər salaq: 

Badamdar qəsəbə sakini Ləman Hüseynova (ad şərtidir) 9 yaşlı qızına təcavüz olunması iddiası ilə polisə müraciət edib. Qadın hadisənin iyulun 17-də yaşadığı evdə baş verdiyini bildirib. Belə ki, bacısının əri Naxçıvanın Babək rayonunun sakini 1983-cü il təvəllüdlü Aydın Əli oğlu Muradov (ad şərtidir) 2008-ci il təvəllüdlü qızı Ayselə (ad şərtidir) təcavüz edib. 

Daha sonra 27 yaşlı Qismət Panalizadə Şirvan şəhərində 11 yaşlı qıza təcavüz edib. Qismət Panalizadə təcavüzə məruz qoyduğu 2006-cı il təvəllüdlü Samirə Sadıqovanın atası Sadıq Sadıqova (zərərçəkmişin və onun atasının adı və soyadı şərti göstərilib - red.) 10 manat borca pul verib. 10 manatlıq borc azyaşlıya təcavüzlə yekunlaşıb. Təqsirli bilinən 1990-cı il təvəllüdlü şəxs barəsində cinayət işi açılıb. 

Daha sonra Naxçıvanın Culfa rayonunda dəhşətli hadisə ilə bağlı xəbərlər aldıq. Rayon sakini, 1994-cü il təvəllüdlü Ələsgər Məmmədov həmyerlisi olan 4 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edib. Hadisə iyulun 30-da, axşam saatlarında baş verib. İçkili olan Ələsgər Məmmədov azyaşlını toydan çağıraraq, yarımçıq tikiliyə aparıb və orada ona qarşı seksual xarakterli hərəkətlər edib. Baş verən hadisə ilə bağlı Culfa rayon prokurorluğunda cinayət işi başlanıb. Bir müddət əvvəl Xırdalan şəhərində 3 azyaşlı qıza cinsi təcavüz edilməsi ilə bağlı məlumatlar yayıldı. Məlum oldu ki, bu sakinlər tərəfindən ələ keçirilən İbrahim Buğumovun 4-cü pedofilik hərəkətidir. Bundan öncə İ.Buğumov liftdə, binanın blokunda uşaqlara və qadınlara təcavüz edərkən ələ keçirilib. Məhkəmə onun psixi durumunu nəzərə alaraq müalicəyə göndərib və bir neçə aydan sonra da xəstəxanadan buraxılıb. Hər dəfə də əməlini təkrar edib. Onun bu əməlindən isə uşaqlar, ailələr, cəmiyyət əziyyət çəkir.

Bakıda 14 yaşlı oğlana təcavüz etməkdə təqsirli bilinən Salyan rayon sakini, 1995-ci il təvəllüdlü Samir Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi də artıq yekunlaşıb. Sadiq Babayevin siqaret istəməsindən istifadə edən Samir Xəlilov onu siqaret vermək adı ilə aldadaraq Qobustan qəsəbəsi, 61-ci kilometr bağlar massivində yerləşən evə gətirib. Sadiq Babayevi evə salan Samir Xəlilov onunla qeyri-təbii yolla cinsi əlaqədə olmasını istəyib. Sadiq isə onun bu tələbindən imtina edib. Bu zaman Samir Xəlilov evdə olan bıçağı götürərək Sadiq Babayevi hədələyib və sonra onu zorla soyunduraraq, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. Sonra o, azyaşlıya qarşı əxlaqsız hərəkətlər edib, ona qarşı sesksual xarakterli zorakılıq hərəkətləri törədib.

Təcavüz niyə bu qədər artıb? Pedofiliya və şizofreniya xəstəliyinə düçar olan, cəmiyyət üçün təhlükəli olan adamlar hansı prosedurlardan keçməlidir? Onlarla necə davranılmalıdır və həmin şəxslərin cəmiyyətə ziyan verməməsi üçün hansı addımlar atılmalıdır?

Uşaqlar toxunulmaz deyillərmiş...

"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, ölkədə görünməmiş bir tendensiya yaşanır: "Uşaqlar toxunulmazdı. Amma buna baxmayaraq son zamanlar biz görürük ki, uşaqlar belə toxunulmazlıq statusunu itirməyə başlayıb. Yəni mental dəyərlərdən danışsaq, uşaqlar heç vaxt toxunulmaz deyildi və müqəddəs idi. Artıq bu dəyərlər sistemi də, mentalitetin bütün kökləri də dağılıb. Əgər uşaqlara qarşı bu təcavüz baş verirsə, demək biz doğrudan da narahat olmağa və hansısa ciddi tədbirlər görməyə başlamalıyıq. Baş verən hadisələrdən görünür ki, qadınla bağlı çox pis stereotiplər formalaşıb. Hətta bu qız uşaqlarına qarşı yönəlib. Qızdırsa, demək belə hərəkət etmək və ona toxunmaq olar.

Əvvəlki dəyərlər sistemində olan qonşuluq, başqasının uşağını əmanət kimi qorumaq, ona qarşı baş verən cinayət hadisəsinə müqavimət göstərmək hissi yoxdur. Əgər əvvəllər qonşular, qohumlar bu məsələdə aktiv iştirakçı idilərsə, indi passiv iştirakçıya çevriliblər. Bu da cinayətin törədilməsinə şərait yaradır. Düşünürəm ki, bu məsələdə əsas məqam ilk növbədə insanların qidalanması və hansısa sosial şəbəkələrdən, saytlardan qeyri -insani və zorakılığı təbliğ edən materiallara baxmasıdır. Bax bu da prosesi aktivləşdirir və insanların bu şüuraltı cinayətləri törətməsinə şərait yaradır. Ailədə natamamlıq hissi də bu məsələdə əsas rol oynayır. Ola bilsin ki, ailədə kifayət qədər qarşılıqlı hörmət yoxdur. Eləcə də kişi olaraq onun evdə, iş yerində nüfuzu yoxdur. Yaxud bu zorakılığı tətbiq edə bilmir, cinsi münasibətlərini, ehtiyaclarını ödəyə bilmir.

Ona görə də köməksiz insanlara qarşı bu zorakılıq əməllərini törədir. Məsələn, Sumqayıtda qadının zorlanması və öldürülməsi, azyaşlılara meylilik kimi halların hamısı internet resurslarında olan videomaterilların yayılmasıdır. Təbii ki, orada narkotik və alkoqol asılılığı da ola bilər. Bundan əlavə özünü reallaşdıra bilməyənlər düşünür ki, azyaşlılarla bu daha rahatdır. Böyük adamlar cürət etməz və azyaşlılar gücsüzdür. Çox, müxtəlif səbəblər var. Əsas odur ki, azyaşlılara qarşı cinsi təcavüz məsələsi çox aktuallaşıb və son günlərin əsas problemlərindən biridir”.

"Bu cür əməllərə dur deməsək...”

QHT rəhbərinin fikrincə, bu problemə indidən "dur” deməsək, bunun davamı olacaq: "Biz hansısa formada bununla bağlı tədbirlərə başlamalıyıq. Ölkə başçısının, yaxud birinci xanımın nəzərinə çatdırmalıyıqmı, bilmirəm, amma nəsə bir mesaj verilməlidir ki, siyasi səviyyədə bunun qarşısı alınsın. Təcavüz elədir ki, bir qədər tez gedən bir cinayət hadisəsidir. Kiminsə küçədə, qonşuda, evdə cinsi təcavüz etmək niyyəti olduğunu bilmirik. Ən çətin cinayətlərdən biridir ki, biz şəxsin davranışını əvvəlcədən müəyyən edə bilmirik. 

Amma bizdə o ənənə də yoxdur ki, bu cür cinayətləri törədən doğmalarımızı polisə aparaq və təhvil verək. Artıq vəziyyət elədir ki, biz bu standartlardan keçməliyik. Yaxud ciddi bir cəza olmalıdır ki, bu şəxsləri qorxutsun. Əlbəttə ki, hüquq-mühafizə orqanları bu cinayətləri törədənlərə qarşı o qədər də dözümlü deyillər. Ola bilsin ki, bununla bağlı cəzaları daha ağırlaşdırsınlar. Ölüm hökmünün əleyhinəyəm, çünki biz demokratik ölkəyik. Bundan imtina etmişik. Məsələn, şəxsi meydana çıxarmaq, onu tanıtmaq, şəklini yaymaqmı, bunu xalq da edə bilər. Elə problemlər var ki, ona xalq müqavimət göstərir. Paralel olaraq daha ağır cəza verilməlidir”.

Komitənin səssizliyi...

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təcavüzlə bağlı olaylara səssizlik nümayiş etdirməsinə gəlincə, Mehriban Zeynalova əlavə edib ki, hər qurum öz fəaliyyətinə görə cavab verməlidir: "Gözləyirik ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi liderliyi ələ götürsün və ciddi mesajlarla ortaya çıxsın. Bəlkə də övladı o vəziyyətə düşən valideynlərin də gözləntisi o komitədəndir. Hesab edirəm ki, komitənin reaksiyası daha çevik olsun. Nəzərə alsaq ki, komitə ilə bağlı müxtəlif mesajlar olur, bu baxımdan bu çevikliyi artırmalıdır. Tələsik bəyanatlardansa, konkret faktlar üzrə reaksiya verilsin. QHT-ləri də öz ardınca çağırmalıdır ki, birgə bütün tədbirləri görək”.

Alçina Amilqızı






Həftənin ən çox oxunanları