Yuxarı

Sürücü yol polisinin videosunu çəkə bilərmi?

Sürücü yol polisinin videosunu çəkə bilərmi?

Şəmsəddin Əliyev: "Vətəndaşın çəkmək hüququ var. Amma onu yaymaq üçün mütləq mənada qarşı tərəfin razılığı gərəkdir”

Son vaxtlar sürücülərlə yol polisi arasında tez-tez mübahisələr yaşanır. Yol polisi sürücünü saxlayıb, hansısa yol hərəkəti qaydasını pozduğunu bildirir və dərhal protokol yazmağa başlayır. Sürücü isə heç bir yol hərəkəti qaydasını pozmadığını iddia edir. Tərəflər arasında mübahisə yaşanır və bu getdikcə qızışmağa başlayır. Bu an sürücü və yaxud yanındakı sərnişin polisin qanunsuz hərəkətini lentə alır. Yəni xidməti çəkiliş aparır. Yol polisi isə buna ciddi etiraz bildirərək, çəkiliş aparılmasına imkan vermir. Sürücü isə çəkilişi ona görə edir ki, gələcəkdə lazım olan hansısa dəlillər əlində olsun. 

Bu ona görə lazımdır ki, yol polisi tərəfindən niyə saxlandığını və qarşı tərəfdən eşidə biləcək hər hansı ifadə, isbatlaya biləcək dəlili olsun. Bu günlərdə buna bənzər  bir fakt İsmayıllı-Qəbələ yolunda olub. Tərəflər arasında mübahisə yaranıb. Sürücü isə baş verənləri mobil telefonu ilə lentə alıb. Ekspertlərin fikrincə, hər bir vətəndaş mobil telefon və yaxud kamera vasitəsi ilə polisi çəkə bilər. Burda heç bir qanun pozuntusu yoxdur. Sadəcə  polis öz işində olmalı və hər hansı çəkilişə əhəmiyyət verməməlidir. 
Maraqlıdır,  sürücünün polisi telefonla çəkməsinə qanunvericilik yol verirmi? 

"Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, hər xırda məsələn vətəndaşlar arasında münasibəti tənzimləyən  normalar var: 

"Hər xırda məsələni qanunvericilik öz normalarında göstərmir və onu heç göstərməyə də ehtiyac yoxdur. Burada bir incəlik var. Əgər vətəndaş, sərnişin və ya sürücü Dövlət Yol Polisinin hər hansı bir əməkdaşının hərəkətlərini əlindəki mobil telefonla çəkmək, yaxud qeyd etmək üçün qarşı tərəfin razılığı alınmalıdır. Çəkmək və onu yaymaq bir növ vətəndaşın hüququdur. Amma qarşı tərəfin də buna etiraz etmək, yaxud razılıq verməmək hüququ var. Başqa bir məqam da ortaya çıxır ki, polis dövlətin rəmzini əks etdirən forma geyir. Buna da hər bir vətəndaşın hörmət etməsi onun konstitusion borcudur. Yəni bu formada olan polisi çəkmək, yaymaq və ictimailəşdirmək kifayət qədər digər tərəfin hüquqlarının, iradəsinin aşmasından asılıdır. Bu əsasən onun əxlaq norması və davranışı ilə bağlıdır. İnsan nə qədər qarşı tərəfə öz davranışını korrektə edərsə, bir o qədər də hüquqa və qanuna hörmətinin təzahürü kimi ortaya çıxa bilər. Bu mənada çəkilişin aparılması yolverilməzdir. Vətəndaşın çəkmək hüququ var. Amma onu yaymaq üçün mütləq mənada qarşı tərəfin razılığı gərəkdir. Əgər bu razılıqla həyata keçirilirsə, demək ki, bu məsələdə məsuliyyət var. Polis onu məhkəməyə verə, mənəvi ziyanın dəydiyini elan edə və ondan təzminat tələb edə bilər. Təbii ki, onun ödənilməsi məhkəmənin qanuni qüvvəyə minmiş qərarından asılıdır”.

Ekspert qeyd edib ki, ümumiyyətlə, polis orqanlarının qeyri-qanuni hərəkətləri ilə bağlı narazılıq varsa, bu barədə rəhbərliyə müraciət olunmalıdır: 

"Daxili İşlər Nazirliyində kifayət qədər şöbə və idarələr var ki, polisin qanunsuz fəaliyyəti ilə bağlı məsələsini araşdırsın. Yəni orada polis öz həmkarına  üstünlük verir, yaxud hüquq pozmaları ört-basdır edir, belə bir şey yoxdur. Əgər fakt təsdiqini taparsa, o polis əməkdaşını ciddi tənbeh gözləyir. Ciddi qanun pozuntusuna yol verilibsə, səlahiyyətlərini aşıbsa, o zaman polis orqanlarından kənarlaşdırılır. Daxili İşlər Nazirliyi rəhbərliyinin araşdırmasından və çıxarılan nəticədən vətəndaş narazı qalarsa, məhkəməyə müraciət edə bilər. Məhkəməyə vermək hər iki tərəfin hüququdur. İlk növbədə nəzərə almaq lazımdır ki, o çəkiliş polisin nüfuzuna, geyiminə xələl gətirir. Bununla dövlətin atributlarına xələl gəlir. Narazısansa, Daxili İşlər Nazirliyi, Prokurorluq və məhkəmələr var. Burada kənar hərəkətlərə yol vermək olmaz”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları