Yuxarı

Hər il 40 min diplomlu, amma işsiz azərbaycanlı...

Hər il 40 min diplomlu, amma işsiz azərbaycanlı...

Kamran Əsədov: "40 min məzunun heç 10 mini ixtisası üzrə işlə təmin olunmur”

Bütün dünyada universitetlərin ən aktual problemlərindən biri məzunların işlə təmin olunmasıdır. Azərbaycanda da ali təhsilli gənclərin işlə təmin olunmasında ciddi problemlər var. İlk növbədə bu, onunla bağlıdır ki, Azərbaycanda ixtisasların iş yerlərinin sayına uyğunlaşdırılması tətbiq olunmur. Sadəcə diplom xatirinə təhsil alanlar var ki, bu da bir sahədən minlərlə mütəxəssis ordusunun yetişməsi deməkdir. Sirr deyil ki, hər il ali təhsil müəssisələrini 30-40 min arası məzun bitirir. Təbii ki, onların hamısı işlə təmin olunmur. Hətta bu mümkünsüzdür. Son devalvasiyalardan sonra Azərbaycanda işsizlik səviyyəsi xeyli aşağı düşüb və əmək bazarında acınacaqlı durum davam edir. 

Əsasən isə 25 yaşdan yuxarı gənclərin işə düzəlməsi müəyyən çətinliklər yaradır. 25 yaşdan aşağı bəzi gənclər isə "tapşırılma”, "dayı” və "tas”ları ilə müəyyən yerlərdə işə düzələ bilirlər.  Bu vasitələri olmayanlar isə ən savadlı şəxs olsa belə, işə götürülmür. Maraqlıdır ki, Azərbaycanda hazırda ali təhsilli şəxslərin neçə faizi işsizdir?

Diplomlu işsizlərin sayı nə qədərdir?

Ekspertlər hesab edir ki, bu barədə rəsmi və ya qeyri-rəsmi məlumat yoxdur. Çünki onu müəyyən edən mexanizm mövcud deyil. 

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, əsasən ölkədə belə bir statistika aparılmalıdır ki, hansısa peşələrlə bağlı problem üzə çıxsın: "Universitetlərdə iqtisadiyyatın sifarişinə uyğun peşələrin hazırlanmasına qərar verilsin. Yəni belə bir statistikanın aparılması çox vacibdir. Azərbaycanda təəssüf ki, belə bir statistika yoxdur. Amma ən azı təyinat sistemi ləğv ediləndən sonra universitet məzunlarının işlə bağlı problemlərinin öz çiyinlərində olduğunu nəzərə alsaq, doplomlu işsizlərin sayı ilə bağlı kifayət qədər böyük bir rəqəm alına bilər. Hətta qeyri-leqal bazarlarda fəhləliklə məşğul olanlar var. Bu ciddi bir problemdir. Bunu ciddi araşdırmaq və məsələyə sistemli yanaşmaq lazımdır ki, hansı peşə sahibləri, hansı universitet məzunları işlə bağlı daha çox problemlə üzləşirlər.

Universitetlərdə ixtisasların dəyişdirilməsi baş verməlidir. Dünya bu yolla gedib və inkişaf edib. Məsələn, Amerika universitetlərində təqribən 200-300-ə yaxın yeni ixtisaslar tədris olunur. Hətta son dövrlərdə ən populyar peşə sahibləri sosial mediada reklam menecerləri, alternativ enerji mütəxəssisləri və digər peşələr üzrə yeni-yeni sahələr yaradılır. Azərbaycanda sanki ənənəvi olaraq sovetdən üzübəri sistem dəyişməz olaraq qalır. Hüquqşünas, iqtisadçı, müəllim, həkim...Universitetlərdə bundan daha geniş ixtisaslaşmaya ehtiyac var”.

Qeyd edək ki, bu il ali məktəbləri 40 min məzun bitirib. Qəbul planı isə 43 mindir. Demək, əmək bazarına 40 min şəxs daxil olacaq. 4 ildən sonra isə 43 min şəxs iş yerləri axtaracaq. Real statistikaya söykənərək onu deyə bilərik ki, işsizlik ordusu daha da genişlənəcək və bu vəziyyəti daha da gərginləşdirəcək.

Əmək bazarına daha 40 min...

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov isə bildirib ki, danılmaz faktdır ki, ali məktəbə daxil olan və onu bitirən tələbələrin sayı arasında fərqlər var: "Bu fərq həm də işlə təmin olunma baxımından da fərqli mənzərə ortaya çıxarır. Dövlət universitetlərindən fərqli olaraq özəl universitetlərdə Azərbaycanın ali məktəblərinə də daxil olan tələbələrin sayı ilə onları bitirən məzunların sayı arasında fərqlər var. Təkcə 2017-ci ildə ali məktəbləri 40-minə qədər şəxs bitirdi. Halbuku 4 il əvvəl 33 min şəxs qəbul olmuşdu. Maraqlısı odur ki, bəzi universitetləri qəbul olanlardan çox sayda məzun bitirib, digərlərində isə bu rəqəm az olub. Bundan əlavə bu il məzun olanların 35 faizi təhsillərini 4 ilə bitirə bilməyənlərdir. Deməli qəbul ilə məzunlar arasında ortaya çıxan fərqli rəqəmlərin kökündə bu dayanır. Hesab edirəm ki, ali məktəbi bitirən tələbələrin daxil olanlarla müqayisəsinin az olmasının səbəbi təhsilin keyfiyyətinin aşağı olması ilə əlaqədərdır. Bir çox hallarda təhsil alanlara təhsil aldıqları müddətdə süni maneələr yaradılır və onlar vaxtında təhsillərini başa vura bilmirlər”.

Ekspert qeyd edib ki, 2017-2018-ci tədris ili üçün ali məktəblərə 43 min plan yeri ayrılıb. Bu o deməkdir ki, 4 il sonra əmək bazarına 43 min ali təhsilli şəxs daxil olmaldır: "Amma bu bir çox hallarda mümkün olmur. Çünki adicə 12 minə yaxın gənc müəllimlik ixtisasını bitirir. Amma onların işlə təmin olunması mümkün deyil. Bu bütün sahələrə aiddir. 40 min məzunun heç 10 mini ixtisası üzrə işlə təmin olunmur”.

Alçina Amilqızı 






Həftənin ən çox oxunanları