Yuxarı

Təkrar həccin savabı varmı?

Təkrar həccin savabı varmı?

Tural İrfan: "Qohumu, qonşusu, yaxını ehtiyac içində olan minlərlə hacı tanıyırıq”

Həcc Allahın evini ziyarət etmək və orada göstəriş verilən əməlləri yerinə yetirməkdir. Qurani-Kərimdə həcc ziyarətinin vacib olduğu insanlar barəsində buyurulur: "Allah-taala bu evin ziyarətini Həccə getməyə qüdrəti olan şəxslərə vacib etmişdir". Edilməsi fərz olan ibadətlər arasında namazın, orucun nafiləsi olduğu kimi, həccin də nafiləsi var. Yəni, nafilə ibadətlər fərz, vacib, sünnət, məndub və məkruh ibadətlərin xaricində ediləndir.

Bəzən insanlar nafilə edilən Həcc ziyarətində ifrata varır.Bu da cəmiyyətdə Həcc ziyarətinə münasibəti birmənalı etmir.Bəziləri Həccə gedən şəxslərin xərclədikləri pulları, ziyarət və səfər məsrəflərini israfçılıq kimi dəyərləndirir.Hacılar şiddətli şəkildə qınanılır, həmin pulların daha faydalı yerlərə xərclənməsi belə tələb edilir. Günümüzdə ömrünün yarısını Həcc ziyarətinə həsr etməklə keçirənlər də az deyil. Mən deyim 25 dəfə, siz deyin 30... Halbuki islam peyğəmbəri Məhəmməd (s.a.s) "Qonşusu ackən tox yatan məndən deyildir” deyib. Belələri peyğəmbər ümməti olmaqdan çıxıb.Bəzən açıqlama verirlər ki, 500 nəfəri Həcc ziyarətinə göndərib."Savabdı” düşüncəsi ilə.Bunlar quru bir cəhalət formasıdır, iman və ibadətin həqiqi həzzindən məhrum şəxslərdir.Bəzən şəxs özü bir dəfə ziyarət edir, sonra deyir ki, dünyasını dəyişmiş atamın, anamın, bacımın, qardaşımın yerinə də ziyarət edirəm.Allahı sevmək könül işidir. İmanı, sevdası, eşqi, inancı kamil olmayan Həcc ziyarətinə 5 dəfə getsə, nə olar, 10 dəfə getsə, nə?!

O da var ki, bu ildən təkrar Həcc ziyarətinə gedənlər 535 dollar əlavə vəsait ödəyəcəklər. Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, Səudiyyə Ərəbistanı hökumətinin qərarı ilə 2014, 2015 və 2016-cı illərdə Həcc ziyarətində olanlar və bu il təkrar getmək istəyənlər 535 dollar vergi ödəməlidir. Bu vergini Səudiyyə Ərəbistanı hökuməti tələb edir.QMİ təkrar Həcc ziyarətinə getmək istəyənlərin sayının artacağını da istisna etmir. Bu il Azərbaycanda Həcc ziyarətinin məbləği 3850 dollar müəyyənləşdirilib. Görəsən təkrar Həcc ziyarətində olmaq savabdır, yoxsa, o vəsaitlə hansısa xəstələrə, tələbələrə, yardıma ehtiyacı olanlara əl tutmaq?

İlahiyyatçı Tural İrfan "Cümhuriyət” qəzetinə bildirib ki, Həcc vacib sayılan ayinlərdəndir:

"Ancaq hər imkanlı müsəlmana ömründə bir dəfə. Peyğəmbər də ömründə bir dəfə həcc ziyarətində olub.Bir dəfədən artıq getmək vacib yox, müstəhəbbdir.Bir dəfədən artıq Həccə gedənlərin əksəriyyəti şan-şöhrət üçün gedir.Son zamanlar yüksək məbləğlə başa gələn bu ziyarətə təkrar gedənlər həm dini dərin dərk etməyən, həm də şöhrətpərəstlərdir.Xüsusən də İslam dininə görə əgər yaşadığın cəmiyyətdə ehtiyaclılar varsa, bu kimsələrə yardım etmək vacibdir.Təkrar həcc etmək isə müstəhəbdir.Vacib isə müstəhəbdən üstün qəti hökmdür.Vacib olanı tərk etmək isə böyük günahdır.Peyğəmbər buyurub ki, qonşusu ac ikən tox yatan müsəlman deyil.Qohumu, qonşusu, yaxını ehtiyac içində olan minlərlə hacı tanıyırıq.Bu nəyə və kimə lazımdır?Bu cür əməl nə Allaha, nə də belə bəndələrə lazım deyil.İnsanlıq hisslərindən məhrum olan bəziləri bu dünyada eyş-işrət, var-dövlət toplamağa həris olduqları kimi, öz düşüncələri ilə guya axirəti-cənnəti də dördəlli mənimsəmək istəyirlər.Bəziləri Allaha ona görə ibadət edir ki, Allah o biri dünyada ona cənnət bəxş etsin, o da orada bu dünyadakı kimi kef çəksin.Belələri Ulu Xaliq haqda yanlış düşüncədədirlər.Allaha düzgün iman gətirməyiblər.Həcc kiçik Qiyamət hesab olunub hədislərdə.Əgər sən Qiyamətə hazır deyilsənsə, hər il hansı üzlə ora gedirsən?”

İlahiyyatçı onu da qeyd edib ki, hədislərdə Həcc ziyarəti Allahın qonaqlığı kimi adlanıb: "Allahın ziyafəti. Yəni orada olan zəvvar Xaliqin qonağıdır. Qonaq da ya bir dəfə olar, ya da iki dəfə... Təkrar və çoxsaylı Həccə gedənlərə üz tutaraq deyirəm ki, ehtiyacı olanlara yardım etsəniz, Hacı Zeynalabdin Tağıyev ənənəsini yaşatsanız, Allah dərgahında Cənnət qazanarsınız.Quranın məntiqi budur.İbadət şöhrət üçün olmamalıdır.Həcc göstəriş və şöhrət meydanı yox, Allahın imtahanının rəmzi səhnəsidir.Təkrar həccə gedənlər həmin yolda xərclədikləri vəsaiti kasıblara, ehtiyacı olanlara paylasalar savab olar. Bax əsl islam budur. İslamın mahiyyəti humanizmdir”.

P.S. Allah ziyarətinizi qəbul etsin, hacılar!

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları