Yuxarı

Bakının mərkəzində söküntü başladı: "Pulumuzu vermirlər”

Bakının mərkəzində söküntü başladı:

Sakinləri narazı salan kimlərdi?

Bakı şəhərinin Yasamal rayonunun "Yasamal bazarı” adlanan ərazisində yaşayan sakinlər evlərinin sökülməsinə etiraz ediblər.

Etiraz edən sakinlər Cebhe.info-ya bildirib ki, evlərini qanunsuz olaraq, onlara əvvəldən xəbərdarlıq edilmədən sökmək istəyirlər. 

Söküntü işlərini həyata keçirəcək "Pilot Residence” şirkətinin ərazidə hündürmərtəbəli yaşayış binaları tikməsini planlaşdırdığı və söküntü işlərinin aparılması ilə əlaqədar müvafiq sərəncamın Yasamal rayon İcra Hakimiyyəti tərəfindən verildiyi bildirilib.

Sakinlərin sözlərinə görə, artıq yaşayış massivinin kənarları bağlanılıb və söküntü işlərinin yaxın vaxtlarda başlayacağı onların diqqətinə çatdırılıb. Etirazçılar həmçinin şirkətin onlara evlərindən çıxmaq üçün tələb etdikləri pulları vermədiklərini iddia edirlər. Evlərinin "kupça”larının olduğunu deyən sakinlər qeyd ediblər ki, aidiyyatı qurumlar tərəfindən sözügedən şirkətə verilmiş sənəddə evlərin "kupçasız” olduğu bildirilir. Şirkət isə etirazların qarşısını almaq üçün yeni tikiləcək binalardan bir qrup sakinə mənzillərin veriləcəyi təminatını verib. Lakin sakinlər buna da inanmırlar. Qeyd edirlər ki, şirkət və digər müvafiq qurumlar insanların razılığını almadan evləri sökürlər.

"Zülm edirlər”

"Köhnə icra başçısı İbrahim müəllimin möhürü ilə sənəd göstərirlər ki, evlər sökülməlidir. Elə o vaxt belə işlərinin üstündə İbrahim müəllimi vəzifəsindən azad ediildi. Çünki camaatın evlərini satırdı, haqsız işlər görürdü. Bu da həmin haqsız işlərdən biridir. Axı insanlarla heç bir razılığa gəlməyiblər. Bizə də deyirlər ki, gedin kirayədə yaşayın. Digər şirkətlər insanlarla müqavilə imzalayırlar, kirayə pullarını verirlər. Sonra da evləri tikib insanlara verirlər. Bunlar isə deyirlər ki, burada hündürmərtəbəli ev tikəcəyik və sizə mənzil verəcəyik. Bu dinc əhaliyə zülm verirlər. Niyə biz öz evlərimizdən imtina edib öz pulumuzla kirayələrdə yaşamlıyıq?”, - deyə sakinlər bildiriblər.

"Nə mətbuat xidmətimiz, nə də rəhbərimiz var”

Məsələni aydınlaşdırmaq üçün Yasamal rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. RİH əməkdaşı Cebhe.info-nun mövzu ilə bağlı sualına cavabında bildirdi ki, bu kimi məsələrlə bağlı ancaq yazılı müraciət etmək olar. O, həmçinin RİH-in mətbuat xidmətinin olmadığını da diqqətə çatdırıb: "İcra hakimiyyətinə yazılı formada müraciət edin. Baxılacaq. Bizim mətbuat xidmətimiz yoxdur, hal-hazırda rəhbərimiz də yoxdur. Adətən belə hallarda ünvanlanan suallara Gülşən xanım cavab verir. Səhv etmirəmsə, o, hazırda məzuniyyətdədir. O olmayanda da müraciətlər ancaq yazılı formada daxil olanda baxılır”.

"Sakindirlər də...”

Sakinlərin iddiaları ilə bağlı söküntü işlərini aparacaq "Pilot Residence” şirkəti ilə də əlaqə saxladıq. Şirkətdən bildirildi ki, söküntü işləri qanunsuz deyil və sakinlərlə də şirkət arasında heç bir problem yoxdur: "Bununla bağlı müvafiq dövlət orqanlarına müraciət edin. Proseduru düzgün həyata keçirmirsiz, əgər biz sökürüksə, demək ki, bununla bağlı icazə var. Əgər ərazidə qanun nümayəndələri varsa, bu, o deməkdir ki, prosedur qanunauyğun formada həyata keçirilir. İndi qanunsuz iş görmək mümkün deyil. Əlbəttə, icazə var”.

Şirkətin əməkdaşında bildirdik ki, Yasamal rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamışıq və ətraflı məlumat verməyiblər: "Sənəd baxımından hər şey qaydasındadır. İcra hakimiyyətindən sizə niyə məlumat verməyiblərə, bu haqda heç nə deyə bilmərəm. Bəlkə də lazım bilməyiblər. Amma sizə necə deyim, sakinlərdir də”.

Mənsur





Həftənin ən çox oxunanları