Yuxarı

Lənətlənmiş qəsrlər

Lənətlənmiş qəsrlər

Qraf Drakulanın Bran qəsri Karpat dağlarının qorxulu və səssiz köşəsində yerləşir.Qəsr Translivaniyanın sıldırım qayaları üzərindədir.Drakula burada minlərlə əsir və məhkumu payalara keçirərək öldürmüşdü.Bran qəsri məhz bu dəhşətlərə səhnə olması ilə məşhurdur. Drakula 20 min türk əsgərini payaya keçirərək edam edərək Osmanlı sultanı Fateh Mehmetə meydan oxuyan rumın şahzadəsi idi. Halbuki o, Osmanlı saraylarında böyümüşdü.Tarixin ən amansız və qanlı şəxsiyyətlərindən biri olan qraf Drakula haqqında irland yazıçı Bram Stoker "Drakula” adlı romanını yazıb.Kitabda Drakulanın yaşadığı evdən - kənarlarından çay axan Karpat dağlarının sıldırım qayaları üzərində yerləşən qəsrindən bəhs olunur.

Translivaniyada yerləşən bu qeyri-adi ev Bran qəsri idi. Tarixi mənbələrə görə, qısa müddətli olsa da Drakula burada həbs həyatı da yaşayıb.Stoker əlyazmasında qəsrin 3 metrlik qaya üzərində yerləşdiyini iddia edir.Romanda təsvir edildiyi kimi Bran qəsrinin kənardan görünən ürküdücü görünüşü var. Bu, üzgüldürməz qotik abidəsidir.Əgər ətrafına duman çökübsə, yaratdığı qəribə enerji adamın daxili orqanlarını ağzına doğru çəkir.

1388-ci ildə kənar hücumlardan qorunmaq üçün saksonlar tərəfindən tikilmiş qəsr daha sonra Əflak və Erden Qraflığı (Translivaniya) arasında keçid məntəqəsi kimi istifadə edilib.1448-1476-cı illərdə isə bura Translivaniya qrafı Drakulanın iqamətgahına çevrildi.Məhz bu tarixlərdə o, Branda özünün ən qanlı edamlarını həyata keçirmişdi.

Draqşolm qalası (Danimarka)

XII əsrdə Roskild Yepiskopu, rahib Sunesen tərəfindən tikilən Draqşolm qalası əvvəllər zəngin insanlar üçün mehmanxana kimi fəaliyyət göstərsə də sonradan həbsxana olaraq istifadə edilib.Hazırda otel kimi fəaliyyət göstərən qalada 4 ayrı qarabasmanın yaşadığına inanılır.Bunlardan birinin məhkumluq dönəmində öldürülən rahib Ronnouya aid olduğu bildirilir.İkinci qarabasma Botvilli IV Örlə aiddir. O, Draqşolmda dəli olaraq ölüb.

"Dəli ağa” adıyla tanınan İjler Brokenuus da qalanın zindanında zəncirlənərək ölümə məhkum edilmişdi.Dördüncü qarabasma isə "Ağ Leydi” kimi tanınan Selina Bovlesdir. O, aşağı zümrədən olan bir kişiyə aşiq olmuşdu və ondan hamilə qalmışdı. Selina aristokrat ailənin qızıydı.Elə buna görə də Selinanın aşağı zümrədən biri ilə sevgi həyat yaşadığını öyrənən atası onu Draqşolmda həbs edir.İllərlə axtarılan skeleti 1930-cu illərdə təmir işləri vaxtı fəhlələr tərəfindən divarın içində aşkar olunub.

Çatiyu de Çatebriant (Fransa)

XI əsrdə tikilmiş qəsrin XVI əsrdən bu günədək lənətləndiyinə inanılır.Çatebriant baronu Jan De Laval Kral I Fransislə görüşməli idi.Həyat yoldaşı Fransina de Foyksa da görüşdə iştirak etməyə icazə verən baron onu kədərləndirən mənzərə ilə qarşılaşdı.Görüşdən sonra o, həyat yoldaşının kralla qadağan olunmuş sevgi həyatı yaşadığını üzə çıxardı.Baronun yaşadığı qısqanclıq hissləri 1537-ci ildə kuliminasiya nöqtəsinə çatdı.Həyat yoldaşını qəsrin otaqlarından birində həbs edən baron onu burada zəhərləyərək öldürdü.Fransinanın ruhunun ölümünün ildönümlərində qəsrin dəhlizlərində gəzdiyi iddia olunur.

Meggerni qalası (Şotlandiya)

XVII əsrdə tikilmiş Meggerni qalasının lənəti də ilgincdir.Menzi Cəmiyyətinin başçılarından birinin həyat yoldaşına aid olduğu deyilən qarabasmanın iki yerə bölünərək qalanın ayrı-ayrı mərtəbələrində dolaşdığı bildirilir.Həyat yoldaşının xəyanətlərindən sinir xəstəliyinə tutulan cəmiyyət başçısı onu öldürdü və dəfn etməzdən əvvəl cəsədini iki yerə parçaladı.İnanılır ki, qadının bədəninin aşağı tərəfi alt mərtəbələri gəzdiyi halda, yuxarı tərəfləri üst mərtəbələrdə yerləşən yataq otaqlarını dolaşır.

Çarlevill qalası (İrlandiya)

Qalanı Çarlevillin ilk qrafı Çarlz Uilyam Bari 1798-ci ildə tikdirib, lakin o, qızının başına gələcək olayları bilmirdi. Qrafın 8 yaşlı qızı Harrit pilləkənlərdə oynayarkən yıxıldı və daş döşəməyə çırpılaraq can verdi. 1861-ci ildə baş verən bu faciədən sonra qalanı ziyarət edən insanlar əsrlərdir kiçik qızın burada mahnı oxuduğunu eşitdiklərini və qarabasmasını pilləkənlərdə gördüklərini, yaxud onu hiss etdiklərini iddia edirlər.

Kip qalası (İngiltərə)

İngiltərənin Nyukasl şəhərinin ən qədim abidələrindən olan qalanın hər otağında bir lənətin olduğuna inanılır.1080-ci ildə tikilən qala XVII əsrdən həbsxana kimi istifadə edilməyə başlanıldı.Bura şərtləri dözülməz olan yer idi.Kip qalası İngiltərədə "Qara Qapı”dan sonra xalq üçün açıq edamların və işkəncələrin edildiyi ikinci məkandı.Qalanı ziyarət edən insanlar qarabasmalarla rastlaşdıqlarını və ruhların hücumlarına məruz qaldıqlarını, itələndiklərini, otaqlarda hərəkət edən kölgələr gördüklərini və öldürülmüş əsgərlərin səslərini eşitdiklərini deyirlər.

Eltz qəsri (Almaniya)

Qəsr Mayfeldlə Mosill çayı arasındakı ticarət yolunun mühafizəsi üçün I Frederikin hakimiyyəti dönəmində tikilib.Qəsrin ilk sahibi Qraf Rudolf Von Eltzin nəsli hələ də buranın sahibidir.Qəsrin yalnız bir neçə otağının qapıları turistlərin üzlərinə açıqdır.Otaqlardan biri vaxtilə Aqnes adlı qrafiniyaya aid idi.Qrafiniyanın yatağı, döyüş baltası və zirehli geyimi hələ də otaqda saxlanılır.İddiaya görə, Aqnes hələ də qəsri qoruyur.

Huska qalası (Çexiya)

"Cəhənnəm qapısı” adlandırılan Huska qalası Avropanın ən qorxulu yeri kimi tanınır.Bohemia kralı II Ottokar tərəfindən tikilən qalanın mərkəzində ibadətgah var. İddiaya görə, burada cəhənnəmin gurultusu eşidilir.Gurultuların səsyazısı qeyd edilib.Qalada əllərində başlarını gəzdirən ruhların, əlində balta dolaşan rahibin qarabasmasının, yarıinsan, yarıit olan qeyri-adi varlıqların yaşadığına da inanılır.Turistlər bütün bunları gördüklərini deyirlər.

Lip qalası (İrlandiya)

Qala 1532-ci ildə iki qardaşın biri-birini öldürməsinin şahidi oldu.Qardaşlardan biri döyüşçü, digəri rahib idi.Döyüşçü rahib qardaşını öz qılıncı ilə öldürmək istəyirdi. Lakin o, qurbangahın üzərinə düşərək can verdi. Həmin gündən Lip qalası "Qanlı ibadətgah” kimi tanınır.Qalanın zindanı yerin altında yerləşir.Yeraltı zindana atılan məhkumlar döşəməyə bərkidilmiş mıxların və tikanlı məftillərin üzərinə düşərək ölürdülər.Qaladan bu gün də qışqırıqların eşidildiyi bildirilir.Bura gələn insanlar məhkumların ruhlarının onlardan yardım istədiklərini iddia edirlər.

"Cadugərlər qalası” (Avstriya) 

Unternberq bölgəsində yerləşən Moşam qalasının qorxulu və lənətli keçmişi var. Avstriya tarixinin ən qanlı və dəhşətli cadugər məhkəmələri bu qalada keçirilib.Cadugər olmaqda ittiham olunan minlərlə gənc qız bu qalada işgəncə verilərək öldürülüb.Moşam qalası "Cadugərlər qalsı” kimi tanınır.

Predjama qalası (Sloveniya)

Qala bir mağaranın içində tikilib.Predjamanın nə vaxt tikilməsi haqda dəqiq məlumat olmasa da 1274-cü ilədək yaxşı vəziyyətdə olduğu bildirilir.XV əsrdə bir tanınmış sərmayədar ondan qisas almaq istəyən imperatordan qaçıb bu qalada gizləndi. Bundan sonra imperator qalanı yox etmək əmri verdi. Lakin qala 1511-ci ildə yenidən inşa olundu, amma dağıdıcı zəlzələ buranı yenidən yerlə-yeksan etdi.1567-ci ildə qala təmir olundu. Ən az 10 əsrə yaxın yaşı olduğu deyilən Pedjama qalasının nəhəng ruh ordusunu özündə gizlətdiyinə inanılır.

Edinburq qalası (Şotlandiya)

Sönmüş vulkanın üzərində tikilən şotland qalasının tarixi IX əsrdən başlayır. Ələkeçirilməz kimi görünsə də Edinburq son 800 il ərzində bir çox qanlı müharibələr və siyasi gərginliklərə səhnə olub. Qalanın dərinliklərində yüz illərdir əsarət və işkəncələr üçün istifadə edilmiş qaranlıq və rütubətli zindanlar gizlənir.XV əsrdə həmin zindanlarda öldürülənlər üçün burada məzarlıq salındı.120 otağı olan Edinburq qalası Kroun Meydanında yerləşir.Tarixin ayrı-ayrı dönəmlərində qaladakı məzarlıq karantin məkanı kimi istifadə olundu və yoluxucu xəstəliklərə tutulmuş insanlar burada yerləşdirilirdi.Arxeoloji araşdırmalar qalanın əslində dəmir dövründə inşa olunduğu ehtimallarını da ortaya çıxarıb.Şotland tarixçilərinə görə də Edinburq qalası Şotlandiyanın ən qədim abidlərindən biridir.Ziddiyyətli və qanlı hadisələrə səhnə olan Edinburq qalasında qarabasmalar və ruhların dolaşdığı deyilir.

Mənsur Rəğbətoğlu









Həftənin ən çox oxunanları