Yuxarı

Prezident "Amazon”u çökdürür

Prezident

Natiq Cəfərli: "Trampın bəyanatı  "Amazon” üçün reklama çevriləcək”

Dünyanın ən böyük elektorun ticarət şirkəti "Amazon” Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Trampın hədəfinə tuş gəlib. Belə ki, ABŞ prezidenti bu şirkətin insanların işsiz qalmasında səbəb olduğunu deyib. Tramp "Twitter” hesabından verdiyi açıqlamada, "Amazon, vergisini ödəyən pərakəndə satıcılara böyük zərər verir. ABŞ miqyasında qəsəbələr, şəhərlər və vilayətlər zərər görür və bir çox insan işindən olur- deyə yazıb. Qeyd edək ki, bu şirkət ABŞ-ın Sietl əyalətində "Amazon Go” adı ilə yeni sitemini istifadəyə verib. Bu sistem müştərilərin ehtiyac duyduqları məhsulu alaraq heç bir əməliyyat aparmadan mağazanı tərk etməsinə imkan verir ki, bu da işçi qüvvəsinə olan ehtiyacı minimuma salır. 

Qeyd edək ki, "Amazon” şirkətinin dəyəri 1 trilyon dollara yaxındır. Ancaq Trampın bəyanatından sonra şirkətin səhmləri bazarda 1.2 faiz dəyər itirib. Maraqlıdır, Trampın "Amazon”a açdığı "savaş” nə ilə nəticələnəcək?

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə Trampın bu açıqlamasının kökündən yanlış olduğunu deyib. Ekspert hesab edir ki, bu bəyanat əksinə olaraq "Amazon” şirkətinin reklamına çevriləcək:

"Obrazlı desək, Tramp bu açıqlaması ilə Amazona yaxşılıq edib. Bu gün bazarlarda müvəqqəti dalğalanmalar olsa da, gələcəkdə əhalinin və investorların "Amazon”a marağnın artmasına səbəb olacaq. Çünki ABŞ prezidenti kimi siyasi vəzifə daşıyan bir şəxsin şirkətlər haqqında belə bir bəyanat verməsi kökündən yanlışdır. Trampın nüfuzunun zəif olması ictimai rəydə "Amazon”a uduzmasına səbəb olacaq. Ümumiyyətlə, ABŞ prezidenti bu cür şirkətlərlə bağlı açıqlama verməyib. Məsələlərə ancaq siyasi nöqteyi-nəzərdən yanaşırlar. Məsələn, Obama dövründə Meksika körfəzində BP-nin neft borusunda partlayış baş vermişdi və ekoloji fəlakət yaşanırdı. O, zaman Obama BP-ilə bağlı ekologiyanı qoruyun şəklində bəyanat verdi. Amma bazara, hər hansı bir formada şirkətlərin iş fəaliyyətinə müdaxilə Tramp administrasiyasına qədər ABŞ-da mümkün deyildi. İndi də belə bir bəyanatın olması çox səhv yanaşmadır”. 

Natiq Cəfərli hesab edir ki, gələcəkdə elektron ticarət daha geniş auditoriyalara çatacaq:

"Bazar iqtisadiyyatının qanunları var və "Amazon” heç bir qayda və qanunları pozmur. "Amazon” ən böyük vergi ödəyicilərindən biridir. "Amazon” sadəcə olaraq pərakəndə satış sistemini dəyişməyə nail oldu. Trampın nə deməsindən asılı olmayaraq, gələcəkdə məhz elektron ticarətin inkişafı, pərakəndə və topdansatış formasının dəyişməsi ilə müşahidə olunacaq. Artıq "Amazon” və digər elektron ticarət şirkətləri virtual geyinib-soyunma otaqları təsis ediblər və testdən keçirirlər. Yəni, gələcəkdə hər hansı bir paltarı sifariş verdikdə onu virtual olaraq geyinib necə yaraşdığına 3D formatında baxmaq mümkün olacaq. Bu dünyanın gedişatıdır və bunu heç kim dəyişdirə bilməz. 

Çox güman ki, elektor ticarətlə məşğul olan şirkətlər gələcəkdə daha ciddi gəlirlər əldə edəcəklər. Ona görə də "Amazon”un gələcəkdə 1 triliyon dollara kapitala çatması da çox yüksəkdir. Sadəcə olaraq indi Trampın bəyanatı ilə bağlı bazarda müəyyən ajiotaj yaranıb. Amma bir müddət sonra bu bəyanatın təsiri azalacaq və əksinə, "Amazon” üçün PR-a, reklama çevriləcək. Hesab edirəm ki, ABŞ mediası da Trampın bu şəkildə bəyanatını çox ciddi tənqid atəşinə tutacaq”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları