Yuxarı

Küçələrdə gəzən dördayaqlı ölüm

Küçələrdə gəzən dördayaqlı ölüm

Heyvan sevgisi insan sevgisini üstələyib

İyulun 31-də Sumqayıtın 10-cu mikrorayon ərazisində quduz it 5 yaşlı şəhər sakini Mikayılzadə Zeynəb Elçin qızı dünyasını dəyişib. Həmin gün 10 və 11-ci mikrorayon ərazisində 10 nəfəri it dişləyib. Onların hamısına vaksin vurulub, heç birində quduzluq əlaməti olmayıb. Sumqayıt şəhər səhiyyə şöbəsinin müdiri Nəriman Baxşəliyev mətbuata bildirib ki, it uşağın başından dişləyib:"Uşağa müəyyən olunan dozada 2 dəfə vaksin vurulub. 4 gün xəstəxananın uşaq şöbəsində qalıb, sonra valideynləri evə aparıb. Evdə təzədən vəziyyəti gərginləşdiyi üçün yenidən xəstəxanaya müraciət ediblər. Onu Bakıdakı 1 saylı Uşaq İnfeksion Xəstəxanasına göndəriblər. Orada daha bir vaksin vurulub”. Buna baxmayaraq uşaq dünyasını dəyişib: 

"Bu məsələ Tibbi Şurada müzakirə olunub. Vaksinin seriyasına baxmışam. Necə olub ki, vaxtında vaksin vurulub, amma heç bir köməyi olmayıb. Müxtəlif versiyalar var. Ola bilsin ki, uşağı keçmişdə it tutub, haçansa belə hadisə olub və ikinci dəfə it başından dişləyəndə həkimə gətiriblər. Digər ehtimal vaksinin keyfiyyətinin aşağı olmasıdır, çünki vaksin şüşədə hazırlanır. Həmçinin ehtimal olunur ki, onun immuniteti aşağıdır, kəskin hemoqlobin azlığı olub. Müqavimət aşağı olanda isə virus ildirim sürəti ilə yayılır. Bu məsələ ətraflı epidiomoloji araşdırma tələb edir”. 

İt dişləyən qadın 52 sonra quduz olub

Bu, 2017-ci ildə quduzluqdan ölməyə dair ilk fakt olsa da ötən illərdə belə faktlar olub. 2016-cı ildə Zaqatalada Pəri Turacovanı aprelin 1-də it dişləyib. Qadın 52 gündən sonra özünü narahat hiss etdikdə xəstəxanaya müraciət edib. Bu zaman onda quduzluğun əlamətləri tapılıb. Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyadan bildirilib ki, qadının sağ əlinin ikinci barmağını it dişləyib: "Yara yüngül olduğundan qadın həkimə müraciət etməyib. Yara sağalıb, amma 2 aydan sonra onda quduzluğun əlamətləri baş verib. Əlamətlər sudan, işıqdan, havadan qorxma kimi hallarla başlayıb. Xəstəlik 100 faiz ölümlə nəticələnir".

Bu, 2016-cı ildə Azərbaycanda qeydə alınan ilk quduzluq faktı olub. Taun Əleyhinə Stansiyadan bildirilib ki, ölkədə insanlar arasında quduzluq nadir hallarda, heyvan dişləməsi zamanı həkimə vaxtında müraciət edilmədiyi zaman baş verib:”İnsanlar arasında sonuncu dəfə quduzluq hadisəsi 3-4 il öncə qeydə alınmışdı". 

10 yaşlı uşaq da itin qurbanı oldu

Hadisə ötən il quduzluqla bağlı ilk olsa da, son olmayıb. Həmin il iyulun 7-də quduzluğa yoluxan 10 yaşlı uşaq da ölüb. Hadisə Salyan rayonunun Dayıkənd kəndində qeydə alınıb. 10 yaşlı İsmayılov Aqil İlkin oğlunu it təhlükəli yerlərdən-baş, üz, ağzından dişləyib. Həmin gün uşaq Salyan rayon Mərkəzi Xəstəxanasına aparılıb, müayinələrə başlanıb, iynələri vurulub. Lakin xəstəliyin inkubasiya (gizli) dövrü qısa olduğuna görə uşaqda immunitet yaranmayıb, nəticədə o, quduzluğa yoluxub. Uşaq Bakıya gətirilib və 1 saylı uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında simptomatik müalicə aparılıb. Lakin bunlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və 10 yaşlı uşaq iyulun 7-də vəfat edib.

Hər il 17 minə yaxın hadisə...

Taun Əleyhinə Stansiyadan verilən məlumata görə, il ərzində ölkədə qeydə alınan 15-17 minə qədər heyvan dişləməsi qeydə alınsa da , onların hamısı sağalır. Quduzluq nadir hallarda təsadüf edilir və inkubasiya (gizli) dövrü çox qısa olur. Dişləmə təhlükəli yerlərdən - üz, baş, barmaqlar, yuxarı ətraflardan olduğunda, bunlar beyinə yaxın olduğu üçün ölüm daha tez baş verə bilir. Məlumat üçün bildirək ki, təkcə 2012-ci ildə Azərbaycanda səkkiz nəfər quduzluğa yoluxma nəticəsində dünyasını dəyişib.

Avropada vəhşi heyvanlar da peyvənd olunur

Ümumiyyətlə, heyvanlar arasında quduzluq son illərdə çox yayılıb və bunun müxtəlif səbəbləri var. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən verilən məlumata görə, əsas səbəblərdən biri vəhşi təbiətdə, yəni meşələrdə heyvanların vaksinasiya edilməməsidir. Avropa dövlətlərində heyvanların vaksinasiyası üçün çox asan başa gələn üsuldan istifadə edilir. Həmin ölkələrdə helikopter vasitəsilə xüsusi paketlər meşələrə atılır. Heyvanlar onu yeyir və müəyyən müddətə onda quduzluğa qarşı immunitet yaranır. Son illər heyvanların öldürülməsi, vurulması bir sıra konvensiyalar vasitəsilə qadağan edildiyi üçün vəhşi heyvanlar, o cümlədən, canavar, tülkü ovlanmır. Ov qadağan edildiyindən quduzluq yaya biləcək heyvanların, sahibsiz itlərin sayı xeyli artıb. Vəhşi heyvanların yem dalınca yaşayış məntəqələrinə enməsi hallarına təsadüf edilir. Onlar ev heyvanlarına quduzluğu keçirir və bu da insanları təhlükə qarşısında qoyur. Quduzluğun daşıyıcısı əsasən, canavar və çaqqaldır. Maraqlıdır ki, bu heyvanlar özləri yoluxduqları təqdirdə çox gec ölürlər. Ölənə qədər isə xəstəliyi yayırlar. 

Quduz heyvanı necə tanıyaq?

Quduzluq zoonoz mənşəli, ölümlə nəticələnən yoluxucu xəstəlikdir. Bir çox heyvan növləri, əsasən, vəhşi heyvanlar, canavar, tülkü, eləcə də it, pişik kimi ev heyvanları bu xəstəliyə yoluxma baxımından daha çox təhlükəli olur. Xəstəlik insana dişləmə, cırmaqlanma yolu ilə, habelə tüpürcək vasitəsilə keçir. Bu xəstəliyə yoluxmuş insanı ölüm gözləyir, sağalma ehtimalı 0-a bərabərdir. Mütəxəssislərin sözlərinə görə, xəstəliyin 3 fərqli mərhələsi var: prodromal-başlanğıc dövrü, təcavüzkar dövrü və iflic dövrü. Xəstəliyin əlamətləri ortaya çıxdıqdan 3-7 gün sonra heyvan ölür. Başlanğıc dövr 2-3 gün davam edir. Davranış pozuntuları meydana çıxır, heyvan dişlənən bölgəni yavaş-yavaş dişləməyə, cırmaqlamağa başlayır. Təcavüzkar dövr isə 2-4 gün davam edir. Quduz it və pişik başlanğıc dövrdə ürkək, qorxaq olsa da, sonra xarici cisimlərə marağı artır. Vərdiş etmədiyi qidalar yeməyə başlayır. İştah azalır və tez-tez su içir. Xəstə heyvan tez-tez sidiyə gedir və yarasının yerini qaşıyır. Gözlərində irinləmə və qızarma müşahidə edilir. Şüuru itər və sahibinin əmrlərini dinləməz, bu dövrdə hər kəsə, hətta sahibinə də hücum edər. Xəstə itlər evi tərk edir və geri qayıtmır. Ağızlarının suyu hər zaman axar. Pişiklər quduz olduqları zaman itlərə də hücum çəkərlər. İflic dövrü də 2-4 gün davam edir. Xəstəlik dövrü irəlilədikcə dişlənən ərazidən başlayaraq bütün ətraf iflic vəziyyətinə düşür. Heyvanın hürməsi dəyişir, tüpürcəyi artır, heyvan rahat hərəkət edə bilmir, tarazlığını itirir. Tam iflic olduqdan 1-2 gün sonra heyvan ölür. Quduza tutulmuş heyvanın ağzının suyu çatlamış dəriyə, yaraya düşərsə, əllər bulaşdığı halda gözlərə vurularsa, quduzluq yoluxar. Quduza yoluxmuş heyvanın əti və südü çiy istifadə edilərsə, quduzluq insana da yoluxar. 

7 gün sonra gələn ölüm...

Quduzluğun insan orqanizmində inkişafı bir qədər uzun çəkir. Belə ki, virus bədənə düşdükdən 2-8 həftə ərzində kürt dövrü davam edir. Bu dövr nadir hallarda bir il də davam edə bilər. Virus bədənə düşdükdən sonra təcili qaydada müalicə edilməsə, təhlükə böyüyür. Xəstəlik 2 mərhələdə özünü göstərir. Birinci mərhələ iştahsızlıq, inciklik, yorğunluq, hərarətin qalxması ilə müşayiət olunur. Daha sonra narahatlıq, həddindən artıq qorxu halı, təcavüzkarlıq, yuxusuzluq, psixiatrik pozuntular, depressiya və öskürək, boğaz ağrısı, titrəmə, qarın ağrısı, ürəkbulanma-qusma başlayır. Xəstəlik özünü göstərməyə başladıqdan 7 gün sonra xəstə ölür. Dişləmə başa yaxındırsa, ölüm riqki o qədər çoxdur. 5 yaşlı uşağın da ölümünə səbəb məhz başa yaxın dişləmə olub. Əgər dişləmə başa yaxın deyilsə, ən gec 36- 72 saat müddətində həkimə müraciət etməldir. Quduzluğa qarşı peyvənd 0-3-7-14 və 28-ci günlərdə vurulur. Peyvənd etmə sistemli şəkildə həyata keçirilsə, 100 faiz xəstəliyin qarşısını alır.

Peyvənd necə edilir?

Quduzluq əleyhinə vaksin quduzluq virusuna qarşı aktiv immunitet formalaşdırır. Vaksin vurulduqdan sonra immunitetin formalaşması üçün 7-10 gün vaxt tələb olunur və immunitet 2 ildən çox müddətə saxlanılır. Hazırda quduzluğa qarşı aktiv vaksinasiya üçün iki qeyri-aktiv vaksin mövcuddur:
1. HDCV (Human Diploid cell vaccine və ya İnsanın diploid hüceyrələrindən alınmış vaksin), əzələ daxili və dermis daxili inyeksiyalar üçün.
2. RVA (Rabies Vaccine Absorbed və ya Absorbsiya olunmuş Quduzluq vaksini), əzələ daxili inyeksiya üçün. 
Quduzluq virusuna qarşı İnsan İmmunQlobulini (HRİQ) quduzluğa qarşı sürətli passiv immun müdafiəni təmin edir, lakin təsiri çox qısa müddət, təxminən 10-20 gün davam edir. 

Nazirlik ümid edir: "Azaldılacaq”

Qeyd edək ki, ölkədə "Azərbaycanda quduzluğun kökünün kəsilməsi üzrə Milli Plan” tərtib ediliir. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində plana dair seminarlar da təşkil olunur. Nazirlikdən bildirilib ki, hər bir nazirliyin quduzluq xəstəliyinin kökünün kəsilməsi planında və ictimai maarifləndirmə kampaniyasında yaxından iştirak etmələri çox vacibdir. Nazirlikdə ümid edirlər ki, aparılacaq tədbirlərin nəticəsi olaraq Azərbaycanda insanlar və heyvanlar üçün təhlükəli olan quduzluq xəstəliyi tədricən azalacaq və yaxın gələcəkdə tamamilə kökü kəsiləcək.
O gələcək gələnə qədər isə özünüzü qoruyun!

Sevil Ağzadə






Həftənin ən çox oxunanları