Yuxarı

Xəzərsahili ərazilərlə bağlı proqnoz

Xəzərsahili ərazilərlə bağlı proqnoz

Telman Zeynalov: "Dəniz sahili boyu bütün tikililər, villalar, obyekt və istirahət mərkəzlərinin hamısı 2030-cu ilə qədər suyun altında qalacaq”

Xəzər dənizində suyun səviyyəsinin qalxması ciddi narahatlıq doğurur. Artıq ekspertlər də bununla bağlı həyəcan təbili çalır. Bildirirlər ki, Xəzər suyunun səviyyəsi yaxın illərdə qalxacaq və nəticədə Bakı üçün su altında qalma təhlükəsi yaranacaq. Qeyd edək ki, sonuncu dəfə, 1975-95-ci illər ərzində Xəzərin səviyyəsinin artması nəticəsində 12,5 min kv. km ərazi su altında qalaraq 50 yaşayış məntəqəsini, 250 sənaye müəssisəsini su basıb.

Mütəxəssislərin sözlərinə görə, Xəzərə gələn çay sularının 85 faizini Volqa çayı gətirir. Xəzər qapalı su hövzəsi olduğundan, daxil olan su yalnız buxarlanma yolu ilə azala bilir. Bu iki proses arasında disbalans yaranarsa, suyun səviyyəsi arta bilər. Bundan əlavə qlobal iqlim dəyişiklikləri də Xəzərin səviyyəsini artıra bilər. 

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov ”Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, 2030-cu ilə qədər Xəzərin səviyyəsi  qalxacaq:  "Çünki bu müddət ərzində soyuma prosesi başlayır. Nə qədər buzlaqlıq dövrü başlamayıbsa, yağıntıların miqdarı 30-35 faiz artır. Ona görə də yağıntıların miqdarı artmaqla, çayların, suyun, dənizin səviyyəsi də qalxır. Demək Xəzər dənizinin səviyyəsinin qalxa ehtimalı böyükdür. Vaxtında mərhum Heydər Əliyev demişdi ki, Xəzərə 150 metr daxil olmaq mümkün deyil. Çünki Xəzər oynayır, gah qalxır, gah da enir. Bu təhlükə var və son dərəcə ehtiyatlı olmaq lazımdır”.

Ekspertin sözlərinə görə, Xəzər suyunun səviyyəsi hardasa 1-1,5 metr qalxacaq: "Əsasən sahil boyu tikililər, obyekt və evlər suyun altında qalacaq. Əvvəllər Xəzər suyunun səviyyəsinin qalxması ilə əlaqədar 170 min hektar sahilboyu ərazilər, eləcə də Nefçalada Balıq zavodu və bir çox müəssisələr suyun altında qalmışdı.  İndi də həmçinin... Xəzər dənizinin sahilində tikilən evlər, villalar, turizm mərkəzləri və onların zirzəmiləri hamısı suyun altında qalacaq. Su 1 metr qalxsa, demək qrunt sularının səviyyəsini 5 metr qaldıracaq. Bizim mütəxəssislər hesab edirlər ki, Xəzər suyunun səviyyəsinin qalxması əsasən Volqa çayından asılıdır. Bu tamamilə yalnış fikirdir. Bəzi alimlər də deyir ki, Xəzər dənizi və o zonanın sularının hamısı Sakit Okeanın səviyyəsindən asılıdır. Çünki Sakit Okeanın səviyyəsi bütün dünya okeanlarından, sularından hündürdür. Sakit Okean hardasa 7 metr hündürlükdə yerləşir. O da yer kürəsinin quruluşundan asılıdır. Demək o qalxırsa, təzyiqlər təsir göstərir. Bu realdır”.

Telman Zeynalov əlavə edib ki, qabaqlayıcı tədbirlər olaraq yalnız mərhum prezident Heydər Əliyevin sərəncamını yerinə yetirmək lazımdır:  "Yəni 150 metr dənizə doğru girmək olmaz. Dəniz sahili boyu bütün tikililər, villalar, obyekt və istirahət mərkəzlərinin hamısı 2030-cu ilə qədər suyun altında qalacaq”.  

Məlumat üçün bildirək ki, Xəzərin sahəsi 380000 km-dir. Sahil xəttinin ümumi uzunluğu (perimetri) 6380 km-dir.Ən uzun sahəsinin uzunluğu 1205 km, eni 554 km, ən dərin yeri 1025 m-dir. Xəzərin suyunun səviyyəsi dünya okeanının səviyyəsindən 28 metr aşağıdadır. Xəzər dənizinə irili-xırdalı 130 çay tökülür. Bu çaylar arasında əsas yeri Volqa 80%, Kür 6% və Ural çayı 5%. Terek, Sulak, Samur çayları, ümumilikdə Xəzərə tökülən suyun 5%-ni , yerdə qalan suyu isə İranın xırda çayları gətirir.

Xəzər dənizinin şərq sahillərindən heç bir çay dənizə tökülmür. Xəzər dənizini digər iri həcmli su tutarlarından fərqləndirən ən səciyyəvi xüsusiyyət onun səviyyəsinin geniş diapazonda daimi dəyişməsidir. Paleocoğrafi, arxeoloji və tarixi məlumatlara görə son 3 min ildə Xəzərin səviyyəsinin dəyişmə amplitudası 15 m-ə yaxın olmuşdur.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları