Yuxarı

Minlərlə tələbə bu il də yersiz qalacaq

Minlərlə tələbə bu il də yersiz qalacaq

Yataqxanalarda yer yoxdur

Yeni tədris ilinin başlanmasına çox az bir müddət qalıb. Bu isə o deməkdir ki, artıq universitetlərə yeni qəbul olan rayon qeydiyyatlı tələbələr Bakıya gəlib, özləri üçün müvəqqəti yaşayış yeri tapmalıdırlar. Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər arasında ailəsi regionlarda yaşayan gənclərin də sayı kifayət qədərdir. Həmin gənclərin Bakıda, daha doğrusu mənzillərdə yerləşməsi problemi gündəmə gəlir. Nəzərə alsaq ki, bölgələrdən şəhərə təhsil almağa gələnlərin əksəriyyətinin kirayədə qalmağa maddi imkanı olmur, bu səbəbdən onlar ya universitetlərin yataqxanalarında, ya da ayrıca daha ucuz mənzillər axtarışına çıxırlar. 

Sirr deyil ki, bəzi ali təhsil müəssisələri öz tələbələrini yataqxana ilə təmin edə bilmirlər. Daha doğrusu, yataqxanaların adı olsa da özləri mövcud deyil. Hazırda kirayə bazarında ən ucuz mənzilin aylıq kirayə haqqı 200-350 manat arasında dəyişir. Mənzillər kənar ərazilərdədirsə bir qədər aşağı qiymətlərlə təklif olunur. Xüsusilə tələbələrin Bakıya qayıdışı (avqust ayında) dövründə kirayə mənzil bazarında da qiymətlər bahalaşır. Bu isə imkansız və evsiz ailələrin işini daha da çətinləşdirir. 

Bəzi universitetlərin yataqxanalarında mövcud vəziyyətlə maraqlandıq. 

Azərbaycan Dillər Universitetinin mətbuat katibi Araz Ağayevin sözlərinə görə, universitetin bir yataqxanası var və orada 200 tələbənin qalması mümkündür. 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin İctimiyyətlə Əlaqələr Şöbəsinin müdiri Mənsur İbrahimov deyib ki, universitetin 5 yataqxanası var: "Bu yataqxanaların 4-də erməni işğalı nəticəsində öz ata-baba yurdlarından didərgin düşmüş məcburi köçkünlər məskunlaşıb. Amma 2 nömrəli tədris binasında fəaliyyət göstərən yataqxanada təxminən 200-ə qədər tələbəni yerləşdirmək imkanımız var”.

Azərbaycan Tibb Universitetinin rəsmisi Nəsimi Qasımov isə vurğulayıb ki, universitetin 5 yataqxanası var və bu yataqxanalarda təqribən 1000-dən yuxarı tələbə yerləşdirmək mümkündür. 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin  hazırda fəaliyyətdə olan 320 nəfərlik yataqxanasının olduğunu qeyd edən universitet rəsmisi Bəhruz Nəzərov ümumilikdə ali müəssisənin 7 yataqxanası olduğunu deyib: "Onlardan 6-sı sökülüb və hazırda biri qalıb. Sökülən 6 yataqxananın yerində hazırda 1000 nəfərlik tutuma malik və müasir standartlara uyğun yeni yataqxana inşa olunur. Həmin inşa prosesi ilə bağlı işlər artıq başa çatmaq üzrədir və yataqxananın 2018-ci ilin sentyabr ayında istifadəyə verilməsi planlaşdırılır. Yeni yataqxana Təhsil Nazirliyinin ümumi rəhbərliyi ilə və Heydər Əliyev Fondunun ideya dəstəyi ilə gerçəkləşdirilib. Hazırda dediyim kimi 320 nəfərlik binamız var ki, orada da əsasən əcnəbi tələbələrimiz qalır. Ehtiyacı olan azərbaycanlı tələbələr də Tələbə Həmkarlar Komitəsinə müraciət edərək orada yerləşdirilir”.

Bakı Dövlət Universiteti isə bu il tələbələrini yataqxana ilə təmin edə bilməyəcək. Məlum olduğu kimi hazırda universitetin yataqxanası yoxdur. Belə ki, vaxtilə Bakı Dövlət Universitetinin nəzdindəki yataqxanada məcburi köçkünlər məskunlaşmışdı ki, onlar da bir müddət əvvəl Müşfiqabad qəsəbəsinə köçürüldü. Köçürülən köçkünlərdən sonra isə bina tamamilə söküldü. Universitet yeni yataqxananın inşasını nəzərdə tutur. Plana görə yeni yataqxanada 5-6 min tələbənin yaşaması təmin olunacaq.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları