Yuxarı

Müəllimlərin kütləvi ixtisarına hazırlıq?

Müəllimlərin kütləvi ixtisarına hazırlıq?

Kamran Əsədov: "Kimsə məcbur edə bilməz ki, bu qədər dərs saatı götür”

Təhsil Nazirliyi tərəfindən yeni tədris ilindən etibarən bütün müəllimlərin dərs bölgüsü prosesinə nəzarət həyata keçiriləcək. Müəllimlərin ərazi maliyyə mərkəzləri tərəfindən dərs bölgüsü aparılarkən onların diaqnostik qiymətləndirmədə göstərdikləri nəticələr nəzərə alınacaq. Qeyd edək ki, müəllimlərin bu ilki diaqnostik qiymətləndirməsində 45 faiz müəllim minimum nəticə göstərib. Maraqlıdır, prosesə nəzarət necə həyata keçəcək? Diaqnostik qiymətləndirmədə zəif nəticələr göstərmiş müəllimlərin dərs bölgüsü necə aparılacaq?

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov "Cümhuriyət” qəzeti vasitəsilə məsələyə aydınlıq gətirib. O, deyib ki, əvvəllər müəllimlərin dərs bölgüsü aparılarkən kifayət qədər qanun pozuntuları baş verirdi, bundan sonrakı mərhələdə isə artıq bu prosesə birbaşa olaraq nəzarət ediləcək:

"Bildiyiniz kimi, 2014-cü ildən etibarən ilk növbədə Bakı şəhəri üzrə, sonra bütün Azərbaycanın orta təhsil müəssisələrində çalışan işçilərin diaqnostik imtahanı keçirildi. Bu imtahan nəticələri və imtahanda iştirak edən şəxslərin sayı göstərdi ki, istər paytaxt Bakıda, istərsə də regionda yerləşən orta məktəblərdə təhsil müəssisələrinin rəhbərləri dərs bölgüsü, dərslərin müəllimlərə verilməsində ciddi şəkildə qanun pozuntuları, sui - istifadə hallarına yol veriblər. Əlavə dərs saatlarının verilməsi nəticəsində dövlət büdcəsinin vəsaitindən lazımsız istiqamətdə istifadə olunub. Bir çox hallarda müəllimlər tədris etmədikləri dərsin pulunu alıb direktora verirdilər. Bu daha çox qeyri- qanuni əsaslarla direktor təyin olunmuş, ixtisası və təhsili direktor olmağa imkan verməyən şəxslər tərəfindən həyata keçirilib. Bu ildən etibarən isə həmin o təhsilə ləkə gətirən şəxslər öz çirkin əməllərini həyata keçirə bilməyəcək. Çünki artıq müəllimin dərs bölgüsü onların diaqnostik qiymətləndirmə imtahanının nəticələri əsasında həyata keçiriləcək və buna yerli maliyyə idarələri nəzarət edəcək”.

Ekspertin sözlərinə görə, artıq vahid elektron bazada istənilən orta məktəbin şahid sayı, müəllim və sinif sayı barədə məlumatlar var: " Bu o deməkdir ki, daha əlavə sinif sayı və dərs saatları yazmaq mümkün olmayacaq. Çünki hər bir məktəbin götürmə yükü, ayrılacaq maliyyə vahid mərkəzdən idarə olunacaq. Bu təhsilə ayrılan vəsaitlərin düzgün tətbiq olunmamasına ciddi şəkildə təsir göstərəcək”.

Daha təcrübəli müəllimlərin dərs bölgüsündə o qədər fəalliq göstərməməsi məsələsinə gəlincə, Kamran Əsədov qeyd edib ki, düzdür,  təcrübəsi olan, repititorluqla məşğul olan müəllimlərin əksəriyyəti dərs bölgüsündə özünü kənara çəkir və az dərs saatı almaq istəyir: "Əlbəttə ki, bu onun müstəqil hüququdur, kimsə məcbur edə bilməz ki, bu qədər dərs saatı götür. Qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir müəllim diaqnostik qiymətləndirmə nəticəsinə görə dərs saatı alacaq və yükəsk nəticə əldə etmiş müəllimlər 18 saata qədər dərs yükünü götürmək hüququna malikdirlər. Lakin özləri imtina etsələr, onlara qarşı hansısa bir formada məcburiyyət tətbiq oluna bilməz”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları