Yuxarı

Xətaini "ana qatili” adlandıran yazara azərbaycanlı tarixçilərdən cavab

Xətaini

Türkiyənin tarixçi-yazarı Latif Salihoğlu Səfəvi hökümdarı Şah İsmayıl Xətaini "ana qatili” adlandırıb. Yazar Şah İsmayıl Xətaini zülmkar kimi qələmə verərək, onun öz anasını edam etdirdiyini vurğulayıb.

Tarixçi -yazar məqaləsində yazır ki, Şah İsmayıl Xətai siyasətə gəlməzdən öncə və iqtidar taxtında oturmazdan əvvəl kifayət qədər mülayim olub. "O, iqtidara keçdikdən sonra birdən-birə dəyişib və zülmkarlıqda sərhəd tanımayıb. Məsələn, məğlub etdiyi özbək hökmdarının kəlləsindən (Şiban xan nəzərdə tutulur -red.) qədəh düzəltdirərək şərab içdi. Sünni olan anası Aləmşahbəyimi gözünü qırpmadan edam etdirib”, - deyə müəllif iddia edir.

Məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı,tarixçi Dilavər Əzimli Cebhe.info-ya açıqlamasında iddiaları əsassız adlandırıb: "Mən bu iddiaları əsaslı saymıram və onu söyləyəni tarixçi hesab etmirəm. Bu adam kimdirsə, məqsədli şəkildə bu məlumatı yayıb. Belə insanların düşüncələri başqadır. Məqsəd Azərbaycana və onun tarixinə mənfi imic formalaşdırmaqdır”. 

Tarix elmləri namizədi, BDU-nun Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının dosenti Kərəm Məmmədli isə qeyd edib ki, tarixin heç bir mənbəsində belə məlumat yoxdur: "Ondan soruşmaq lazımdır ki, hansı mənbəyə istinad edib? Tarixi mənbələrə görə, Aləmşahbəyim öldürüləndə Şah İsmayıl Xətainin 7 yaşı vardı. 7 yaşlı uşaq anasını necə edam etdirə bilərdi? O iddialar doğru deyil. O sahədə çoxlu tarixi mənbələr, romanlar, əsərlər var. Heç olmasa, onlardan birinə istinad etsin”. Tarixçi qeyd edib ki, məğlub hökmdarın kəlləsindən  qədəh düzəltdirmək qədim türk adəti idi: "Bu, qədim türklərdə bir adət idi ki, öldürülmüş şəxslərin başlarından piyalə, qədəh hazırlanırdı”. 

Qeyd edək ki, tarixçi məqaləsində 1514-cü ilin avqustunda Osmanlı İmperiyası ilə Səfəvilər arasında baş tutan "Çaldıran” döyüşündə məğlub olan sərkərdəni İran şahı, qurduğu Azərbaycan dövlətini isə İran dövləti adlandırıb. Müəllif məqaləsində bir qədər də irəli gedərək Səfəvi hökmdarını "ana qatili” adlandırıb. "Avşar türklərindən olan Şah İsmayıl 1501-ci ildə Ağqoyunlu dövlətini yıxaraq Səfəvi dövlətini qurub, İran, Azərbaycan, İraq və Anadolunu hakimiyyəti altına almışdı. Şah İsmayıl İranda hakimiyyətə gələr-gəlməz şiəliyi dövlətin rəsmi dini elan etmişdi”. 

Alçina Amilqızı 





Həftənin ən çox oxunanları