Yuxarı

Müəllimlərin cibi yenə boş qalacaq

Müəllimlərin cibi yenə boş qalacaq

40 faizlik artım onların rifahına heç bir təsir etməyəcək

Azərbaycanda müəllimlərin əmək haqlarının artırılması barədə gözlənilən qərar ötən gün verildi.Əvvəlki artımlardan fərqli olaraq, budəfəki artım ölkədəki bütün müəllimlərə deyil, yalnız bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə şamil edilib. Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov açıqlamasında Azərbaycanda diaqnostik qiymətləndirmədə iştirak edən müəllimlərin əmək haqqlarının mərhələ-mərhələ artırıldığını deyib: "Yalnız 2017-ci ilin aprel-may ayları ərzində keçirilən qiymətləndirmədə iştirak edənlərin əmək haqqı 2018-ci ilin yanvar ayından artırılacaq”. 

Onun sözlərinə görə, əmək haqqının artımı 40 faizə yaxın olacaq. Nazirlik rəsmisi qeyd edib ki, bununla da 2018-ci ilin yanvarından artıq bütün ölkə üzrə müəllimlər artımla əmək haqqı alacaq: "Bu günə kimi əmək haqqı artırılan müəllimlərin sayı 90 mindir. Qalan 40 minə yaxın müəllimin əmək haqqı isə yanvardan artırılacaq”.

Diaqnostik qiymətləndirmədən sonra müəllimlərin maaşlarında 40 faizədək artım məsələsi ictimaiyyətdə birmənalı qarşılanmadı.Bəzi ekspertlər bunu müsbət qiymətləndirdiyi halda, bəziləri də müəllimlərin maaşlarında böyük fərq olmadığı fikrini irəli sürdü.Ekspertlərin qənaətincə, əhalinin aztəminatlı kateqoriyasına şamil olunan müəllimlərin maddi güzəranının yaxşılaşdırılması məqsədilə verilən 40 faizlik artım onların rifahına heç bir müsbət təsir etməyəcək.Müəllimlik sənəti azmaaşlı olduğu üçün zamanla cəmiyyətdə cəlbediciliyini itirib.Müəllim peşəsinin ictimai nüfuzunun bərpası üçün maddi stimulların yaradılması ilə təhsildə keyfiyyətə təsir etmək mümkün deyil.

Təhsil eksperti Nadir İsrafilov "Cümhuriyət” qəzetinə bildirib ki, diaqnostik qiymətləndirmənin mahiyyəti düzgün şərh olunmur:

"Prezidentin sərəncamı ilə müəllimlərin əməkhaqqında müəyyən artımlar olub. Bu qərarlar dövlət büdcəsindən asılı olaraq verilir.Diaqnostik qiymətləndirmə ortaya yeni çıxmış anlayışdır.Sovet dönəmində müəllimlərin stimullaşdırılması attestasiya vasitəsilə həyata keçirilirdi.1999-cu ildə təhsil sahəsində Azərbaycan Respublikasının islahat proqramı qəbul olundu.Həmin proqramda nəzərdə tutulurdu ki, müəllimlərin əməyinin stimullaşdırılması və əməkhaqqının diferensial qaydada ödənilməsi məqsədilə rəhbər və pedaqoji kadrlar attestasiyadan keçirilsin.Bununla əlaqədar Nazirlər Sovetinin xüsusi qərarı oldu.Bundan sonra sabiq təhsil naziri Misir Mərdanov tərəfində 2001-ci ildə əmr verildi.Attestasiyanın təşkilat komitəsi yaradıldı, qaydaları hazırlandı.Nazirlər Sovetinin qərarına müvafiq 2002-ci ildə təhsil nazirinin əmrilə xüsusi komissiya yaradıldı.Attestasiya 2003-cü ildən başlayıb 2004-cü ildə başa çatdırılmalı idi.

Amma çox təəssüf ki, sabiq təhsil naziri attestasiyanın keçirilməsini müəyyən  bəhanələrlə ləngitdi. Hətta Misir Mərdanovun belə bir fikri var idi ki, qoy həkimlər attestasiya keçirsin, biz də onların təcrübəsindən öyrənək.Bundan sonra attestasiya məsələsi yaddan çıxdı.Nəhayət, Təhsil Nazirliyinə yeni rəhbər gələndən sonra bu məsələ yenidən gündəmə gəldi.Hazırkı nazir hesab etdi ki, hələ ölkə attestasiyaya hazır deyil, ona görə də sınaq qiymətləndirilməsi keçirilsin.Sınaq qiymətləndirməsindən sonra ortaya belə məsələ atıldı ki, könüllü attestasiya keçirilsin.Ancaq bu variant da baş tutmadı.Daha sonra bunu sertifikasiya ilə əvəz etdilər.Bu da baş tutmadı.Sonra qərara aldılar ki, müəllimlərə lisenziya verilsin.Bu variant da baş tutmadı.Nəhayət, diaqnostik qiymətləndirmə məsələsi gündəmə gəlib.Diaqnostik qiymətləndirmə ideyası da attestasiyaya hazırlıq kimi nəzərdə tutulmuşdu.Diaqnostik qiymətləndirmədə müəllimlərin əməkhaqqının artırılması, eləcə də digər məsələlərlə bağlı məqam yoxdur.Ən sonda prezidentin sərəncamı ilə müəllimlərin əməkhaqqı artırılır.Müəllimin minimum dərs yükü 12 saatdan 18 saata çatdırılır.Bu, əməkhaqqının iki dəfə artımı deməkdir.Proses bu şəkildə davam edir”.

Ekspertin sözlərinə görə, diaqnostik qiymətləndirmə çox böyük narazılıqlarla müşayiət olunur:

"Elə hesab edirlər ki, bütün müəllimlərin diaqnostik qiymətləndirilməsi başa çatıb. Müxtəlif məlumatlara görə burda xoşagəlməz neqativ hallar var. Guya daha yüksək bal toplayana daha çox dərs saatı verilir. Amma faktlar var ki, aşağı bal toplayan müəllimə yüksək bal toplayandan çox saat verilir. Hesab edirəm ki, bu, düzgün mövqe deyil.Ümumiyyətlə, Azərbaycanda müəllimlərin əməyinin qiymətləndirilməsi və əməkhaqqına diferensial qaydada yanaşmaq təcrübəsi sovet vaxtında olub. Attestasiyaya əsasən müəllimlərə xüsusi kateqoriyalar verilirdi; ali, birinci dərəcəli və ikinci dərəcəli kateqoriya. Tutaq ki, eyni saat hesabına görə ali kateqoriyalı müəllim 300 manat, birinci dərəcəli müəllim 270 manat, ikinci dərəcəli müəllimə isə 220 manat əməkhaqqı verilirdi. Müəllimlərə verilən dərəcə onun əmək kitabçasında da əks olunurdu”.

"Repetitorlar, kurslar məktəb mühitinin dağılmasına xidmət edir”

Nadir İsrafilov onu da qeyd edib ki, müəllimlərin əməkhaqqısı nə qədər artsa da, repetitorluq fəaliyyəti ilə məşğul olan müəllimlərin qazancından yüksək deyil:

"Diaqnostik qiymətləndirmədə müəllimin maaşına 40 faiz artım nəzərdə tutulur, amma repetitorlar kifayət qədər qazanır. Repetitorlar da dərəcələrə bölünür.Şübhəsiz ki, onların da qiymətlərində fərq var. Repetitor rəsmi məsələ deyil.Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxşı bir sözü var. "Əgər okul varsa, dərshanə nəyə lazım?Əgər dərshanə varsa, okul nəyə lazım?”Onun sözünə qüvvət, əgər məktəb varsa, kurslar, repetitorlar nəyə xidmət edir?Əgər şagirdlər kursla, repetitorla hazırlaşırlarsa, onda təhsilə ayrılan 2 milyard vəsait nəyə lazımdır?Repetitorlar, kurslar məktəb mühitinin dağılmasına xidmət edir.Bir vaxtlar şagirdlər hazırlıq kurslarına 10-cu sinifdən gedirdilərsə, indi 1-ci sinifdən aparırlar.Hesab edirəm ki, kütləvi dağılmış məktəb mühitini yenidən bərpa etmək lazımdır.Şagirdi, müəllimi məktəbə qaytarmaq şərtdir”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları