Yuxarı

"Xristianlığı qəbul etsən, sənə iş verəcəyik"

Nizami rayon sakini Şəbnəm Şükürova "Cümhuriyət” qəzetinə müraciət edərək xristian dinini qəbul etmək istədiyi üçün əri və ailəsi tərəfindən təzyiqlərlə üzləşdiyindən şikayətlənib.

Bu səbəbdən iki azyaşlı övladları ilə küçəyə atıldığını iddia edən qadın çarəsiz qaldığını bildirib. Hazırda uşaqları ilə birgə xalasının evinə sığınıb. Əslən Masallıdan olan 1990-cı il təvəllüdlü Şəbnəm Şükürova 5 il əvvəl  öz həmyerlisi ilə də ailə qurub. Qadın iddia edir ki, onun əzablı günləri məhz ailə qurandan sonra başlayıb. 

Müxtəlif təzyiq və qadağalara tab gətirmədiyindən dinini dəyişmək qərarına gəlib. Dəfələrlə həyat yoldaşının "qadın bürünməlidir, qız uşağı oxumamalıdır, qadın kişiyə tabe olmalıdır” kimi tələblərindən təngə gəldiyini deyən Şəbnəm Şükürova rahat və azad yaşamaqdan ötrü dinini dəyişməyi özü üçün düzgün yol kimi düşünür: "Ailə qurandan sonra yoldaşımla münasibətlərimizdə problemlər yarandı. Özüm dindar ailədə böyümüşəm. Atam mənə təhsil verməyib. Deyib ki, qız uşağı oxumaz. Həmin mühiti ailə qurduğum ailədə də yaşamağa başladım. Yoldaşım məni küçəyə belə çıxmağa qoymurdu. Hətta qapını o tərəfdən bağlayıb gedirdi. Başımı bağlamağa, bürünməyə məcbur edirdi. Namaz qılmalısan, mənim dediklərimə əməl etməlisən deyə tələblər qoyurdu. Etməyəndə isə, "səni boşayacam” kimi  fikirlər səsləndirirdi. Bir sözlə çox sıxırdı məni... Hətta işgəncələr də görürdüm. Elə onun nəticəsi idi ki, qızım xəstə doğuldu. 

Övladlarıma hərf öyrədirdim, yoldaşım imkan vermirdi ki, qız oxumayacaq. Qızımı gimnastikaya qoymaq istədim, buna da imkan verilmədi. Əlimə bəzi ədəbiyyatlar keçmişdi, onları mütaliə edirdim. Beləliklə də xristian dininə marağım artdı, sonra kilsəyə getməyə başladım. Uşaqları parka çıxarmaq adı ilə kilsəyə üz tuturdum. Artıq mənə qoyulan məcburiyyətlərdən boğulurdum.  Boğaza yığıldım və uşaqlarımla evi tərk edib atamgilə gəldim. Bir müddət orada qalsam da məni yola vermədilər. Çünki ərimin ailəsini müdafiə edirdilər. Nəhayət xalamgilə getdim və hazırda da orada qalıram. 3 ilə yaxındır ki, ərimin evindən çıxmışam. Ondan ayrılmaq üçün Nizami rayon məhkəməsinə ərizə verdim. Bir dəfə məhkəmə oldu, amma yoldaşım ora gəlmədi. İkinci məhkəmədə də vaxt verildi. Sonradan məlum oldu ki, yoldaşım məhkəməyə müdaxilə edib və ərizəni cırıb. Yəni nikah pozulmadı”.

Şəbnəm Şükürova deyir ki, 3 ildir ki, "Xətai” metrosu yaxınlığındakı Bakirə Müqəddəs Məryəm kilsəsinə gedir: "Əvvəllər kilsəyə gedəndə öz dilimdə danışmağa adam tapmırdım. Sonra alışdım. Nədənsə orada rahatlıq tapıram. Mənə oradan kitablar verirlər. Mütaliə edirəm. Uşaqlarıma geyim, ərzaq verilir,  köməklik edilir. Hətta xristian dinini qəbul edəndən sonra kilsədə mənə iş də vəd edilib. Eyni zamanda "Əhmədli” metrostansiyası yaxınlığında övladlarımın pulsuz kurslara getməsində yardımçı olacaqlarına söz veriblər. Bizim ailədə xalam oğlu da xristianlığı qəbul edib.

Yoldaşımın ailəsi biləndə ki, mən xalamgildə qalıram, başladılar onları təhdid etməyə. İndiyədək mənə təzyiq və təhdidlər gəlməkdə davam edir. Azad yaşamağa imkan vermirlər. Din seçimi azaddır. Mən seçimimi sərbəst edə bilmirəm. Uşaqların atası ilə görüşməsinə etiraz etmirəm. Amma görüşəndə uşaqları mənə qarşı yönəldir. "Ana pisdir” deyə sözlərlə onların beynini doldurur. Hər dəfə zəng edir və məni təhdid edir ki, uşaqları əlimdən alacaq.  Sadəcə boşanmaq və övladlarımla rahat yaşamaq istəyirəm. Yoldaşım və ailəsi tərəfindən təhdidlər davam etsə hüquq-mühafizə orqanlarına müraciət edəcəm”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları