Yuxarı

AXCP sədrindən maraqlı təklif

AXCP sədrindən maraqlı təklif

AXCP sədri Razi Nurullayev xaricdə dini təhsilin qadağan edilməsi və İslam məzhəblərinə ayrı-seçkilik qoyulmadan əcnəbi tələbələrin Azərbaycanda dini təhsil alması üçün   Beynəlxalq İslam Universitetinin yaradılması təklifini irəli sürüb. 

Cebhe.info xəbər verir ki, partiya sədri islam dininin sülh və humanizm dini olduğunu bildirib: "Ancaq təəssüf ki, dünyada mövcud olan bəzi məkrli qüvvələr islam adı altında öz maraqlarını həyata keçirməyə can atırlar. Bu təsirlər ölkəmizdən də yan keçməyib, bəzi xarici dini təhsil almış və ya təsirə düşmüş, radikallaşmış, dinin əsl humanist mahiyyətindən uzaqlaşmış şəxslərin təbliğatı nəticəsində dindarlarımıza da mənfi mənada sirayət edib. Xaricdə dini təhsil almış şəxslər həmin ölkədə mövcud olan islam modelini əsl islam kimi qəbul edir və onu ölkəmizdə tətbiq etməyə çalışırlar ki, nəticədə öz milli mənəvi dəyərlərimizə müxalif, xalqımız üçün xarakterik olmayan əcaib və xurafi "inanc"lar ortaya çıxmış olur. Azərbaycan İslam dininin dünyəviliyi baxımından həsəd aparılacaq bir məkandır.

Dünya da qəbul edir ki, Azərbaycan radikalizmin, dini ekstremizmin və məzhəb ayrı-seçkiliyinin yayıldığı bir məmləkət deyil. Bunun üçün də Azərbaycanda fəaliyyət göstərən Bakı İslam Universitetinin bazası əsasında Beynəlxalq İslam Universiteti yaradılması vacibdir və təmsil etdiyim partiya bunu vacib sayır. Multikultural dəyərlərimizin, dünyaya nümunə olacaq tolerantlıq şəraitində təhsil almış tələbələrin vasitəsilə əsl ənənəvi islam modelinin dünyaya təqdim olunmasını təmin edə bilərik. 5-6 minlik tələbə heyətinin təhsil ala biləcəyi bir universitetə lüzum var ki, xaricdə dini təhsilin qarşısı alınsın. Xaricdə dini təhsil alanlar bəzi vaxtlarda həmin ölkələrin kəşfiyyat orqanlarına cəlb edilir və ya təsiri altına salınaraq ölkəmizdə öz maraqlarını həyata keçirmək üçün istifadə edilir. Bu baxımdan da xaricdə dini təhsil almaq birmənalı şəkildə qadağan edilməlidir”. 

Razı Nurullayev təklif edir ki, Azərbaycanda Beynəlxalq İslam universiteti yaradılsın və dünyəvi, humanist, elmi, əxlaqi islamın, islam aləminin ortaq mədəniyyətinin öyrədilməsi və ölkəmizin islam aləminə verdiyi töhfələr tədris olunsun: "Bu, nümunəvi tolerantlığın ölkəmizdən dünyaya ayaq açmasında və ümumdünya probleminə çevrilmiş dini radikalizmin, ekstremizmin qarşısının alınmasında mühüm rol oynaya, hər il minlərlə əcnəbi tələbənin Azərbaycanda dini təhsil almasına şərait yarada bilər. Azərbaycan bununla əsl islam modelini ortaya qoymalıdır və xarici maraqların təsirinə boyanmış xurafi islamdan arınmış bir nümunəvi forma, mötədil islam nümunəsi tətbiq etməlidir. Əvvəlki təkliflərimizdə qeyd etdiyimiz "Quran Evləri" nin yaradılması da dini radikalizmin kökünün kəsilməsi, tolerantlıq baxımından, tarixi və əxlaqi islami dəyərlərin yaşadılması və gələcək nəslə aşılanması baxımından ölkəmiz üçün gərəklidir. Dini ayrı -seçkilik, qarşıdurma, radikal çağırışlar, terrorçuluğa meyl və cəhdlər qanunla qadağandır. Ancaq bu kimi hallar əsasən xarici təsirə düşmüş və ya xaricdə təhsil görmüşlərin sayəsində özünə yer tapırsa demək, xaricdə dini təhsil qanunla qadağan edilməlidir.

Ölkəmizdə ali dini təhsil sistemi formalaşdırmaq üçün kifayət qədər baza vardır və xaricdə dini təhsilə gərək yoxdur. Quranın elmi şəkildə, müasirliklə uzlaşan dünyəvi, əxlaqi, humanist dəyərləri məhz dünyaya Azərbaycan İslam modeli formasında məhz bu universitetin vasitəsi ilə çatdırıla bilər. Bu gün əsasən İslam dininin üç cərəyanı ölkəmizdə geniş formalaşıb. Şiə məzhəbi üzrə əsasən İranın Qum şəhərindəki dini hövzədə, sələfi məzhəbi üzrə əsasən Səudiyyə Ərəbistanındakı Mədinə Universitetində, əhli-sünnə məzhəbləri üzrə də Misirin Əl- Əzhər Universitetində təhsil almağa üstünlük verilir. İstər-istəməz həmin ölkələrin milli adətləri, siyasi qərarları, dünyaya fərqli baxışları, digər ölkələrə münasibətləri və sair kimi dini təhsil üçün aidiyyatı olmayan bir çox çalarlar həmin tələbələrdə iz qoyur və ölkəmizə dönərkən ziddiyətli dini baxışlar, fərqli islam modelləri, bəzən də bir-birinə müxalif fikirlər meydana çıxır ki, bu da dövlətin gələcəyi, xalqın gələcəyi üçün xoşagəlməz halların xəbərvericisidir”. 

AXCP sədri əlavə edib ki, Azərbaycan vəhdət şəklində, islam məzhəblərinə ayrı-seçkilik qoyulmadan müsəlman ölkələrindən gələn tələbələrə özü qucaq aça bilər və əsl nümunəvi, tolerant, multikulktural, humanist və radikal əlavələrdən, xurafi fikirlərdən təmizlənmiş islam modelini tədris edə, islam dünyasına da bir nümunə verə bilər ki, radikalizmdən, məzhəb ayrı seçkiliyindən əziyyət çəkən bəzi müsəlman ölkələri də bu dəyərdən bəhrələnərlər:

"Bunun üçün də hökumətə səslənirik: Birinci, Bakı şəhərində Beynəlxalq İslam Universitetinin yaradılması ilə bağlı işlərə başlasın. İkinci, istisnalar olmaqla, Azərbaycan vətəndaşlarının xaricdə dini təhsil almasına qadağa qoysun. Üçüncü, İslam məzhəblərinə ayrı-seçkilik qoyulmadan əcnəbi tələbələrin Azərbaycanda dini təhsil alması üçün Beynəlxalq İslam Universitetində lazımi şərait yaratsın. Qeyd etmək istəyirik ki, bu, bizim partiyanın mövqeyidir, mövqemiz dəyişməz olaraq qalacaq və gələn il keçiriləcək Prezident seçkisində də xalqa vəd olaraq veriləcək”. 

Alçina Amilqızı 





Həftənin ən çox oxunanları