Yuxarı

İlahiyyatçıdan AXCP sədrinə dəstək

İlahiyyatçıdan AXCP sədrinə dəstək

Azərbaycanda dini radikalizm təhlükəsi var və bu təhlükə hələ də davam etməkdədir. Getdikcə radikal dini cərəyanlara qoşulanların sayı artır və bu da gələcəkdə Azərbaycanın dünyəvi dövlət modelinə təhlükə yaradacaq. Bəzi ekspertlər hesab edir ki, xaricdə dini təhsil alan Azərbaycan gəncləri elə təhsil aldıqları ölkənin kəşfiyyat orqanlarına cəlb edilir və ya onların təsiri altına düşür. Bu isə həmin qüvvələrin Azərbaycanda öz maraqlarını həyata keçirmək niyyətindən xəbər verir. Sirr deyil ki, dini radikalizmə meyllənənlərin sıraları genişləndikcə, bir o qədər də ölkənin asayişi üçün təhlükə artır.

Bəs, dini ekstremizmlə mübarizə necə aparılmalıdır?

AXCP sədri Razi Nurullayev xaricdə dini təhsilin qadağan edilməsi və İslam məzhəblərinə ayrı-seçkilik qoyulmadan əcnəbi tələbələrin Azərbaycanda dini təhsil alması üçün Beynəlxalq İslam Universitetinin yaradılması təklifini irəli sürüb. Onun sözlərinə görə, dünyada mövcud olan bəzi məkrli qüvvələr islam adı altında öz maraqlarını həyata keçirməyə can atırlar. Bu təsirlər ölkəmizdən də yan keçməyib, bəzi xarici dini təhsil almış və ya təsirə düşmüş, radikallaşmış, dinin əsl humanist mahiyyətindən uzaqlaşmış şəxslərin təbliğatı nəticəsində dindarlarımıza da mənfi mənada sirayət edib:

"Xaricdə dini təhsil almış şəxslər həmin ölkədə mövcud olan islam modelini əsl islam kimi qəbul edir və onu ölkəmizdə tətbiq etməyə çalışırlar ki, nəticədə öz milli mənəvi dəyərlərimizə müxalif, xalqımız üçün xarakterik olmayan əcaib və xurafi "inanc"lar ortaya çıxmış olur. Azərbaycan İslam dininin dünyəviliyi baxımından həsəd aparılacaq bir məkandır. Dünya da qəbul edir ki, Azərbaycan radikalizmin, dini ekstremizmin və məzhəb ayrı-seçkiliyinin yayıldığı bir məmləkət deyil. Bunun üçün də Azərbaycanda fəaliyyət göstərən Bakı İslam Universitetinin bazası əsasında Beynəlxalq İslam Universiteti yaradılması vacibdir. Multikultural dəyərlərimizin, dünyaya nümunə olacaq tolerantlıq şəraitində təhsil almış tələbələrin vasitəsilə əsl ənənəvi islam modelinin dünyaya təqdim olunmasını təmin edə bilərik. 5-6 minlik tələbə heyətinin təhsil ala biləcəyi bir universitetə lüzum var ki, xaricdə dini təhsilin qarşısı alınsın. Xaricdə dini təhsil alanlar bəzi vaxtlarda həmin ölkələrin kəşfiyyat orqanlarına cəlb edilir və ya təsiri altına salınaraq ölkəmizdə öz maraqlarını həyata keçirmək üçün istifadə edilir. Bu baxımdan da xaricdə dini təhsil almaq birmənalı şəkildə qadağan edilməlidir”.

"Qanunlara tabe olmayanlar cəzalandırılmalıdır”

Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Cəmal Əzimbəyli "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Azərbaycanda son iki ildə maarifləndirmə işinə təkan verilib:

"Bu maarifləndirmə işində ideoloji baxımdan mən də iştirak edirəm. Ekstermist qüvvələr və "dinçi”lərə qarşı aparılan mübarizədə ideoloji xəttin üstün olduğunu düşünürəm. O ki qaldı bütövlükdə Azərbaycanda öz hökmlərini uca Allahın hökmləri kimi insanlara ideoloji baxımdan aşılamağa,cəmiyyətə, topluma xaos yaratmağa çalışan qüvvələrin zərərsizləşdirilməsinə, dövlət iki xətt həyata keçirir.

Bizdə təbliğat baxımından işlər qurulub. Bu müsbətdir. Amma dövlətin qanunlarına nəinki tabe olmayan, özündən başqalarını inkar edən və bu düşüncəyə malik olub Azərbaycanda insan həyatına sui-qəsd planları quranların dövlət tərəfindən zərərsizləşdirilməsi məncə normaldır. Suriyada, İraqda gördük ki, radikal çağırışlar edən, silahlı müqavimət göstərən, din adına iddia edən, amma əslində Quranın vədlərinə heç bir aidiyyatı olmayan qüvvələr güc mərkəzlərinə çevrildilər və bu məsələlər bütün xalqın faciəsinə yol açdı. Fikrimcə, məmləkətimizin, dövlətimizin varlığı üçün burada heç bir siyasi əqidə, tərəf tutmadan Azərbaycanın milli mənafeləri düşünülməlidir. İdeoloji baxımdan maarifləndirmə işinə daha da çox təkan verilməlidir və digər tərəfdən də hüquq-mühafizə orqanları dini və bərabərliyimizi pozacaq çağırışlar varsa, onların vaxtında zərərsizləşdirilməsini həyata keçirməlidir”.

Şərqşünasın sözlərinə görə, burada problem tək təhsil məsələsi deyil: "Təsəvvür edin ki, biriləri tolerantlıqdan sui-istifadə edərək Azərbaycanda özlərinə rahat bir məkan qurublar. Əgər bu məkanlar ideoloji baxımdan bizim dövlətçiliyimiz prinsiplərinə zərərlidirsə, təbii ki, təbliğatla bərabər dövlət öz gücünü ortaya qoymalıdır. Biz kiməsə ölüm arzulamırıq. Amma insanlarımızı torpaqlarımızın azadlığı uğrunda deyil, Suriya, İraq və cihada səsləyən, başını örtməyənlərin qətlə yetirməsini vacib buyuranların məncə mənim məmləkətimdə yeri olmamalıdır.

Əgər ölkəni cəhənnəmə çevirməyi düşünürlərsə, dövlət sərt addımlar atmalıdır. Hətta bu addımların atılması bir qədər də gecikib. Bir daha qeyd edirəm. Əgər birilərinin beyinləri artıq yuyulubsa, orada Azərbaycanın birlik kimliyinə, milli məfkurə və şuuruna xələl gətirirsə, hətta Azərbaycan şəhidinə murdar deyirlərsə, bu cür adamlar küçədə sizin, bizim potensial düşmənimizdir. Birmənalı olaraq hesab edirəm ki, dövlətin dini radikalizmə qarşı apardığı mübarizə məni qane edir. Dövlətimə, millətimə, bayrağıma həqarət edən, silahını güc göstərənlərə ölkəmizdə yer olmamalıdır. Əgər insan silahlı müqavimət göstərirsə və "dağıdacam, bomba qoyacağam, Azərbaycan dinsizdir, ölümə məhkumdur, Suriyada, İraqda savaşmaq imandandır” deyirsə, anlaya bilmirəm ki, onunla hansı dildə danışmaq lazımdır?”

"Öz dini kadrlarımızı yetişdirməliyik”

Seyid Cəmal Əzimbəyli hesab edir ki, Azərbaycanda ilk növbədə dini təhsil bazası möhkəmlənməlidir: "Xaricdə təhsil almış, ancaq Azərbaycan dövlətinin maraqlarına xidmət edən kifayət qədər ilahiyyatçı var. Çalışmalıyıq ki, dövlət özünün potensial dini kadrlarını yetişdirsin. Əgər belə olarsa, bu həm din-dövlət münasibətlərinin genişlənməsinə xidmət edəcək, həm də imamların, axundların, maariflənmiş dini liderlərin yetişməsinə səbəb olacaq. Danışanda ağzında aş iyi gələcəksə, qəbirstanlıqvə yas mollasından o yana gedə bilməyəcəksə, onda xaricdə təhsil alan kadrlara ehtiyac hiss edəcəyik”.

Azərbaycanda Beynəlxalq İslam Universitetinin yaradılması məsələsinə gəlincə, şərqşünas deyib: "Azərbaycanda ilahiyyat fakültəsi var ki, o daha çox başqa ölkənin təsir dairəsindədir. Məncə İslam universitetini gücləndirmək lazımdır. Bunun daha çox kadr bazasını möhkəmləndirib, sistemli baza genişləndirmək olar. Fərqi yoxdur, adı Beynəlxalq İslam Universiteti, Şuşa İslam Universiteti olsun, yetər ki, milli maraqlar düşünülsün”.

Alçina Amilqızı






Həftənin ən çox oxunanları