Yuxarı

Rusiyadan Azərbaycana kütləvi axın gözlənilir

Rusiyadan Azərbaycana kütləvi axın gözlənilir

Rusiya potsovet ölkələrinə təzyiq rıçaqını yenidən işə salıb. Budəfəki təzyiq isə miqrantlara olacaq. Belə ki, qonşu ölkənin Daxili İşlər Nazirliyi İnzibati Xətalar Məcəlləsinə əcnəbi vətəndaşların qanunsuz işə götürülməsinə görə cəza ilə bağlı düzəlişlər haqqında qanun layihəsi hazırlayıb. Qanun layihəsində əcnəbi vətəndaşlar vətəndaşlığı olmayan şəxslərin, eləcə də işəgötürənlərin əmək və ya mülki-hüquqi müqavilə olmadan əmək fəaliyyətinə görə məsuliyyətinin artırılması təklif olunur.

Yeni qanun layihəsi təsdiq edilərsə, müvafiq müqavilə olmadan əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər 2 mindən 5 min rubladək cərimə oluna və Rusiya ərazisindən çıxarıla bilər. İşəgötürənləri isə 25 mindən 50 min rubladək cərimə, hüquqi şəxsləri 200 mindən 800 min rubladək cərimə, yaxud müəssisənin fəaliyyətinin 14-90 gün saxlanılması cəzası gözləyir. Bundan əlavə, miqrasiya kartında Rusiyaya işləmək məqsədilə gəldiyi qeyd olunmayan əcnəbiləri də məsuliyyətə cəlb etmək planlaşdırılır. Bu halda, Rusiya qanunvericiliyinə və beynəlxalq müqavilələrə uyğun olaraq Rusiya ərazisində əmək fəaliyyəti göstərən əcnəbilər istisna olunur. Belə çıxır ki, bu qanun əcnəbilərin, o cümlədən azərbaycanlıların sıxışdırılması ilə nəticələnəcək. 

Politoloq Natiq Miri "Cümhuriyət” qəzetinə bildirib ki, Rusiyanın qəbul etdiyi bu qanunvericilik aktı təkcə azərbaycanlılarla bağlı məsələ deyil: "Bütövlükdə Rusiyanın miqrasiya siyasətinin tərkib hissəsidir. Getdikcə, hər şeyin akt şəklində həll olunması əslində Rusiya dövlətinin bu yöndə problemlərini aradan qaldırmağa xidmət edir. Onu da nəzərə almaq lazımdır ki, Rusiyanın miqrasiya siyasəti o qədər bərbad haldadır ki, artıq bu ölkə dünyadan gələn kriminal elementlərin toplandığı dövlətə çevrilib. Hökumətin nəzarətindən kənarda miqrantların çalışması dövlət büdcəsinə qazanc gətirmir. Mənə elə gəlir ki, Rusiya bu yöndə problemləri həll etmək üçün qanunvericilik aktları qəbul etməklə bu problemi həll etmək istəyir. O ki qaldı məsələnin siyasi tərəfinə, digər postsovet məkanından Rusiyaya gələn insanlara və bu insanların təmsil olunduğu dövlətlərə həm də təzyiq imkanlarını yaradacaq. Rusiya kimə təzyiq etmək istəyirsə, miqrantları kütləvi surətdə deportasiya etməklə o dövləti çətin vəziyyətə sala biləcək”. 

Politoloq əlavə edib ki, bu siyasi təzyiqlər azərbaycanlılar üçün də keçərlidir: "Nəzərə alsaq ki, qarşıdan 2018-ci il prezident seçkiləri gəlir və artıq Rusiya bu yöndə müəyyən mənada aktivləşib”. 

Alçina Amilqızı