Yuxarı

Bahalaşma: Qiymətlərə dövlət nəzarəti qayıdır?

Bahalaşma: Qiymətlərə dövlət nəzarəti qayıdır?

Azərbaycanda bayramlar gəlməmiş qiymətlərin bahalaşması  ənənə halını alıb. Hər il bayram öncəsi bütün ərzaq məhsullarının qiymətində artımlar müşahidə olunur. Bu il də Qurban bayramı öncəsi bahalaşma dalğası hiss edildi. Belə ki, yağların qiymətində artımlar müşahidə olundu. O cümlədən, bütün istehlak və qeyri-istehlak məhsullarının qiymətində artım nəzərə çarpdı. Ekspertlərin qənaətincə, qiymət artımının obyektiv səbəbləri çoxdur.Burda əsasən idxaldan asılılığımız və mövsümi səbəblər var.

Adətən, qışın sonu - yazın əvvəlində yerli məhsulların qıtlığı müşahidə olunur.Mövsümlə əlaqədar yerli məhsullar bitmiş olur.Azərbaycanda kənd təsərrüfatı məhsullarının saxlanması üçün lazımi infrastruktur yoxdur.Ona görə də bu dövrdə idxaldan daha çox asılılıq yaranır.Amma hazırkı bahalaşmanın səbəbi mövsümi amillərdən asılı deyil.Bu, sırf sahibkarların yaratdığı süni bahalaşmadır.

Hansı yollarla bayram öncəsi bahalaşma ənənəsinə son qoymaq olar?

İqtisadçı-ekspert Vüsalə Əhmədova "Cümhuriyət” qəzetinə bildirib ki, Dövlət Statistika Komitəsi 2017-ci ilin iyul ayı üzrə inflyasiya göstəricisinin 0,1 faiz təşkil etdiyini qeyd edib. Komitə 2017-ci il üzrə orta illik inflyasiyanın isə 7,3 faiz olacağını proqnozlaşdırır:

"Belə olduğu halda, il ərzində qeyri-ərzaq məhsullarının qiymətləri 12,6 faiz, əhaliyə xidmət tarifləri 9,6 faiz, ərzaq məhsullarının qiyməti isə 18,2 faiz artıb. Ərzaq məhsulları arasında xüsusilə, mal əti, qoyun əti, pendir, kərə yağı, zeytun yağı, soğan və sarımsağın qiymətində artım müşahidə edilir. Qeyri-ərzaq məhsullarından isə parça, ayaqqabı, tikinti materialları, benzin, mebel, ev əşyaları, xalça, elektrik avadanlıqları və minik avtomobillərinin ehtiyat hissələrinin qiymətlərində artım qeydə alınır. O cümlədən, təmir, kirayə, dəmiryolu və taksi nəqliyyatı tariflərində, xarici ölkələrə turistik səfərlərin qiymətlərində də artım müşahidə edilir. Ötən aydan etibarən ət və ət məhsullarının qiymətlərindəki artım xüsusilə, diqqəti cəlb edir. Bir ay əvvəl 10,5 manat qiymətinə satılan mal əti hazırda 12 manat, qoyun əti isə 12,5 manatdır. Fermerler bunu yemlərin bahalaşması və iribuynuzlu heyvan çatışmazlığı ilə izah edirlər”.

Ekspert onu da deyib ki, ölkədə qiymət artımı xüsusilə, bayram günlərində daha çox nəzərə çarpır:

"Əslində bayram günlərində qida məhsullarına tələbat artır. Tələbin artmasının qiymətlərin yüksəlməsinə səbəb olması isə təbii haldır.Ancaq bayram günlərindən sonra tələbin əvvəlki səviyyəsinə qayıtması, qiymətlərin enməsinə gətirib çıxarmır və bu, sanki bir ənənə halını alıb.Qiymətlərin artmasına təsir edən amillərə baxsaq, bunlar başlıca olaraq istehsalın azalması, tədavüldəki pul kütləsinin çoxalması, vergi və rüsumların artması, əmək haqqı tariflərinin yüksəlməsi, əmtəə keyfiyyətinin yüksəlməsi, istehsalçı müəssisənin inhisarçı vəziyyəti və sairdir.Nəzərə alsaq ki, bazar iqtisadiyyatı məhsulun istehsalına çəkilən xərclərin nə qədər olmasına baxmayaraq qiymətin başlıca olaraq tələb və təklif əsasında formalaşdığını qəbul edir, o zaman əsas üzərində dayanacağımız sonuncu amildir.

Ölkədə nə qədər ki, inhisarlara qarşı qətiyyətli tədbirlər görülməyəcək, süni qiymət artımı prosesinin önünə keçmək mümkün olmayacaq.İnkişaf etmiş ölkələrin tarixinə nəzər salsaq, görərik ki, 1890-cı ildə ABŞ-da qəbul edilmiş Şerman qanununa görə peşə azadlığını məhdudlaşdıran və hər hansı bir təsərrüfat sahəsini inhisarlaşdırmaq məqsədi güdən istənilən müqavilə və birliklər qeyri-qanuni hesab olunurdu və yüksək məbləğdə cərimələnirdi.Eynilə, 1914-cü ildə qəbul edilmiş Kleyton qanununa əsasən ABŞ-da Federal Ticarət Komissiyası yaradılmışdı ki, komissiya qiymət diskriminasiyasını qadağan edirdi və kiçik şirkətlərin böyük şirkətlər tərəfindən udulmasına imkan vermirdi.Düşünürəm ki, inkişaf etmiş ölkələrin təcrübəsindən yararlanmaq ölkəmizə yalnız fayda gətirə bilər”.

Təkliflər...

Vüsalə Əhmədovanın qənaətincə, ölkədə istehlak zənbilinin təmin olunması üçün istehlak səbətinə daxil olan bir çox adda məhsul üzərində dövlət nəzarəti saxlanıla bilər: "Kənd təsərrüfatı məhsullarının 50 faizə qədərinə nəzarət olmalıdır. Məlumdur ki, ölkədə kənd təsərrüfatı məhsullarının satışından kəndli fermerlər deyil, daha çox ticarətçilər qazanırlar.Həmin məhsulların qiymətlərinin ticarətçilər tərəfindən süni şəkildə yüksəldilməsinə yol verilməməlidir. O cümlədən, dövlət selektiv qiymət sistemindən istifadə edə bilər. İstehsalçılar və satıcılar arasında fərdi qiymət razılaşmalarına da icazə verilməməlidir.

Ölkədə qiymətləri tənzimləyən bir sıra normativ aktlar qəbul edilməlidir ki, onların pozulması hallarında dövlət ciddi sanksiyalar tətbiq etsin.Hətta cərimələrdən əlavə məsuliyyətə cəlb edilmə hallarının da olması təqdirəlayiqdir.Bundan əlavə, istənilən hər hansı məhsulun qiyməti üzərinə nəzərdə tutulmuş müddətə embarqo qoyula bilər ki, həmin müddət ərzində məhsulun qiyməti icazəsiz dəyişdirilə bilməsin.Ölkədaxili məhsullarla idxal məhsullarının qiymətləri arasında fərqlənmə yoxlanılmalıdır və fərqin normal olmasına çalışılmalıdır.Qiymət üzərində dövlət nəzarətindən əlavə ictimai nəzarətin də olması vacibdir.Bunun üçün istehlakçıların mənafeyini qorumaq məqsədilə Müdafiə Fondunun yaradılması məqsədəuyğundur”.

Yeganə Oqtayqızı