Yuxarı

Nəzir kimlərin cibinə axır?

Nəzir kimlərin cibinə axır?

Paytaxtın müxtəlif yerlərində, o cümlədən də məscidlərdə nəzir qutuları var. Bu nəzir qutularının nə məqsədlə işlədilməsi heç kəsə bəlli deyil.

Maraqlıdır, burdan yığılan pullar hara axır? 

Dinşünas alim Hacı Vaqif Cəliloğlu Cebhe.info-ya açıqlamasında deyib ki,  digər ölkələrdən fərqli olaraq Azərbaycanda bu proses şəffaf həyata keçirilmir: "Ya nəzir qutuları yığışdırılmalı, ya da onların üzərində ciddi nəzarət olmalıdır. Əslində nəzir qutularının yığışdırılması arzuolunmaz təklifdir. Çünki hansısa Azərbaycan vətəndaşı kiməsə əl tutmaq üçün nəzir vermək istəyir. Sadəcə olaraq bu qutulara nəzarəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə vermək lazımdır. Azərbaycan müstəqillik qazandıqdan sonra nəzir qutuları ilə bağlı bu problem dəfələrlə gündəmə gətirilsə də, həllini tapmayıb”. 

V.Cəliloğlunun  sözlərinə görə, problemin həlli istiqamətində atılan addımlardan biri də Nəzir Qutularına Nəzarət Komissiyasının yaradılmalıdır: "Bir zamanlar belə bir təklif verildi ki, nəzarət komissiyasında jurnalistlər də təmsil olunsun. Daha sonra nəzir qutularının açılaraq aktlaşdırılması nəzərdə tutulurdu. Təəssüflə deyirəm ki, bu qutulardan yığılan pulların 90 faizi qaranlıq yerlərə xərclənir. Bu pullar səcdədən alnı yaralanmış, alnı möhürlü, əli "Quran”lı mollaların cibinə axır”. 

V.Cəlilovun sözlərinə görə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində vəqf komissiyası yaradılsa, daha yaxşı olar: "Hansı ki, belə bir komitə İranda da var. Vəqf - bağışlama deməkdir. Kimin nəyi varsa,  həmin komissiyaya verir. İlin sonunda da həmin vəsaitlər aktlaşdırılaraq hansı istiqamətdə xərclənəcəyi haqda cəmiyyətə informasiya verilir. İran islam dövləti olduğu üçün burada dini baxımdan qayda-qanunlar daha çox qorunur. İranda hansısa mollanın cürəti çatmaz ki, yığılan nəzirdən bir qəpik götürsün. Azərbaycanda digər sahələrdə rüşvət, korrupsiya olduğu kimi, dini sahədə də özbaşınalıqdır”.

Nəzir qutuları yollarda da olduğunu deyən dinşünas alim bildirir ki, bu qutuların böyük əksəriyyəti məscidlərdədir: "Bibiheybət məscidi Bakının ən böyük qapılarından biridir. Ölkədən çıxan, geri qayıdanlar mentalitetə uyğun olaraq nəzir qutularına pul atır. Lakin bu pullar səcdədən alnı yaralanmış mollalar tərəfindən mənimsənilir”. 

Millət vəkili Fazil Mustafa da bu mövzudan yan keçməyib. F.Mustafa bildirir ki, bu məsələnin İslam dini ilə əlaqəsi yoxdur: "Yeri gəldi-gəlmədi, bir qutu düzəldib məscidlərin, pirlərin qarşısına düzmək ancaq Azərbaycanda ola bilər. Bu addım aldanmaqdan zövq alan bir çox insanlarımız üçün düşünülə bilər. Məscidlərin içində yardım qutularının olması anlaşılandır, çünki hər hansı bir ibadət yerinin məsrəflərini orada ibadət edən dini icma üzvlərinin yardımlaşma şəklində ödəməsi normal bir davranış sayılmalıdır. Əslində heç məscidlər peşəkar şəkildə nəzir də yığa bilmirlər”. 

Nigar Məhərrəm