Yuxarı

Nazirlik "dözün” deyir

Nazirlik

Paytaxt Bakının yollarında aparılan təmir işləri ictimai nəqliyyatın hərəkətinə mane olur.Hər gün qarşılaşdığımız müxtəlif avtobuslar arasında intervalın, gecikmələrin əsas səbəbi yollarda gedən yol infrastrukturunda aparılan təmirlə bağlıdır.

Bunu Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev "Cümhuriyət” qəzetinə açıqlamasında deyib.Onun sözlərinə görə, məhz yollardakı davamlı təmirlərə görə dəqiqələrlə tıxaclar yaşanır və avtobuslar bu sarıdan mənzil başına gecikir.

Bakının yol infrastrukturunda da təmir bitmir ki, bitmir.Yol təmir-bərpa işləri kortəbii şəkildə aparıldığından hər dəfə yeni nöqsanlar ortaya çıxır.Eyni yol ildə bir neçə dəfə təmir edilir. Yaxud başlanan təmir işlərinin aparılması bir neçə il sürür. 

Ekspertlərin fikrincə, bu günə qədər Azərbaycanda belə layihələrdə yol verilmiş qanun pozuntularına görə, işin keyfiyyətinə və ya hər hansı bir korrupsiya faktlarına görə həbs, cəza olmayıb.Azərbaycanda son illər minlərlə belə layihə həyata keçirilib.Amma bir nəfər də belə cəzalandırılmayıb ki, cəza qorxusu olsun.Cəzasızlıq mühiti sonradan belə layihələrlə bağlı məsələləri yenidən gündəmə gətirir ki, bir dəfə təmir olunan yol bir neçə dəfə təmir olunur.

Məsələ ilə bağlı  "Azəravtoyol” ASC-nin mətbuat katibi Anar Nəcəfli "Cümhuriyət” qəzetinə bildirib ki, hər hansı bir ərazidə təmir işləri gedirsə, orada təbii ki,  avtonəqliyyat vasitələrinin hərəkətində problemlər ola bilər:

"Qısamüddətli təmir işləri yekunlaşandan sonra problem yoluna düşəcək. Məhz təmirin əsas məqsədi odur ki, avtonəqliyyat vasitələrinin rahat, maneəsiz şəkildə vətəndaşların gediş-gəlişini təmin etməkdir.Təmir işləri aparılan ərazilərdə təbii ki, vətəndaşların rahat gediş-gəlişinin təmin olunmasında yaranan problem qaçılmazdır.Bu olan şeydir, yəni burada qeyri-adi bir məsələ yoxdu”.

Anar Nəcəfli əlavə edib ki, bir ərazidə davamlı olaraq təmir işləri aparılmır:

"Yəni bir ərazidə işlər yekunlaşır və keçir başqa əraziyə...Bir təmir işi 1, 2 və 3 il davam etmir ki, bu məsələ davamlı kimi təqdim olunsun. Təmir işləri ən azı 1, 2 ay ərzində aparılır.Ona görə də bu məsələdə hər hansı qeyri-adi fikirlər səsləndirmək doğru deyil”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları