Yuxarı

Elşad Mirinin sözləri qalmaqal yaratdı

Elşad Mirinin sözləri qalmaqal yaratdı

İlahiyyatçı Elşad Miri Məhəmməd peyğəmbərin meracını uydurma adlandırıb. "Merac uydurmaymış. Heç merac sözünün "Quran”da adı belə çəkilmir”, ilahiyytaçı belə deyib. İlahiyyatçının səsləndirdiyi bu fikir ictimaiyyətdə və sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Elşad Mirinin fikri ilə razılaşanlar da, narazı olanlar da olub. 

Dini ekspert Tural İrfan "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, bu fikir son vaxtlar ortaya çıxıb: "Bəzi özünü "ilahiyyatçı” kimi qələmə vermək istəyən şəxslər tərəfindən guya ki, mövhumatı, xürafatı tənqid etmək məqsədi ilə bu cür fikirlər səsləndirirlər. Əslində o , köklü, təməlli şəkildə İslamın etiqadlarındadır. Bununla bağlı kifayət qədər hədislər var, merac hadisəsi İslam tarixində öz əksini tapıb. Elə bir İslam məzhəbi, İslam cərəyanı yoxdur ki, o merac məsələsini inkar etmiş olsun. Bəzi inkar olunan məsələlər var. Bəzi şübhəli, tarixi məsələlər var ki, onların dəqiqliyi məlum deyil. Amma merac  elə bir məsələdir ki, bunu inkar edən heç bir İslam məzhəbi yoxdur. Bu olmuş bir hadisədir və Peyğəmbərin hədislərində də öz əksini tapıb. Eyni zamanda "Quran”da, "İsra” surəsində öz əksini tapıb. Orda Allah tərəfindən peyğəmbərə deyilir ki, öz bəndəsini Məkkədən Qüdsə, oradan isə  öz dərgahına aparan Allah necə də müqəddəsdir. Merac Peyğəmbərin Allahla görüşüdür. Sadəcə burada mübahisəli məsələ Peyğəmbərin Allah dərgahına getməsinin ruhən, yoxsa cismən baş verməsidir. Bəziləri iddia edir ki, bu yuxuda, ruhən, mənəvi olaraq o yerlərə gedib, səyahət edib. 

Amma daha çox cismən getməsinin üstündə dururlar. Çünki "Quran” da öz bəndəsi deyə söz açılır. Yəni bəndə fiziki, cismi bədənə aid olan bir məsələdir. Bununla bağlı meracda bəzi hadisələr də yer alır. Məsələn, "Bəqərə” surəsinin son ikinci ayəsi merac Allah tərəfindən Peyğəmbərə mələk vasitəsi olmadan nazil olunur. Yəni, peyğəmbər "Bəqərə” surəsinin son 2 ayəsini araya heç mələk daxil olmadan birbaşa Allahdan alıb. Bunun özü böyük bir sübutdur. Peyğəmbərə meracda 3 şey verilib. Bunlar 5 vaxt namaz, "Bəqərə” surəsinin sonuncu ayələri və ümmətindən Allaha şirk qoşmayanların böyük günahlarının bağışlanmağıdır. Bunlar onu inkar edirlərsə, ortaya sual çıxır. Bəs baş verən hadisələr harada vaqe olub, hansı tarixdə  Peyğəmbərə buyurulub?”.

Tural İrfan Elşad Mirinin meracla bağlı dediklərini cəfəngiyat adlandırıb: "Bu haqda kifayət qədər araşdırma aparmışam. Elşad Miri əsasən başqaların fikrini bəzəyib, don geydirərək müəyyən çıxışlar edir və bunları ortaya atır. Hər-halda bu populyar olmağa hesablanıb. Onun fikirləri  həm ateistlərin, həm də dindarların rəğbətini  qazanmağa hesablanıb. Bir sözlə, onun mövqeyi  kökündən yanlışdır. Yəni bütün İslam məzhəbləri meracı qəbul edir və ona etiqadı var”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları