Yuxarı

Jurnalistlərə meydan oxuyan "balaca padşahlar”

Jurnalistlərə meydan oxuyan

Son vaxtlar öz peşə fəalliyyətini həyata keçirən media nümayəndələrinin xırda məmurlar tərəfindən təhqir olunması adi hal alıb.KİV nümayəndələri belə şəxslərdən hətta şərəf və ləyaqətlərini alçaldacaq ifadələr də eşidirlər.Media nümayəndələri vaxtaşırı üzləşdikləri bu həqarətlərə qarşı etiraz etsələr də, məsələ həllini tapmır.Təhqirə yol verənlər barədə konkret olaraq ölçü götürülmür. Məsələ ictimailəşəndə isə sanki haqlı olaraq məsələyə müxtəlif don geyindirməyə çalışırlar. Yenə də əsl günahkar kənarda qalmış olur.

Bəllidir ki, hər bir jurnalistin informasiya əldə etmək hüququ var. Məhz bu hüququndan yararlanan media nümayəndələri peşə fəaliyyətlərini icra etmək üçün informasiya alır, araşdırma aparır, reportaj hazırlayırlar.Təəssüflər olsun ki, peşə fəaliyyəti zamanı jurnalistlər nəinki təhqirlərə, hətta müxtəlif fiziki zorakılılıqlara da məruz qalırlar. İlk növbədə qeyd edim ki, Kütləvi İnformasiya Vasitələri haqqında qanunun 8-ci maddəsinə görə, KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasında da göstərilir ki, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır.Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur.Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.

Bu günlərdə daha bir məktəb direktoru jurnalisti təhqir edib.Sumqayıt şəhərində yerləşən 1 nömrəli tam orta məktəbin direktoru Ruhiyyə Tağıyeva məsələ haqda onunla əlaqə saxlayan jurnalistə kobud şəkildə cavab verib. Hətta media nümayəndəsini aşağılayaraq deyib: "Qələt edib mənə zəng etmisiniz. "Vsyo”!"Məlumat üçün bildirək ki, Ruhiyyə Tağıyeva ötən ilin aprel- noyabr ayları ərzində Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb. O, məhz maarif müdirliyi postu ilə vidalaşdıqdan sonra 1 saylı məktəbə direktor vəzifəsinə təyin olunub. Bir müddət əvvəl Sabunçu rayon 187 saylı tam orta məktəbin direktoru Nailə Məmmədova da jurnalisti təhqir edərək, ona həqarət dolu ifadələr səsləndirmişdi: "Get, işinlə məşğul ol! Deyəsən, sənin başın bədəninə ağırlıq edir. Get, öyrən, gör sən kimə zəng eləmisən. Nailə xanım kimi təhqir edib, kimdən pul alıb?! Sübutun varsa, yaz! "Dux”un varsa, dediklərinin arxasında dayan! Səni məhkəməyə verib başına oyun açaram.Çox ayıb olsun. Sənin "Axar.az"ına da ayıb olsun, axmayan ağzına da ayıb olsun... Tərbiyəsiz!”.

Bu cür hallarla bağlı çox nümunələr gətirə bilərik.Söhbət bir şəxsiyyətin alçaldılmasından gedir.

"Məsələ ilə bağlı hüquqi prosedur başlanmalıdır”

Hüquqşünas Əsabəli Mustafayev "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, heç kimi təhqir etmək olmaz:

"Əgər bu şəxs, xüsusilə də öz peşə fəaliyyətini həyata keçirirsə, onun qarşısını almaq olmaz. Hesab edirəm ki, bu mənəvi məsələdir.Məktəb direktorunun belə ifadələr işlətməsi onun digər şəxslərə təlim-tərbiyə vermək funksiyasını şübhə altına alınır. Xüsusilə də əgər o vəzifəli şəxsdirsə... Bundan əlavə hüquqi məsələ də yaratmış olur.Lazım olan məlumatın verilməməsinə görə məsuliyyət nəzərdə tutulur.Mən o məsələni oxudum və gözləntim var idi ki, ilk növbədə onun rəhbərliyi buna qiymət verəcək, öz sözünü deyəcək.Çox təəssüflər olsun ki, belə bir hal baş vermədi.Jurnalistin də bu halda məhkəməyə və ya müvafiq hüquq-mühafizə orqanına müraciət etmək hüququ var. Çünki mətbuatda yayılan həmin məsələ sonradan direktor tərəfindən təkzib olunmayıb.Bu da o deməkdir ki, jurnalistin dedikləri həqiqətdir.Artıq hüquqi prosedur başlanmalıdır.Göründüyü kimi o direktorun hərəkətinə onun rəhbərləri qiymət vermək fikrində deyillər”.

"Cəzasızlıq pis nümunələr yaradır”

Hüquqşünas əlavə edib ki, belə bir nümunə varsa və ona müvafiq orqanlar tərəfindən adekvat tədbir görülmürsə, təhqir edən məsuliyyətə cəlb olunmursa, ona qarşı heç bir tədbir görülmürsə, bu pis ənənə yayılmaqda davam edir:

"Cəzasızlıq həmişə yeni nümunələr yaradır. Ona görə də düşünürəm ki, həm jurnalist, həm də ictimaiyyət bu məsələnin üzərində durmalı və sonadək də getməlidir”.

Alçina Amilqız





Həftənin ən çox oxunanları