Yuxarı

Bakının qurtuluş günü

Bakının qurtuluş günü

Mübariz Göyüşlü: "15 sentyabr Azərbaycan və eyni zamanda da türk xalqının həyatında böyük hərflərlə yazılmış tarixdir”

15 Sentyabr  - Qafqaz İslam Ordusu tərəfindən Bakının işgaldan azad olunmasının 99-cu il dönümüdür. Bugünkü Azərbaycanın daxili və xarici siyasəti, iqtisadiyyatı, mədəniyyəti və ölkəmizin həyatı ilə bağlı digər məsələlər Bakı ilə, Xəzər ilə, təbii ehtiyatlar ilə nə qədər bağlıdırsa, deməli, Bakının düşmən işğalından azad edilməsi, nəinki paytaxtımız olması, eləcə bir Azərbaycan şəhəri kimi qalması ilə də o qədər bağlıdır. 1918-ci il sentyabrın 15-də Azərbaycan və türk əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar.

Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin şərəfli səhifələrindən biridir. 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Bunsuz isə Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək çətin idi. Müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc dövlətimizin ərazi bütövlüyünü təmin etmək imkanları yetərincə deyildi. Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi. Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq qardaş köməyini əsirgəməyən, ölkəmizi tək qoymayan Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi.

Sentyabrın 15-də Qafqaz Türk İslam Ordusu və Azərbaycan Korpusu Bakını işğalçılardan azad etdi. Bu tarixi hadisədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürüldü. Osmanlı qoşunları bu döyüşlərdə 1130 şəhid verdi. 1918-ci il sentyabrın 15-i Bakının işğalçılardan azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də bu hadisəni qeyd edir, şəhid əsgərlərin xatirəsini anır. Azərbaycan və türk əsgərlərinin Bakını düşmən işğalından azad edərək tariximizə yazdıqları bu şərəfli gün həm də Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin bariz nümunəsidir.

"Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü Cebhe.info-nun müxbiri ilə söhbətində deyir ki, 15 sentyabr Azərbaycan xalqı üçün tarixi hadisədir: "Qafqaz İslam Ordusunun Bakını azad etməsi baxımından yanaşsaq, çox böyük tarixi və möhtəşəm bir hadisədir. Yəni o vaxt - 99 il öncə bu hadisə baş verməsəydi, türk əsgərinin Qafqaz Türk İslam Ordusunda döyüşən hərbçilərinin qətiyyəti, cəsarəti  olmasaydı, biz bu gün paytaxt şəhərimiz də olmazdı. Burada yaşamazdıq. Hələ Bakının Azərbaycanın paytaxt şəhəri olması sual altında olardı. Ümumiyyətlə, Azərbaycanın, Cümhuriyyətinnin varlığı sual altında, sənəd üzərində idi. Onu Qafqaz Türk İslam Ordusu reallaşdırdı. 1918-ci il 15 sentyabrda Bakını azad etdilər. Bu, Azərbaycan və eyni zamanda da türk xalqının həyatında böyük hərflərlə yazılmış tarixdir”.

Aytən






Həftənin ən çox oxunanları