Yuxarı

Banklardan sonra əhaliyə lombard "cəzası”

Banklardan sonra əhaliyə lombard

Lombardların vətəndaşları aldatması ilə bağlı məsələ yenidən gündəmə gəlib. Dəfələrlə vətəndaşlara pul müqabilində girov qoyduqları qızıl-zinət əşyalarını lombarddan geri alarkən zərgərdə yoxlatmaları tövsiyə olunsa da, buna diqqət edilmir. Lisensiyasız fəaliyyət göstərən lombardlar isə əhalini soymaqda davam edir. Əslində onların iş prinsipi belədir ki, girov qoyulan qızıllar ikiqat aşağı qiymətlə hesablanır və bununla da kifayət qədər qazanc əldə etmiş olurlar. Bundan əlavə müştəri vaxtında pulu qaytarmasa, onun qızılları satılır. 

Məlum olduğu kimi ard-arda iki devalvasiyadan sonra problemli kreditlərin həcmi artdı. Bunun səbəbi isə bankların kredit şərtlərini dəyişməsi idi. Nəzərə alsaq ki, banklardan girov müqabilində belə kredit götürmək çətindir. Bu səbəbdən də vətəndaşlar lombardlara üz tutmağa başladı. Hazırda da lombardlara üz tutanlar çoxdu. Lakin insanların lombarddan pul götürmələri sonradan bu heç də yaxşı nəticə vermir. Lombard işçiləri vətəndaşlara qarşı dələduzluq edir, əllərində olan xırda sərvətə belə göz dikirlər. 

Bu günlərdə belə dələduzluq faktını Bakının Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsinin əməkdaşları aşkarlayıblar. 1991-ci il təvəllüdlü şəhər sakini Qəhrəman Mustafayev Polis İdarəsinə ərizə ilə müraciət edib. Bildirib ki, 2016-cı ilin dekabrından 2017-ci ilin sentyabrına qədər o, Fətəli xan Xoyski küçəsindəki 138 nömrəli binada yerləşən lombardın işçisi, Lənkəran sakini, 1990-cı il təvəllüdlü Abbasov Elnur Çingiz oğlundan bahalı zərgərlik məmulatları alıb. Bu yaxınlarda aldadıldığını anlayan Q. Mustafayevə lombard işçiləri sən demə qızıl-zinət əşyaları ilə birlikdə adi bijuteriyaları da sırıyıb. Bir sözlə, lombard işçiləri ona məxsus 20 min manatı mənimsəyib. Dələduzluq faktı aldadılan şəxsin bijuteriyaları zərgərə əsl qızıl-zinət əşyaları kimi satarkən üzə çıxıb.

Maraqlıdır, lombardların belə qanunsuzluqlarına, dələduzluq fəaliyyətinə nəzarət edən varmı? Ümumiyyətlə, lombardların lisenziyası varmı?

İqtisadçı-ekspert Rəşad Həsənov "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, lombardların fəaliyyətinə nəzarət birbaşa olaraq Mərkəzi Bank tərəfindən həyata keçirilir:

"O zaman maliyyə monitorinq xidməti bu işlərlə məşğul olurdu. Amma daha sonra lombardların fəaliyyəti ilə bağlı qaydalar dəyişdi. Onlar artıq fiziki və hüquqi şəxs olaraq digər sahibkarlıq subyektləri kimi dövlət qeydiyyatından keçib fəaliyyət göstərə bilirlər. Bu özü bazarda çox ciddi nəzarətsizlik mexanizminin formalaşdırılmasına gətirib çıxarıb. Xüsusilə də nəzərə alsaq ki, 2014-cü ildən sonra lombard xidmətlərinə tələbat kəskin yüksəlib, belə bir halda nəzarətsizliyin özü əksər hallarda vətəndaşların hüquqlarının pozulması, onların aldadılmasına və eyni zamanda digər qanunsuzluqlara gətirib çıxarır. Bu baxımdan da Azərbaycanda bu istiqamətdə ciddi addımlar atmağa ehtiyac var. Hazırda lombardlardan istifadəçilərin sayı durmadan artır. O baxımdan ki, bank kreditləşməsinə o qədər də maraq yoxdur. Qısa müddətdə digər sənədləşmələr tələb olunmadan ən asan yolla vəsaitin əldə olunması yeri lombardlardır. Nəzər alsaq ki, real sektorda, o cümlədən, vətəndaşlar arasında da hazırda maliyyə vəsaiti heç də ürəkaçan deyil və tez-tez lombardların xidmətlərinə ehtiyac yaranır, belə bir şəraitdə lombardların fəaliyyətinə nəzarət mexanizminin təkmilləşdirilməsi, eləcə də bu istiqamətdə qanunvericilik bazasının formalaşdırılmasına ehtiyac var. Daha yaxşı olar ki, qurumlar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən də nəzarətə götürülsün. Bildiyim qədər Maliyyə Bazarlarına Nəzarət Palatasında o məqsədlə müəyyən təhlillərin aparılması həyata keçirilir. Amma bu işdə qanunvericilikdə dəyişikliklər və hansısa ciddi qərarlar qəbul edilməyib. O səbəbdən də özbaşınalıq, vətəndaşların hüquqlarının pozulması, aldadılması kimi hallar baş verməkdədir”.

Ekspert əlavə edib ki, lombardların fəaliyyətinə nəzarət mexanizmi maliyyə bazarlarının iştirakçısı olan digər subyektklərə və nəzarət mexanizmlərinə bənzər formada olmalıdır:

"Bu Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən həyata keçirilməlidir. Konkret tələblər müəyyənləşdirilməli və lombard fəaliyyəti ilə məşğul olmaq istəyən vətəndaş bəzi fəaliyyət növlərində olduğu kimi hökumətə girov təqdim etməlidir. Nizamnamə kapitalı, girov həcmi o şəkildə müəyyənləşdirilməlidir ki, gələcək dövrlərdə lombardın fəaliyyətində vətəndaşların hüquqlarının pozulmasına hər hansı bir zərər dəydikdə bu zərərlər lombard sahibi tərəfindən Mərkəzi Bankda müxbir hesabında saxlanılan girov kapitalı ilə ödənilə bilsin. Bu gün lombardlar pərakəndə fəaliyyət göstərir. Daha çox binaların zirzəmilərində və digər diqqət çəkməyən yerlərdə çoxlu lombardlar var. Hətta onların bir həftə ardıcılı işləyib-işləməməsi də diqqəti çəkmir. Bir gün baxırsan ki, lombard sahibi ona həvalə olunmuş, götürülmüş pul müqabilində girov qızıllarla aradan çıxır. Hətta ölkənin sərhədlərindən belə kənarlaşa bilir. Bu isə ciddi qanunsuzluğun, boşluğun nəticəsidir. Bu baxımdan lombard fəaliyyəti ilə məşğul olanların dövlət qeydiyyatında və nəzarətində saxlanması mühüm məqamlardan biri hesab olunmalıdır”.

Rəşad Həsənov onu əlavə edib ki, sözügedən məsələdə digər narahatedici məqam vətəndaşın təqdim etdiyi girovun qiymətləndirilməsi məsələsi ilə bağlıdır:

"Əksər hallarda lombard sahibləri vətəndaşları bu istiqamətdə aldada bilir. Yaxud da vətəndaşın ehtiyacından sui-istifadə edir və girovu əhəmiyyətli şəkildə aşağı dəyərləndirirlər. Təqdim etdiyi pul vəsaiti də girovun çox az bir hissəsini əhatə edir. Təxminən bu gün 30-50 faiz arasında lombardlar vətəndaşlara pul təklif edirlər. Bu isə doğru deyil. O baxımdan bəzən onu da müşahidə edirik ki, vətəndaşlar daha sonrakı dövrlərdə öz öhdəliklərini yerinə yetirə bilmir, aylıqlarını verə bilmir və nəticədə lombard sahibləri bu oyunda ciddi qazanclar əldə edirlər. Bu proporsiya ilə bağlı da tənzimləyici qaydaların tətbiq edilməsinə ehtiyac var. Məsələn, tətbiq oluna bilər ki, lombard sahibi ona təqdim edilən girovu 65 faizindən az olmayaraq pul verməlidir. O halda 65 faizdən az pul verilə bilər ki, ola bilsin ki, vətəndaş lombarddan daha aşağı vəsait istəsin. Belə olduğu təqdirdə vətəndaş öz yazılı ərizəsini lombarda təqdim etməlidir. Bu ərizə öz işinin içinə tikilməlidir ki, vətəndaşın həqiqətən də təqdim etdiyi 10 min manatlıq girov müqabilində istədiyi pul cəmi 3 min manatdır. Yəni öz xoşu ilə bunu istəyib. Vətəndaşın razılığı olmadan 65 faiz, yəni 6500 manatdan aşağı pulun verilməsi ləğv edilə bilər, qanunsuz hesab edilə bilər. Bu yolla isə müəyyən qədər vətəndaşların aldadılması və onların əllərində olan son ümid yerini kimlərinsə almasının qarşısını almaq mümkündür”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları